Erməni cəlladlarına nifrət

Erməni cəlladlarına nifrətİ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbində məktəb kitabxanasının təşkilatçılığı, VI Ç sinif şagirdlərindən bir qrupunun iştirakı ilə Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə günahsız Xocalı sakinlərinin başına gələn müsibətlərdən video görüntüləri izləmişlər.
1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda baş verən qanlı hadisələr haqqında şagirdlərə geniş məlumat verilmişdir.
Həmin gecə erməni silahlı dəstələri SSRİ-nin Xankəndində yerləşən 336-cı motoatıcı alayının zirehli texnikaları və hərbi heyətinin köməyi ilə Xocalını zəbt etdilər. Şəhər yerlə-yeksan edildi. Qırğın nəticəsində 613 nəfər həlak oldu. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocalar idi. 8 ailə tamamilə məhv olundu. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Yaralananların sayı 487-ə çatdı. Onların 76 nəfəri uşaq idi. 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü.
Şagirdlərdən Məleykə Babayeva, Sabir Rəhimov, Seymur Cavadov, Nicat Pənciyev, Təranə Quliyeva, Məhərrəm Məhərrəmli, Ülkər Cəfərova, Nərmin Dəmirova, Könül Abdullayeva və Xavər Məlikova maraqlı çıxışları, o qanlı gecənin kiçik yaşlı şahidlərinin dilindən yazılan həyat hekayələri ilə tədbirdə iştirak edən müəllim və şagirdlərdə Xocalı hadisələri barədə təəssürat yaratdılar. Tədbirdə iştirak edən şair Şahməmməd Dağlaroğlunun çıxışı maraqla dinlənildi.
Tədbirin keçirildiyi yerdə – məktəbin geniş dəhlizində balaca rəssamların Xocalı dəhşətlərini əks etdirən rəsmlərdən ibarət güşə hazırlanmışdı. Bu rəsmlərə baxdıqca, yetişən nəslin qaniçən erməni cəlladlarına olan nifrətini açıq görmək olurdu.
Sonda məktəbin rəhbərliyi adından direktor müavini Dilbər Yəhyayeva tədbirin keçirilməsində əməyi olanlara – kitabxanaçı Məhbubə Nəbiyevaya və Elmira Həsənovaya, həmçinin şagirdlərə təşəkkür etdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz