Təsərrüfatın vacib sahəsi

Təsərrüfatın vacib sahəsiSu təsərrüfatı kənd təsərrüfatının ən vacib sahələrindən olub iqtisadiyyatın başqa sahələri ilə sıx əlaqəlidir.
Rayonumuzda əhalinin şəxsi təsərrüfatlarının və əkin sahələrinin sel sularından mühafizə olunmasında, sualtı torpaqların suvarılmasında, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasında rayon Suvarma Sistemləri İdarəsi tərəfindən əsaslı işlər görülmüşdür.
Hesabat ilində suvarmanı mütəşəkkil keçirmək məqsədi ilə 10 hidrotexniki post və suyun verilməində itkinin olmaması üçün 27 ədəd hidrotexniki qurğu təmir olunmuş, kanallar 240 min kubmetr lildən təmizlənmişdir. Bu işlər əsasən Göyçay çayı-İsmayıllı magistral beton kanalında, Qəzli-Aşıqbayramlı və Topçu suvarma kanallarında görülmüşdür. İdarənin mülki və istehsalat binalarında cari təmir işləri başa çatdırılmışdır.
Daşqın və sel sularına qarşı mübarizə məqsədi ilə Göyçay çayında, Ax-ox, Cülyan, Talıstan və Girdiman çaylarında məcraların təmizləməsi ilə əlaqədar 390 min kubmetr buldozer işi, 230 min kubmetr ekskavator işi görülmüşdür.
İyun-iyul aylarında aramsız yağan leysan yağışlarından sonra Kəlbənd kəndi ərazisində Quruçay, Enişdibi kəndində Enişdibi çayı, Diyallı kəndində isə Sirsax çaylarının məcraları qum, çınqıl-daşlarından və digər maneələrdən təmizlənmişdir.
Güclü yağışlardan sonra dərələrdən gələn sular rayonun Kökəltmə yaşayış məntəqəsinə ziyan vurmuşdur. Belə ki, yollar dağılmış, həyətləri sel basmışdı. Yaşayış məntəqəsinin kənarı ilə əlavə olaraq kanal qazılmış, sel suları zərərsiz yerə axıdılmış, yollar təmizlənmişdir. Daşqın və sel sularına qarşı mübarizə məqsədi ilə aparılan sahilbərkitmə işlərinin həcmi 431 min kubmetr təşkil etmişdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər davam etdirilmişdir. Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması ilə əlaqədar Mican və Qalınçaq kəndlərində 800 hektar sahədə kompleks meliorativ tədbirlərin aparılması davam etdirilmişdir.
2011-ci ildə Mican kəndi ərazisində 4 kilometr uzunluğunda drenaj xətti çəkilmişdir. Suvarma və qurutma üçün nəzərdə tutulmuş kanalın 2450 paqonnımetr hissəsi 2011-ci ildə tikilmiş, beləliklə beton kanalların ümumi uzunluğu 6750 paqonnımetrə çatdırılmışdır. Əhalinin suvarma və içməli suya olan tələbatını ödəmək üçün 2011-ci ildə Bizlan kəndində subartezian quyusu qazılmışdır. Çəmənli kəndində isə bir subartezian quyusu istifadəyə verilmişdir. Fermer təsərrüfatlarının suya olan tələbatını ödəmək üçün, İsmayıllı kəndi ərazisində də subartezian quyusu qazılmış və istifadəyə verilmək ərəfəsindədir.
Əhalinin pay torpaqlarının və Buynuz kəndinin sel sularından mühafizəsinin təmin edilməsi məqsədilə bu il 185 paqonnımetr daş beton bəndi tikilmişdir. Çəmənli kəndinin mühafizəsi üçün də 260 paqonnımetr daş beton bəndi tikilmiş, bu işin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.
Qurbanəfəndi, Qalınçaq və Kürdmaşı kəndlərində “Sudan istifadə edənlər” Birliyi fəaliyyət göstərir ki, bunlar da 8833 hektar suvarılan sahəyə xidmət göstərir. Həmin birliklər vasitəsi ilə əhali və fermer təsərrüfatlarında olan taxıl, qarğıdalı, yonca, bostan bitkiləri və meyvə bağları suvarılır. Suyun pullu satışı planına 104 faiz əməl edilmişdir.
2011-ci il ərzində proqnoz tapşırıqlara 100 faiz əməl edilmişdir.
2012-ci ildə görəcəyimiz işlər, həyata keçirəcəyimiz layihələr daha çoxdur. Rayonda bərqərar olan işgüzar mühit imkan verəcək ki, idarəmiz qarşıya qoyulmuş bütün vəzifələrin öhdəsindən gəlsin.
Fazil Həsənov,
İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin rəisi

Şərh Yaz