Vətəndaşlara dövlət qayğısı

Vətəndaşlara dövlət qayğısıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş iclasında demişdir: “İnsanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min ailə təşkil edir. Bu da onu göstərir ki, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla 106 manat sosial yardım verilir”.
2011-ci ilin yekunlarından danışmaq istərkən mən də ilk növbədə ünvanlı sosial yardımdan başlamağı lazım bildim. 01 yanvar 2012-ci il tarixə 1629 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. 1629 ailənin 7351 üzvünə dövlət tərəfindən 2011-ci il ərzində 2469794 manat vəsait ödənilmişdir.
Bölmələr üzrə ayırmadansöz düşmüşkən, qeyd etmək istərdim ki, keçən il 3612 nəfərə sosial müavinət ödənilmişdir. Bu məqsədlə 2199839 manat vəsait xərclənmişdir.
Bəzi xarakterik sahələr üzrə rəqəmlərə oxucuların diqqətini cəlb etmək istərdim. 2011-ci ildə 153 şəhid ailəsinin 241 ailə üzvü, 199 nəfər müharibə əlili Prezident təqaüdü almışdır. O cümlədən 428 müharibə veteranı sosial müavinət almışdır. Xərclənən vəsait və say tərkibinə adi rəqəmlər kimi baxılmamalıdır. Bunlar Azərbaycan dövlətinin, cənab Prezidentin ölkə vətəndaşlarına qayğı və diqqətini əks etdirir.
Dövlət tərəfindən bəzi kateqoriya vətəndaşlar üçün müəyyən edilmiş imtiyazlar vaxtında və şəffaf şəraitdə ünvanına çatdırılır. Haqqı olan hər bir vətəndaşa dövlət sosial müavinət, müalicə pulu, birdəfəlik müavinət və.s yardımlar edirlər. 2011-ci ildə 36 nəfər Çernobıl əlilinə 5600 manat müalicə xərci, 700 manat məbləğində birdəfəlik müavinət verilmişdir. Beynəlxalq Əlillər Günü münasibətilə 120 nəfər əlilə yardım verilmiş, pulsuz avtomobil almaq üçün növbədə olan əlillərə kompensasiya ödənilmişdir.
Azərbaycan dövlətinin öz vətəndaşlarına sahiblik etməsinin bir göstəricisi də ahıl və əlil vətəndaşlara xidməti öz üzərinə götürməsidir. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi 25 nəfər sosial xidmət işçisi ilə 219 ahıl və tənha vətəndaşa xidmət göstərir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihələri və vəsaiti ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün evlərin tikilməsi insanlara rahatlıq gətirir. Onlar Prezidentə, dövlətimizə minnətdarlıqla bu evlərdə yaşayırlar. 2011-ci ildə 36 mənzilli yaşayış binası, Qarabağ müharibəsi əlili Hacalı Dadaşov və Çernobıl əlili Süleyman İlyasov üçün fərdi evlər tikilmişdir. Lahıc qəsəbəsində 2 fərdi evin tikintisinə başlanmışdır.
Mərkəzdə Sosial Xidmətlər Təşəbbüsü Təşkilatı tərəfindən yaradılan Səyyar xidmətlərin gücləndirilməsi layihəsi də uğurla həyata keçirilir. Layihə çərçivəsində serebral iflic, əqli-fiziki geriliyi olan 10 uşağa sosial, fiziki inkişaf, loqopedik və psixoloji xidmətlər göstərilmişdir. Həftə ərzində bir və ya iki dəfə ailələrə səfərlər edilmiş, 45 dəqiqə – 1 saat müddətində uşaqlara məşğələlər keçirilmişdir. Ötən ilin sonuna yaxın yeni uşaqlar seçilərək layihəyə cəlb olunmuşdur. Murad Səfərova, Vəsilə Mikayıllıya və Nemət Əmirova göstərilən xidmətlər uğurlu olmuşdur.
Əhalinin yoxsulluq səviyyəsinin müntəzəm olaraq aşağı salınması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Özünədəstək” layihəsi həyata keçirir ki, bu məqsədlə respublika üzrə seçilmiş 3 pilot rayondan biri də İsmayıllıdır. Layihənin əsas məqsədi passiv layihə sayılan ünvanlı dövlət sosial yardımdan tədricən aktiv layihələrə keçiddir. Bu məqsədlə nazirliyin əməkdaşları bir neçə dəfə rayonumuzda olmuş, seçilmiş ailələrlə söhbətlər aparılmışdır. Yaxın günlərdə fəaliyyət planına uyğun olaraq seçilmiş ailələrə maliyyə vəsaiti ayrılacaqdır.
Bütün bunlar, həm də rayonda yaradılan mühitin rəhbərlik tərəfindən Prezident İlham Əliyevin siyasətinə göstərilən sədaqətin nəticəsidir.
Sevindirici haldır ki, Azərbaycanda il-ildən uğurlu gəlir. Əminliklə deyə bilərəm ki, əhalinin sosial təminatı 2012-ci ildə daha yüksək olacaqdır.
Çingiz Əliyev,
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru

Şərh Yaz