Yaddas kitabcasi

Məzunlarla görüş

Məzunlarla görüş2010-2011-ci tədris ilində “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş Sumağallı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi əldə etdiyi uğurun sevincini yaşamaqda davam edir. 2011-2012-ci tədris ilində məktəb kollektivi təlim və tərbiyə sahəsində fəaliyyətini yeni həvəslə davam etdirir. Belə ki, keçən aylar ərzində məktəb şagirdlərinin təlim və tərbiyəsi ilə bağlı çox maraqlı,ardıcıl tədbirlərin həyata keçirildiyi qaynar bir fəaliyyət məkanına çevrilmişdir.
Belə tədbirlərdən biri də məktəb şagirdlərinin məzunlarla görüşü oldu. Fevral ayının 11-də məktəbdə “Məzun günü” keçirildi. Yaxşı haldır ki, tədbirin təşəbbüskarları məhz yuxarı sinif şagirdləri – IX, X, XI sinif şagirdləri idilər. Görüşə məktəbimizi bitirərək ali və orta ixtisas məktəblərində təhsil alan 21 gənc dəvət olnmuşdu. Görüşün rəsmi hissəsində məktəbin direktoru M.Şirinov, müəllimlərdən S.Rəsulov, A.Mirzəyeva, M.Xəlilov, Ə.Davidov, V.Abdullayeva, L. Tahirova çıxış edərək məzunların şagirdlərlə əlaqəsinin, ünsiyyətinin son dərəcə əhəmiyyətli olduğunu diqqətə çatdırdılar, öz tələbəlik illərindən maraqlı xatirələr söylədilər.
Sonra məzunlarla şagirdlərin qarşılıqlı diskussiyası başlandı.Bakı Dövlət Universitetinin tələbələri Abdul Mirzəyev, Elçin Musayev, Zülfiyyə Aslanova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Səkinə Əhmədova, ATU-nun tələbələri Kamran Mirzəyev, Almaz Kərimova, Turanə Qəribova, AMİU-nun tələbəsi Azad Qəribov, Azərbaycan Tibb Universitetinin tələbəsi Rafiq Ramazanov, AMAA-nın tələbəsi Rəvan Qaflanov, ADNA-nın tələbəsi Nursultan Xəlilov, Mingəçevir Politexnik İnstitutunun tələbəsi Narıngül Tahirova və başqaları çıxış edərək müəllimlərə bir daha minnətdarlıqlarını, şagirdlərə öz arzularını bildirdilər.Daha sonra şagirdlərdən Süsən Allahverənli, Neman Musayev, Ülkər Mirzəyeva, Sevinc Tahirova, Saray Səfərəliyeva məzunlara maraqlı suallarla müraciət etdilər.
Görüşdə bir məsələ xüsusi vurğulandı ki, kənddə təhsilə, savadlanmağa maraq artıb, xüsusilə, qızların təhsilə meyli artmışdır. Bu da məktəbin valideynlər və məktəblilər arasında maarifləndirmə işinin düzgün aparmasının nəticəsidir.
Axırda məktəbin “Natəvan” qızlar klubunun üzvü olan IX, X və XI sinfin qızları müəllimləri, məzunları və məktəbli dostlarını çay süfrəsinə dəvət etdilər, özlərinin hazırladıqları şirniyyata qonaq etdilər. Tədbirdə kənd bələdiyyəsinin sədri A. Rəsulov son söz söylədi. Məzunlara və şagirdlərə təhsildə uğurlar arzuladı. Axırda xatirə şəkilləri çəkildi.
A.Mirzəyeva,
məktəbin müəllimi

Şərh Yaz