Yaddas kitabcasi

Xocalı faciəsi tarixi cinayətdir

Xocalı faciəsi tarixi cinayətdirDünyanın amansızlıqları kimi ədalətsizlikləri də tarixin qara səhifələridir. Bu baxımdan hamının demokratiya, humanizm, insan hüquqlarından ağız dolusu danışdığı bu günümüzdən cəmi 20 il əvvəl baş vermiş Xocalı faciəsi səviyyəsində tarixdə ikinci bir hadisəyə rast gəlmək olmur.
Beynəlxalq aləmdə yalançı soyqırımlar müzakirə obyekti olduğu halda Xocalı soyqırımına hələ də lazımi qiymət verilməmişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin beynəlxalq aləmdə apardığı balanslaşdırılmış siyasət, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi tədbirlər Xocalı faciəsinin soyqırım kimi tanınması üçün mühüm addımlardır.
Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” Beynəlxalq kompaniyası bu sahədə nəticəsini verməkdədir. Dünyanın bir sıra ölkələrinin parlamentlərində, beynəlxalq təşkilatların yüksək səviyyəli tədbirlərində Xocalı faciəsi müzakirə olunmaqdadır.Xocalı faciəsi tarixi cinayətdirXocalı faciəsi tarixi cinayətdirDünyanın amansızlıqları kimi ədalətsizlikləri də tarixin qara səhifələridir. Bu baxımdan hamının demokratiya, humanizm, insan hüquqlarından ağız dolusu danışdığı bu günümüzdən cəmi 20 il əvvəl baş vermiş Xocalı faciəsi səviyyəsində tarixdə ikinci bir hadisəyə rast gəlmək olmur.
Beynəlxalq aləmdə yalançı soyqırımlar müzakirə obyekti olduğu halda Xocalı soyqırımına hələ də lazımi qiymət verilməmişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin beynəlxalq aləmdə apardığı balanslaşdırılmış siyasət, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi tədbirlər Xocalı faciəsinin soyqırım kimi tanınması üçün mühüm addımlardır.
Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” Beynəlxalq kompaniyası bu sahədə nəticəsini verməkdədir. Dünyanın bir sıra ölkələrinin parlamentlərində, beynəlxalq təşkilatların yüksək səviyyəli tədbirlərində Xocalı faciəsi müzakirə olunmaqdadır.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə xalqımızın tarixində ən dəhşətli qanlı faciə baş verdi. Erməni quldurları Rusiya ordusunun Xankəndində yerləşən 366-sı moto-atıcı alayın bölmələrinin yardımı və iştirakı ilə Azərbaycanın Xocalı şəhərini məhv etdilər. Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc Xocalı sakini misli görünməmiş vəhşiliklə, işgəncələrlə qətlə yetirildi. Heç bir uşağa, xəstəyə, qocaya aman verilmədi.
Miqyasına və amansızlığına görə Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. “Bütünlüklə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Xalqımızın ümummilli lideri H.Əliyev tərəfindən söylənilən bu fikirlər Xocalı soyqırımına verilən ən düzgün qiymətdir.
Xocalı soyqırımı təsadüfü hadisə deyil, mənfur qonşularımız əsrlərlə apardıqları torpaq iddiaları və xalqımıza qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Xocalı Ağdam-Şuşa yolu üzərində Əsgəranla Xoca kəndi arasında qədim və mühüm yaşayış məntəqələrindən idi. Xocalının Qarabağda strateji baxımdan əhəmiyyəti də böyük idi. Qarabağda ən iri aeroport da Xocalıda idi.
Faciənin baş verməsindən xeyli əvvəl düşmən Xocalını mühasirədə saxlayırdı. Düşmən soyqırım planını çoxdan hazırlamışdı. Azərbaycanda bu dəhşətli plandan xəbərdar olanlar da var idi. Xocalının müdafiəsiz sakinlərini ovaxtkı respublika rəhbərliyinə ünvanladıqları çoxsaylı teleqramlar və məktublar gələcək faciə haqqında həyacan təbili idi.
Lakin öz kreslolarını qorumağı hər şeydən üstün tutan həmin rəhbərlər Xocalıya doğru sürünən müsibəti, bəlanı aydın şəkildə görsələr də özlərini görməməzliyə vururdular. Onların torpaqlarımızın qorunmasına, vətəndaşlarımızın taleyinə biganəliyi Xocalını hər cür texnika ilə silahlanmış amansız düşmənə qarşı müdafiəsiz qoydu.
