Vətəndən uzaqda uyuyur
Müharibə kəlməsi adamlarda ürək ağrısı yaradır, göz önündə dağıntılar, xarabalıqlar, ölüm və faciələr canlanır. Müharibənin nə olduğunu yaşlı nəsil çox yaxşı bilir, onlar bu dəhşətli olayların bilavasitə iştirakçıları olmuşlar. Belə adamların sıraları il-ildən azalır, seyrəlir. Müharibənin başladığı ilk günlərindən onlarca həmvətənimiz cəbhəyə yola düşmüş, düşmənlə vuruşmuşdur. Onlarca gedənlərdən qayıdanlar tək-tək olurdu, özü də yaralı, qəlpəli. Əlini, qolunu qoyub gələnlər də az olmamışdır. Cəbhədən qayıdanlar əmək cəbhəsində fəaliyyətə başlamış, müharibənin vurduğu yaraları sağaltmağa girişmişlər. Belələrindən biri haqqında söhbət açmaq istəyirik.
Düz yüz il bundan əvvəl – 1912-ci ildə Basqal kəndində Hüseyn kişinin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Qohum-əqraba, qonşular təbrikə gəldilər, yeni dünyaya gəlmiş uşağa xeyir-dua verdilər. Ailədə uşağa Saleh adı qoydular. Nağıl dili yüyrək olar, – deyirlər. Haqqında söhbət açdığımız mövzu nağıl olmasa da, balaca Saleh yavaş-yavaş böyüyürdü. Ancaq tale elə gətirdi ki, o erkən yaşlarında atasını itirdi. Məktəbdə oxuyarkən ailəyə bacardığı köməkliyi göstərirdi. Məktəbdə dərslərindən yaxşı qiymətlər alır, müəllimlərini də razı salır, çalışqanlığı ilə seçilirdi.
İllər keçdi və Saleh yeddinci sinfi bitirib Gəncə Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. Ali təhsil almaq məqsədilə o sənədlərini Kənd Təsərrüfatı İnstitutuna vermişdir. Burada baytar həkimi ixtisasına yiyələnmişdir. Sonra könüllü olaraq orduda xidmətə başlamışdır.
Orduda sərhəd qoşunlarında xidmətə başlamış Saleh Heydərov tezliklə Fin müharibəsinin iştirakçısına çevrilir. Çox da uzun sürməyən bu müharibə sülh müqaviləsi bağlanması ilə başa çatır. Onun alayını Litvaya köçürürlər. Tezliklə Alman faşizmi Şərqə yürüşə başlayır. Bütün Avropanı işğal edən Alman orduları Sovet İttifaqının sərhədlərinə yaxınlaşır. Faşist ordusunun ilk zərbəsi məhz S.Heydərovun qulluq etdiyi alaya dəyir. Şəxsi heyətin çox hissəsi döyüşdə həlak olur. Geri çəkilmək əmri alan alay Leninqrad vilayətinin Kolpino qəsəbəsinə, oradan da Orienbaum şəhərciyinə, sonra Leninqrad cəbhəsində mövqe tutur. Həmyerlimiz Leninqrad mühasirəsinin bütün 900 gününü silahdaşları ilə şəhərin müdafiəsində iştirak etmişdir. Məşhur rus sərkərdəsi V.A.Sokolov “Pulkovo sərhəddi” kitabında həmyerlimizin döyüş rəşadətindən geniş bəhs edilir.
İkinci dünya müharibəsi başa çatdı. Hitler Almaniyası məğlub oldu. Döyüşən orduda qulluq edənlər evlərinə qayıdır, müharibənin ağır fəsadlarını aradan qaldırmağa girişirlər. S.Heydərov 1947-ci ildə ailəsi ilə doğma Basqala qayıdır (O Leinqradda evlənmişdi). Tezliklə onu İsmayıllı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkirlər. Görüləsi işlər çox, imkanlar isə məhdud idi. Rayonun abadlaşması, kənd təsərrüfatının inkişaf etdirilməsi, sosial və iqtisadi problemlərin həlli məsələləri yerli hökümət nümayəndəsi kimi, onun öhdəsinə düşürdü. S.Heydərov kənd təssərrüfatı mütəxəssisi olduğu üçün bu sahəyə daha çox diqqət yetirirdi. O, 40 ildən artıq rayonda heyvandarlığın inkişafına xidmət etmişdir.
Onda yüksək məsuliyyət, özünə və başqalarına qarşı tələbkarlıq vardı. Hamıya qarşı eyni dərəcədə diqqətli olduğuna görə bütün ömrü boyu xalqın hörmətini, ehtiramını qazanmışdı. S.Heydərov adamlarla ünsiyyətdə tez dil tapır, onları özünə daha da yaxınlaşdırmağı bacarırdı.
Mənim bu veteranla tanışlığım keçən əsrin 60-cı illərinin sonuna təsadüf edir. Şirin və duzlu söhbətləri, mehribanlığı ilə seçilirdi. Hamıya kömək etməyi, məsləhət verməyi xoşlayırdı. Məncə, bütün ömrü boyu ondan inciyən bir kəs olmamışdır. Yəqin ki, bu adam yüksək vəzifədə olarkən də heç kəsin qəlbini qırmamış, heç kəsi naümid qoymamlışdır.
S.Heydərov təqaüdə çıxandan sonra İsmayıllı rayon Müharibə Vteranları Şurasının sədri seçilmişdir. O veteranların qayğısına qalır, onların problemlərinin həlli ilə məşğul olurdu. Lazımi təşkilatların rəhbərləri ilə görüşər, istədiyinə nail olmasa, əl çəkməzdi. Sözün doğrusu, onu hər yerdə eşidər, xahişinə əməl edərdilər. Axı o heç vaxt özü, öz işi üçün heç kəsə ağız açmazdı. Mən bu ağsaqqalı belə tanımışam. Onun adamlara yanaşması, şirin dillə münasibət qurması hamını razı salırdı.
Onun döyüş yolu Sankt-Peterburqla (keçmiş Leninqrad) bağlı olduğu üçün 1998-ci ilin noyabrında yenidən oralara baş çəkmişdir. Ümumiyyətlə, S.Heydərovun həyatı bu şəhərlə bağlıdır. Onun üç oğlu və üç qızı da bu şəhərdə yaşayır. O ilk məhəbbətini də burada tapmışdır. Təsadüf elə gətirib ki, S.Heydərov 1999-cu ilin yanvarında elə bu şəhərdə də dünyasını dəyişmişdir. 900 gün müdafiə etdiyi torpağa da tapşırılmışdır. Bəli, vətəndən uzaq şəhərdə bir həmyerlimiz müdafiə etdiyi torpaqda uyuyur. Ruhun şad olsun, elli.
Bəybala Babayev