2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları

2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları“2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2012-ci ildə qarşıda duran vəzifələr haqqında” İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı N.H.Ələkbərovun məruzəsi
Yola saldığımız 2011-ci il Azərbaycan Respublikasının sosial-iqtisadi həyatı üçün çox səmərəli və əhəmiyyətli il olmuşdur. Azərbaycanın müstəqil dövlət kimi möhkəmləndirilməsində, demokratik cəmiyyətin inkişafında, daxili və xarici siyasətin uğurla həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji yollar və konsepsiyalar yaradıcılıqla davam etdirilmişdir. İqtisadi və maliyyə böhranının 2011-ci ildə də bəzi istiqamətlərdə qalmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində ölkə öz inkişafını daha da sürətləndirmişdir.
Milli və Dövlət maraqları üzərində qurulan xarici siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası iki il müddətinə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
2011-ci ildə qeyri neft sektorunun inkişafında 10 faizə yaxın artım əldə olunması Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin yüksək nəticəsi kimi qiymətləndirilməlidir.
Cənab Prezidentin 2009-cu il oktyabr ayının 29-da İsmayıllıya etdiyi səfər zamanı verdiyi tapşırıq, tövsiyə və məsləhətlər sonrakı illər üçün rayon rəhbərliyinin fəaliyyət proqramı olmuşdur. Bunlarla yanaşı hesabat ilində əsas diqqət Dövlət Proqramında, cənab Prezidentin fərman və Sərəncamlarında nəzərdə tutulmuş tədbirlərin icrasına yönəlmiş, yüksək nəticələr əldə edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə İvanovka zonasına içməli su çəkmək üçün ayrılmış 3,5 milyon vəsaitə uyğun layihə hazırlanmış, işə başlanmış və 2011-ci ildə istifadəyə verilmişdir. İlin dördüncü rübündə yeni su kəmərinin Ruşan, İvanovka, Soltankənd, Hacıhətəmli və Mollaisaqlı kəndlərində təntənəli açılışı olmuşdur. Layihənin başa çatması ilə 10 min nəfərdən çox əhalisi olan 9 kəndin sakinləri Azərbaycan Dövlətinin iqtisadi qüdrətinin və Prezidentin qayğısının bəhrəsi olaraq içməli sudan istifadə edirlər. 2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları
Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətində Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər imtiyazlı insanlara qayğı əsas yer tutur. 2011-ci ildə bu kateqoriyadan olan insanlar üçün 36 mənzilli yaşayış binası, 2 fərdi ev tikilib istifadəyə verilmişdir. Lahıc qəsəbəsində daha 2 fərdi evin inşası davam etdirilir.
Rayon ərazisində müəyyən edilmiş proqram əsasında tikinti, quruculuq, abadlıq, müasirləşmə və yeniləşmə işləri davam etdirilmişdir. 2011-ci ildə Soltankənd kəndində 180 şagird yerlik, təlimin və pedaqoji əməyin təşkili üçün hər cür şəraiti olan məktəb tikilib istifadəyə verilmiş, Aşıqbayramlı məktəbinin binası əsaslı təmir olunmuş, Kürdeldarbəyli, Sərdahar və Talış kəndlərinin hər birində 80 yerlik məktəb binalarında inşaat işləri davam etdirilmişdir. Şəhər 1 saylı tam orta məktəbin həyətində rayon İcra Hakimiyyətinin sifarişi ilə mini-futbol meydançası quraşdırılmışdır. Lahıc qəsəbəsi və İvanovka kəndində sahə xəstəxanalarının, Topçu və Tircan kəndlərində isə həkim məntəqələrinin inşasına başlanması 2011-ci ilin nailiyyətlərindən hesab edilməlidir.