Fevralın 25-də axşam saat 21-də amansız düşmən Xocalıya hücuma başladı. Güclü top atəşindən sonra tanklar və döyüş maşınları şəhərə soxuldu. Cəmi 150 nəfər müdafiəçisi olan Xocalı düşmənə müqavimət də göstərdi. Əlif Hacıyevin rəhbərlik etdiyi cəmi 22 nəfərlik dəstə Xocalı təyyarə meydanına düşmən hücumlarını 3 dəfə dəf etdi. İgid komandir Tofiq Hüseynov öz döyüş yoldaşları ilə düşmən hücumunun qarşısını almaqla insanların mühasirədən çıxarılmasına şərait yaratdı. Lakin bütün bunlar böyük qüvvə ilə hücuma keçən amansız düşməndən Xocalını xilas etmək üçün çox az idi. Qüvvələr arasındakı fərqin böyük olmasından istifadə edən düşmən Xocalının içərilərinə soxularaq dinc əhaliyə amansız divan tutmağa başladı.
Əhali vahimə içərisində, ümidsüz halda ev-eşiklərini atıb, uşaqlarının, xəstələrin, qocaların əlindən tutaraq şəhəri tərk etməyə başladılar. Qaçanların konkret istiqamətləri, yolları yox idi. Onların bəziləri dağlar və meşələrlə, bəziləri isə Naxçıvanik kəndi istiqamətində qaçırdı. Camaata səhvən məlumat çatdırmışdılar ki, bizimkilər Naxçıvanik kəndində mövqe tutublar. Demə, bu da erməni hiyləgərliyi imiş.
Əhali hansı istiqamətə qaçırdısa, düşmənin qabaqcadan qurduğu pusqulara düşürdü. Təxminən 300 nəfər şəhərdən qaça bilməmiş, evlərində və həyətlərində amansızlıqla qətlə yetirilmişdi. Təyyarə meydanını qoruyanların hamısı axıradək döyüşərək qəhrəmanlıqla həlak olmuşlar. Quldurlar qaça bilməyənləri tankların tırtılları altında qoyub əzirdilər. Uşaqların başların bədənlərindən ayırırdılar. Əsir düşmüş kişiləri işgəncələrlə öldürürdülər. Qadınların qulaqlarındakı sırğaları dartıb çıxarırdılar. Quldurlar sözün əsil mənasında soyğunçuluq və talançılıq edirdilər. Qadınların barmaqlarında üzük çətinliklə çıxdıqda barmaqlarını kəsib götürürdülər. Qızıl dişi olanların dişlərini avtomatın qundağı ilə sındırırdılar. Öldürülənlərin çoxu yaxın məsafədən başından və döş qəfəsindən güllələnmişdi. Meyitlərlə vəhşicəsinə rəftar edib, onları təhqir edib, hətta bəzilərinin başlarının dərsini soymuşdular.
Rəsmi məlumata görə həmin gecə 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfərin taleyi haqqında indiyədək heç bir məlumat yoxdur. Xocalı şəhidlərinin qətlə yetirildiyi ərazi düşmənin nəzarətində olduğu üçün, düşmən atəşi altındakı ərazidən meyitlərin hamısını götürüb dəfn etmək də mümkün olmadı. Şəhid olanların yalnız 335 nəfərinin meyitlərini götürüb dəfn etmək mümkün oldu. Dəqiq olmayan məlumata görə son dərəcə qəddarlıqla qətlə yetirilənlərin 63 nəfəri uşaq və yeniyetmə, 106 nəfəri qadın, 70 nəfəri ahıl adamlar olmuşdur. Törədilmiş faciə zamanı 1000 nəfərdən artıq Xocalı sakini, o cümlədən 76 nəfər yetkinlik yaşına çatmamış güllə yarası almışdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanların 56 nəfəri xüsusi amansızlıqla öldürülmüşdür.
Əslində çox güman ki, bu cinayətin qurbanlarının sayı daha çoxdur. Çünki, həmin dövrdə Xocalıya başqa yaşayış məskənlərindən çoxlu sayda qaçqın pənah gətirmişdi. Onlar da heç bir sənədlə qeydiyyatda deyildi.
Hadisədən sonrakı dövrdə istintaq-əməliyyat orqanlarının, tədqiqatçıların araşdırmaları, hadisə şahidlərinin ifadələrindən də məlum olur ki, həmin dəhşətli gecədə qətlə yetirilənlərin, özlərinə qəsd edənlərin və donvurmadan ölənlərin sayı 1000 nəfərdən də artıq olmuşdur. Əsir düşənlərin sayı da göstərilən rəqəmlərdən daha çox olmuşdur.
