Sosial həyat zənginləşəcək

Sosial həyat zənginləşəcəkƏhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi tədbirlər, verdiyi sərəncamlar pensiyaçıların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmişdir. 2010-cu ilin yanvar ayının birinədək pensiyaya çıxmış şəxslərin pensiyalarına əmək stajlarına uyğun olaraq artımın tətbiqi üçün qanunlarda müvafiq dəyişikliklər edilmiş və dövlət büdcəsindən 200 milyon manata yaxın vəsait ödənmişdir. 2011-ci ildə respublikamızda 900 minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artmışdır. Təyin olunmuş pensiyaların məbləği ötən illə müqayisədə 30 faiz artaraq 145 manata çatmışdır.
Azərbaycan Respublikasının sosial yönümlü iqtisadi siyasətinin həyata keçirilməsində Dövlət Sosial Müdafiə Fondu və onun yerlərdəki strukturlarının üzərinə çox məsul vəzifələr düşür. Bunu dərindən dərk edən DSMF rayon şöbəsinin kollektivi fəaliyyətində operativliyə, şəffaflığa, qanunların mütləq icrasına əsaslanır.
1 yanvar 2012-ci il tarixə şöbədə 13698 nəfər pensiyaçı uçotda olmuşdur. Onlardan 1057 nəfəri işləyən pensiyaçıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 2011-ci il 17 may tarixdə qəbul olunmuş qanuna uyğun olaraq 01 iyul 2011-ci il tarixdən pensiyaların yenidən hesablanması aparılmışdır. Nəticədə, rayon üzrə 9214 pensiya işi üzrə 427968 manat artım olmuşdur. Bir nəfərə düşən orta aylıq artım 46 manat təşkil etmişdir. Bunlar adi rəqəmlər yox, dövlətin, ölkə rəhbərinin insanlara artan qayğısının göstəricisidir.
Onu da qeyd edim ki, rayon üzrə pensiya ödənişi tamamilə plastik kartlar vasitəsilə aparılır və bu, pensiyaçılar tərəfindən razılıqla qarşılanır. 01 yanvar 2012-ci il tarixə ödənilməmiş pensiya vəsaiti qalmamışdır.
Pensiyaların ödənilməsində maliyyə mənbəyi kimi sosial sığorta haqlarının toplanması və bu sahədə proqnoz tapşırıqlara əməl edilməsi əsaslı əhəmiyyət kəsb edir. Rayon üzrə 13904 nəfər sığorta olunana fərdi şəxsi hesab açılaraq sığorta şəhadətnaməsi verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi debitor borcların ləğvi üçün aid təşkilatların köməyi ilə əsaslı işlər görür. Nəticədə, qeyri-büdcə təşkilatları üzrə 2010-cu illə müqayisədə keçən ildə debitor borclar 48,2 min manat azalmış, bələdiyyələrin debitor borcu 33,6 min manatdan 8,4 min manata düşmüşdür. Şəki İqtisad məhkəməsində 18,5 min manat ödənilməmiş borc məbləğinə iddia qaldırılmış, nəticədə, 14,8 min manat Fondun hesabına bərpa edilmişdir. Maliyyə intizamını pozan və büdcə qarşısında məsuliyyətini unudan sığorta edənlərə qarşı digər təsirli tədbirlər də görülmüşdür.
Əhalinin sosial həyatının yeniləşməsində onları narahat edən məsələlərin öyrənilməsi və aradan qaldırılmasında rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun müntəzəm keçirdiyi səyyar qəbullar çox böyük əhəmiyyət kəsb edir. Bu qəbullar zamanı əhalini düşündürən, narahat edən məsələlər ortaya çıxır, hər bir təşkilat, o cümlədən DSMF-nin rayon şöbəsi sonrakı fəaliyyətində onları nəzərə alır.
Əminliklə deyə bilərəm ki, 2012-ci ildə əhalinin sosial həyatının zənginləşməsində daha fəal iştirakımız olacaqdır.
Kamran Muradov,
Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinin müdiri

Şərh Yaz