Rayon İcra Hakimiyyəti yeni infrastruktur layihələrinin icrasında yalnız büdcədə nəzərdə tutulmuş vəsaitlə kifayətlənmir, Qeyri-Hökumət Təşkilatları, Beynəlxalq maliyyə qurumları, iş adamları ilə işgüzar əlaqələr yaradır. Bunun nəticəsidir ki, Mollaisaqlı və Hacıhətəmli kəndlərində Azərbaycan Kənd İnvestisiya layihəsi çərçivəsində məhəllədaxili su xəttləri çəkilmişdir. Həmin layihə ilə əməkdaşlıqla bir neçə kənddə daxili yollar təmir edilmişdir. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə şəhər ərazisində 2 artezian quyusu qazılmış və Yaponiyanın Azərbaycandakı şəfirinin iştirakı ilə istifadəyə verilmişdir. Quşencə kəndində həmin istiqamətli layihə əsasında uşaq bağçası üçün yeni bina tikilmişdir.
2011-ci ildə rayon büdcəsi gəlirlər üzrə 18 milyon 451 min 857 manat əvəzinə, 17 milyon 720 min 712 manat olmuşdur. Büdcə gəlirlərinin icrası 96 faiz təşkil etmişdir. Yerli büdcə xərcləri 93 faiz icra edilmişdir. Hesabat dövründə ümumi məhsul buraxılışı 400 milyon 370 min manat olmuşdur.
Kənd təsərrüfatı məhsullarının həcmi isə əvvəlki illə müqayisədə 119 faiz təşkil edir.
Əsas kapitala hesabat ilində 33 milyon 400 min manat investisiya qoyulmuşdur.
Pərakəndə əmtəə dövriyyəsi 2010-cu ildəki 62 milyon 62 min manatdan artaraq 72 milyon 140 min manata çatmışdır.
Ölkədə davamlı olaraq gedən pensiya islahatının nəticələrini rayonumuzun timsalında aydın görmək olar. 2010-cu ildə orta aylıq pensiya 99 manat idisə, 2011-ci ildə 131 manat olmuşdur.
Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ili “Turizm ili” elan etmişdi. Bu münasibətlə rayonda genişmiqyaslı işlər görülmüş, ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir.
Nizami küçəsində fiziki şəxs tərəfindən “Çıraq” oteli tikilib istifadəyə verilmişdir. Rayon ərazisində turizm istirahət mərkəzlərinin sayı 22-yə çatmışdır. 2011-ci ildə rayona 59500 nəfər turist gəlmişdir. Bu rəqəm 2009-cu ildə 15 minə yaxın idi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu il yanvar ayının 16-da keçirilən iclasında 2012-ci ili cənab Prezident “İdman ili” elan etmişdir. İdman ilinin xarakterindən, tələblərindən irəli gələn tədbirlərimiz daha səmərəli, daha genişmiqyaslı olacaqdır. Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi, Olimpiya-İdman Kompleksi ilin proqramını birgə hazırlamalı və həyata keçirilməsini təmin etməlidirlər.
Özəl sektorun, sahibkarlıq fəaliyyətinin inkişafı Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətidir. Hesabat ilində də sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Turizm və istirahət mərkəzlərinin tikintisində və onların fəaliyyətinin təşkilində bu hal özünü daha qabarıq göstərir.
Turizmlə bərabər iqtisadi inkişafın tələblərinə uyğun sahələr, çörəkbişirmə, üzümçülük, şərabçılıq, arıçılıq, meyvəçilik, taxılçılıq yönümlü sahibkarlıq fəaliyyəti daha sürətlə inkişaf edir.
Kənd təsərrüfatı istehsalının təşkili və idarə olunması sahəsi təkmilləşdikcə, əldə olunan nəticələr də yüksəlir.
2011-ci ildə kənd təsərrüfatı istehsalının ümumi həcmi 58 milyon 692 min manat təşkil etmişdir ki, bu da 2010-cu ildəkindən 9 milyon 298 min manat çoxdur. Ötən il 5 min 51 ton diri çəkidə ət, 385 ton yun, 33 min 709 ton süd, 7 min 711 ton meyvə, 6242 ton kartof istehsal olunmuşdur. 2011-ci ildə sahələrdən 47 min 517 ton buğda, 9 min 639 ton arpa götürülmüşdür. Taxılın məhsuldarlığı hektardan 20,1 sentner olmuşdur ki, bu da 2010-cu ildəkindən 4 sentner çoxdur. Qeyd olunan göstəricilər 2010-cu ilin nəticələri ilə müqayisədə 15-20 faiz çoxdur. Kənd təsərrüfatı istehsalına dövlət qayğısı, bu sahəyə rəhbərliyin təkmilləşdirilməsi məhsuldarlığın yüksəlməsi üçün möhkəm zəmin yaradır.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonun elektrik şəbəkəsinin yenidən qurulması, İsmayıllı şəhəri və rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bir sıra ictimai binaların istilik təchizatı sisteminin bərpası və yenidən qurulması, şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulmuşdur. Biz fəaliyyətimizi Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərin həllinə yönəltmiş və bu istiqamətdə işlərimizi davam etdiririk.