Bütün bunlar erməni vəhşiliyinin, erməni vandalizminin xalqımıza qarşı yönəlmiş amansızlığının nəticəsidir. Bu vəhşiliyin törədilməsində Rusiya ordusunun 366-cı motoatıcı alayının iştirakı təsdiq olunmuşdur. Xocalıya hücumda iştirak etmiş Rusiya ordusunun polkovniki V.Savelyev “Məxfi arayış” əsərində yazır. “Mən bütün bunları yazmaya bilmirəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçirilmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasın ki, qanlı və amansız sonluğu olan bütün bu hadisələrdə əlimdən heç nə gəlmədi. Yalnız yazdığım məxfi arayışı həm Kremlə və həm də Rusiyanın Müdafiə Nazirliyinə göndərdim. Oxuyun dedim. Görün, biz rusların zabit şərəfi necə ləkələndi”
Xocalı faciəsi Ermənistan rəhbər dairələrinin əvvəlcədən planlaşdırdıqları ssenari əsasında həyata keçirilmişdir. Onlar heç bir günahı olmayan insanları, yalnız dini-milli mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilmiş, Xocalı adlı Azərbaycan şəhərini tamamilə yer üzərindən silmək istəmişlər. Bu müdhiş hadisə dünyanın demokratiyadan, humanizmdən, insan hüquqlarından ağız dolusu danışdığı XXI əsrin astanasında baş vermişdir.
Faciə haqqında məlumatı olanlar Xocalı qırğınını Xatın, Liditsa və Sonqmi faciələri müqayisə edirlər. Onları eyniləşdirirlər. Hadisələrə obyektiv yanaşılsa, Xocalı faciəsinin bu 3 dəhşətli hadisədən daha amansız olduğu aydınlaşar.
Belarusiyanın Xatın kəndinin 149 nəfər sakini II dünya müharibəsi zamanı sovet partizanlarına kömək göstərdiklərinə görə güllələnmişdir.
Elə həmin müharibədə Reynxard Heydrixə sui-qəsddə təqsirli bilinənlər Çexoslovakiyanın Liditsa şəhərində yerli əhali tərəfindən gizlədildiyindən şəhərin 172 sakini öldürülmüş 200 nəfəri isə konslagerə göndərilmişdir. Ötən əsrin 60-cı illərində ABŞ qoşunları tərəfindən Vyetnamın Sonqmi kəndinin 500 nəfərədək sakinini “partizanların ailə üzvləri” olduğu üçün qətlə yetirilmişdir.
Göründüyü kimi, Xocalıda qətlə yetirilənlərin, yaralanan və əsir düşənlərin sayı həmin 3 yaşayış məntəqəsinin qurbanlarının ümumi sayından da çoxdur. Amansızlığın dərəcəsinə görə də Xocalı faciəsinin dünyada analoqu yoxdur.
Göstərilən 3 yaşayış məntəqəsinin heç birində öldürülən insanların təhqir edilməsi ilə bağlı heç bir fakt yoxdur. Xocalıda isə günahsız insanlar təhqir edilmiş, hərbi əməliyyatlarla heç bir əlaqəsi olmayan insanlar yalnız azərbaycanlı olduğu üçün vəhşicəsinə məhv edilmişdir.
Daud Xeyriyan adlı bədnam müəllif “Xaç naminə” adlı kitabında Xocalı faciəsindən sonrakı mənzərə haqqında yazır. “Daşbulağın yanındakı bataqlıqdan keçmək üçün meyitlərdən körpü düzəltdik. Mən cəsədlərin üstü ilə getmək istədim. Onda polkovnik Ohanyan mənə işarə elədi ki, qorxmayım. Bu, müharibənin qanunudur. Ayağımı ilk dəfə 9-10 yaşlı qızın sinəsinə qoyub addımladım. Ayaqlarım qan içində idi. Martın 2-də “Qaflan” erməni qrupu 100-dən artıq türk meyitini yığıb Xocalıdan təxminən 1 km. qərbdə yandırdı. Sonuncu maşında mən 10 yaşında, alnından və əllərindən yaralanmış bir qız gördüm. Üzü göyərmiş, uşaq aclığa, soyuğa və aldığı yaralara baxmayaraq hələ də sağ idi. O, yavaş-yavaş nəfəs alırdı. Mən ölümlə çarpışan uşağın gözlərini unuda bilmirəm. Tezliklə Tiqranyan adlı bir əsgər bu hərəkətsiz qızı götürüb meyitlərin üstünə atdı. Sonra meyitləri yandırdılar. Mənə elə gəlirdi ki, yanan meyitlər arasında kimsə qışqırır, imdad diləyirdi”…
Erməni vəhşiliyi Xocalı faciəsi ilə özünün simasızlığını, qəddarlığını, insanlığa qarşı yönəldiyini bir daha təsdiq etdi. Xocalı faciəsi göstərdi ki, erməni millətçiliyi bəşəriyyət üçün bəladır. Erməni milliyyətçiliyi qaldıqca dünyada insanlıq üçün təhlükə qalacaqdır.
