Şəhəri təmiz saxlamaq hər kəsin borcudur

Regionların inkişafı göz qabağındadı. Rayon mərkəzləri getdikcə abadlaşır,infrastruktur dəyişir. Bunu İsmayıllı şəhərinin timsalında da görmək olar.Hazırda şəhərdə 3 park, bir prospekt və 86 küçə vardır.
13 dekabr 2011 ci il tarixdə Azərbaycan Respublikasının Qanunu ilə Mican, Qəzli və İsmayıllı kəndləri ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reystrindən çıxarılmışdır. Bu kəndlərin İsmayıllı şəhərinə birləşdirilməsi 25 min əhalisi olan iri bir şəhər deməkdir. Rayonumuzun gözəl, füsunkar təbiəti vardır. Ona görə də rayonumuza gələn qonaq ilk növbədə şəhərimizin təmizliyinə diqqət yetirir. Gəlin, bir anlıq şəhərin küçələrini göz önünə gətirək. Nə görəcəyik? Antisanitariya, üfunət və sair bu kimi xoşagəlməz şeylər. Bu, bizə baş ucalığı gətirərmi? Əsla yox. Bəs nə etməli,bunların aradan qaldırılması üçün hansı tədbirlərə əl atmaq lazımdır. İlk öncə, əl-ələ verib təmizliyə başlamalıyıq.
Park və xiyabanlarda olan zibil qutularını nızərə almasaq, yerdə qalan 164 dəmir qutunun və 10 konteynerin yanı nə vəziyyətdədir? Tullantılar niyə qutuya atılmır? Əgər qab doludursa, tullantılar sallofon torbalarda və kisələrdə qutiların yanına yığılmalıdır. Kartof, soğan, meyvə qabıqları bəzi vətəndaşlar tərəfindən gətirilərək zibil qabına 2-3 metr qalmış hara gəldi tökülür. Budurmu,bizim mədəniyyətimiz? Bəzi hallarda maşın gedə-gedə tullantılar hara gəldi atılır. Bu da tullantıların xeyli məsafəyə yayılmasına səbəb olur.
Gündəlik götürülməsinə baxmayaraq M.F.Axundov küçəsindəki 34 saylı, 27 mənzilli və Heydər Əliyev prospekti 107 saylı ümumi yaşayış binalarının yanındakı zibil qutularının ətrafı məişət tullantıları ilə dolu olur. Dəfələrlə MİS-in və Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri ilə reydlər təşkil edilmiş, əhalinin maarifləndirilməsi üçün söhbətlər aparılmasına baxmayaraq, vəziyyət yenə də yaxşılığa doğru dəyişmir. 24 noyabr 2011 ci il Azərbaycan Respublikasının Tarif Şurasının qərarına əsasən bərk məişət tullantılarının yığılması və daşınması üçün əhalidən hər nəfər üçün 0,3 manat, qeyri-əhali (kommersiya) üçün bir kubmetr tullantı üçün 10 manat təsdiq edilmişdir.
İsmayıllı KMK-nın kollektivi ilk növbədə, qeyri-əhali ilə (kommersiya obyektləri) çox çətinliklə də olsa müqavilə bağlamışıq. Lakin yenə də müqavilə bağlamayan obyektlər vardır. Bu obyektlərin sahibləri bizim işçiləri get-gələ salırlar. Halbuki, onların özləri gəlib obyektdən çıxan tullantıların yığılıb daşınması üçün KMK ilə müqavilə bağlamalıdırlar.
Əhali ilə müqavilə bağlanmasında daha böyük çətinliklər var. Çox adam müqavilə bağlamır ki, mən zibil atmıram və ya həyətdə basdırıram. Bu isə yaxa kənara çəkməkdən başqa şey deyil.
Zibilin daşınması üçün adam sayına görə təxminən hər evdən bir və yaxud 2 manat pul yığılmalıdır. Bundan ötrü bir qapıya üç dəfə gedilir. Əgər tullantıların daşınması üçün vəsait vaxtında ödənərsə, biz işlətdiyimiz yanacağın pulunu, sürücü və fəhlələrin əmək haqlarını vaxtında ödəyə bilərik. Bu işdə şəhər İƏD üzrə nümayəndəliyi, şəhər bələdiyyəsi, əlaqədar təşkilatlar, təhsil şöbəsi əhalinin maarifləndirilməsində mühüm rol oynaya bilərlər.
Çox adam məişət tullantısı ilə birlikdə həyətdən çıxan yarpaqları, ağacların budanmış şəl-şaxlarını, evin təmirindən çıxan şifer, keramika və beton məmulatlarının qalıqlarlarını da zibil qutusunun yanına yığırlar.Buna qətiyyən yol vermək olmaz. Bu tullantıların daşınması üçün əlavə vəsait ödənilməlidir. Bunların daşınıb zərərsizləşdirilməsi idarə üçün çətinliklər törədir və məişət tullantıları ilə bu məmulatların bir maşına yığılması qeyri-mümkündür.
Novruz bayramını qarşılamaq üçün hamı öz həyət-bacasını təmizləyir. Bu şəhər bizimdir. Gəlin şəhərimizi təmiz saxlayaq. Bu işi təkcə KMK işçilərinin üzərinə atmayaq, bir-birimizə nəzarət edək.İsmayıllını sevən hər kəs bu işə qoşulmalıdır. Mən İsmayıllı şəhərinin bütün sakinlərini şəhərimizin təmiz saxlanmasına çağırıram və xahiş edirəm ki, bərk məişət tullantılarının yığılıb daşınması üçün aylıq vəsaiti ödəsinlər.
Kommunal Müəssisələri Kombinatının kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və şəhərin təmiz saxlanması üçün bütün imkanları səfərbər etməyi qarşısına məqsəd qoymuşdur.
Vidadi Məmmədov,
rayon Kommunal Müəssisələri Kombinatının direktoru

Şərh Yaz