Gənclərə böyük inam

Ümummilli liderimiz Heydər Əliyev gənclərə böyük inam bəsləyirdi. Odur ki, ölkəmizdə gənclərin öz potensial imkanlarını inkişaf etdirmələri üçün hər cür şərait yaradılmışdır.
Məhz gənclərə qayğının ilk mərhələsində, Ulu öndərin 1 fevral 1997-ci il tarixli məlum Fərmanı ilə bir il əvvəl fevral ayının 2-də keçirilən Gənclər Forumuna istinadən həmin gün Gənglər Günü kimi elan olundu. Bu tarixi hadisə gənclərin qarşısına böyük vəzifələr qoydu. Respublikanın əksər gəncləri o gündən yeni, müstəqil dövlətin yorulmaq bilməyən qurucularına çevrildilər.
Bu günlərdə şəhər 3 saylı tam orta məktəbində də bayram əhval-ruhiyyəsi var idi. Məktəbdə Gənclər Günü keçirilirdi. Dəvətlilərin bir qismi məzunlarımız olan ali məktəblərin tələbələri idilər. Hamı sevinc içində idi. Tələbə-gənclər sevimli müəllimləri ilə səmimiyyətlə görüşür, öz işləri, dərsləri barəsində onlarla fikir mübadiləsi aparırdılar.
Qonaqlar və müəllimlər tədbirin keçiriləcəyi zala dəvət olundular. Tədbiri məktəbin direktoru Əhmədağa Ələkbərov açdı. O, əvvəlcə gəncləri bayram münasibətilə təbrik etdi, onlara təhsildə və şəxsi həyatda uğurlar arzuladı.
Məzunların hər birinin sevimlisi olan müəllimlərdən Mövlud Ağayev, Arifə Bəşirova, Nazir Səmədov, Balakişi Xuduyev, Çingiz Muradlı, Famil Əhmədzadə, Brilyand Mursalova, Xuraman Məmmədova, Güləndam Ramazanova, Şükufə Şirinova, Zivər Məmmədova və başqaları çıxış edərək Azərbaycan gəncliyinin adına şərəf gətirən gənclərlə qürur duyduqlarını, onlarla hər zaman fəxr etdiklərini bildirdilər. Müəllimlər məktəbin builki məzunlarından da yüksək nəticələr gözlədiklərini söylədilər.
Məktəbin gənc müəllimlərindən Vasif Cabbarov, Əminə Ağayeva da gəncləri təbrik etdilər.
Tədbirin iştirakçısı kimi, mən də gənclərə vaxtı dəyərləndirməyi, çəkilən zəhmətə qiymət verməyi bacarmağı, milli-mənəvi dəyərlərimizi qorumağı bir daha xatırlatdim. Vətənin hər zaman savadlı, dünyagörüşü zəngin, elmi-texniki biliklərə yiyələnmiş gənclərə ehtiyacı olduğunu söylədim.
Ötən illərin yüksək bal toplamış məzunları Şəhla Səmədli, Əşrəf Bağırov, Gülşən İldrımlı, Radə Ağayeva, Anar Abutalıbov və Rəşid Qəribli tədbirdə çıxış edərək bu ilin məzunu olacaq şagirdlərə uğurlar arzuladılar, onların təlim və tərbiyəsində əməyi olmuş müəllimlərə minnətdarlıqlarını bildirdilər.
Onbirinci sinif şagirdlərindən Xanım Qasımova, Rübabə Zeynalova ümidləri doğrultmaq üçün səylə oxuyacaqlarından, biliklərə mükəmməl yiyələnəcəklərindən söz açdılar.
Tədbir başa çatdı. Tələbə-gənclər məktəbdən xoş təəssüratlarla ayrıldılar.
Əsli Süleymanzadə,
İsmayıllı şəhər 3 saylı tam orta məktəbinin Uşaq təşkilatı rəhbəri

Şərh Yaz