Xocalı soyqırımını törədən xalqımızın tarixi düşmənləri olan ermənilərdir. Onlar dəfələrlə xalqımıza qarşı amansız soyqırımlar törətmiş, terror hadisələri həyata keçirmişlər. Təəccüb doğuran cəhət Azərbaycanın ovaxtki rəhbərlərinin bu dəhşətli hadisəyə münasibəti idi. Onlar faciə haqqında dünyaya car çəkmək, beynəlxalq təşkilatları məlumatlandırmaq əvəzinə, vəzifələrini qorumaq üçün faciəni xalqdan gizlətməyə çalışdılar. Faciə haqqında xarici informasiya vasitələri məlumatlar yaysalar da respublikanın informasiya vasitələri susurdu. Bu, ovaxtkı respublika rəhbərliyinin xalqa növbəti xəyanəti idi.
Onlar sadəlövhcəsinə düşündülər ki, faciəni xalqdan gizlədə biləcəklər. Lakin qısa müddətdə faciə haqqında məlumatlar bütün respublikaya yayıldı. Faciənin bəzi məqamları qəhrəman teleoperator Çingiz Mustafayevin fədakarlığı ilə lentə köçürüldü və erməni vəhşiliyini sübut edən sənəd kimi tarixdə qaldı.
20 il keçsə də Xocalı soyqırımı Beynəlxalq miqyasda hələ də layiqli qiymətini almamışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu sahədə xeyli iş görmüş, faciə haqqında bir çox dövlətlərin rəhbərlərini məlumatlandırmışdır.
Lakin dünya miqyasında erməni faşizmini müdafiə edən şər qüvvələr hələ də möhkəm idi. Onlar qondarma erməni soyqırımı haqqında dünyaya car çəkir, müxtəlif üsullarla bəzi ölkələrin parlamentlərində müzakirəyə çıxarırlar. Lakin, uzun illər həqiqi soyqırım olan 1918-ci il mart azərbaycanlıların soyqırımı hadisəsinə nə respublika miqyasında, nə də beynəlxalq aləmdə heç bir qiymət verilməmişdi. Ermənilər həmin illərdə də xalqımıza qarşı soyqırım törətmiş, təkcə Bakıda 20 min nəfərdən artıq azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. Soyqırımın miqyası Bakıdan kənara çıxmış, bölgələri də əhatə etmişdir.
Bu dəhşətli hadisəyə də xalqımızın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə qiymət verildi, 31 mart tarixi azərbaycanlıların soyqırımı günü elan edildi.
Heydər Əliyev siyasətini bu gün bütün sahələrdə Respublika prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Bu siyasət sayəsində xalqımızın Qarabağ məsələsinin həllinə də addım-addım yaxınlaşır. Beynəlxalq aləmdə Xocalı faciəsinə münasibətin dəyişdirilməsi, xalqımızın haqq səsinin daha çox eşidilməsi də cənab İlham Əliyevin xarici siyasətinin uğurudur.
Lakin hələ də hər birimiz Xocalı şəhidlərinin ruhu qarşısında borcluyuq. Nə qədər ki, Xocalı faciəsinin günahkarları layiqli cəzalarını almayıblar, Xocalı faciəsi bütün dünyada soyqırım kimi tanınmayıb, Xocalı, Qarabağ düşmən tapdağından azad edilməyib, bu borc hər birimizin üzərindədir.
Düşmənlərimiz bilsinlər ki, Xocalı şəhidlərinin qanı, Xocalı analarının naləsi, Xocalı uşaqlarının göz yaşları yerdə qalmayacaq. Qarabağ torpaqları danışıqlar yolu ilə qaytarılmasa, xalqımız öz Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ayağa qalxacaq, Qarabağı, Xocalını azad etməklə tarixi borcunu yerinə yetirəcəkdir. Xalqımız sübut edəcək ki, Qarabağ, o cümlədən Şuşa, Xocalı heç vaxt erməni yurdu olmamış və olmayacaqdır. Onda bütün şəhidlərimizin, Xocalı şəhidlərinin ruhları rahatlıq tapacaqdır.
Ramiz Baloğlanov,
tarix müəllimi

Şərh Yaz