Əhaliyə göstərilən kommunal xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması şəhərin və digər yaşayış məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması və inkişaf etdirilməsi, antisanitariyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, yaşayış binalarının cari və əsaslı təmiri üçün rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar Sahəsi əsaslı işlər görmüş, tədbirlər həyata keçirmişdir. Görülən işlərin nəticəsində problemlərin əksəriyyəti aradan qaldırılmışdır.
Son illər rayonda istilik təchizatı sisteminin bərpası, yenidən qurulması işi davam etdirilmişdir. Yeni tikilmiş, əsaslı təmir aparılmış məktəblərdə, RİH, təhsil və mədəniyyət şöbələrinin, mərkəzi xəstəxananın yerləşdiyi binalarda, əlillər və şəhid ailələri üçün tikilmiş yaşayış evlərində və digər binalarda modul tipli qazanxanalar quraşdırılmışdır.
İnsan həyatı və ailələrin məişət şəraitinin yaxşılaşması üçün qaz və elektrik enerjisi təchizatının əvəzsiz əhəmiyyəti vardır. İşə bu əsasda yanaşan qaz istismar sahəsi və rayon elektrik şəbəkəsi öz baş idarələrinin və rayon İcra Hakimiyyətinin yaxından köməyi ilə işdə əsaslı dönüş yaratmışlar. 2011-ci ildə şəhərin Cavanşir, Əlağa Vahid, İsrayıl Həsənov, Nizami, Natiq Səmədov, Mir Cəlal Paşayev, Hacı Zeynalabdin Tağıyev, Babadağ və Sabir küşələrində yeraltı qaz kəmərləri yenidən çəkilərək yerüstü sahəyə çıxarılmışdır. Yeniyol və Hapıtlı kəndlərinə, Aşıqbayramlı və Kürdmaşı kəndlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin evlərinə qaz xətti çəkilmiş, məişət qaz sayğacları quraşdırılmış və qaz verilişi bərpa olunmuşdur. Yeniyol kəndində yeni massivdəki 39 evə qaz çəkilmiş, Sabir, Natiq Səmədov küçələrində və İsmayıllı kəndində polietilen daşıyıcı qaz kəmərləri çəkilmişdir. Əsası odur ki, qışın kəskin şaxtalı günlərində qaz təchizatında fasilələr yaranmamışdır.
Satılmış təbii qazın dəyərinin 90,8 faiz yığılması onu göstərir ki, qaz istismar sahəsi fəaliyyətinin bu istiqaməti ilə daha ciddi məşğul olmalı, yığımı 100 faizə çatdırmalıdır.
Rayon elektrik şəbəkəsi 2011-ci ildə elektrik verilişi xətlərində 130 ədəd dayağı dəyişdirmiş, müxtəlif güclü 18 ədəd zədələnmiş transformatoru təmir etdirərək yerində quraşdırmış, 65 transformator yarımstansiyasında cari təmir işləri aparılmışdır. İl ərzində 280 ədəd elektron və 180 ədəd “Smart-kart” tipli sayğac quraşdırılmışdır. İstifadə olunan elektrik enerjisi haqqının yığımı 96,2 faiz olmuşdur. Yığımın 2010-cu ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlməsi işə məsuliyyətli münasibətin təzahürü kimi qiymətləndirilir.
Rəqəmlə müqayisədə işlər yaxşı olsa da, bu günün sosial tələbi baxımından hələ qaneedici deyildir.
Yola saldığımız 2011-ci ildə əhalinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Kənd bələdiyyələri, icra nümayəndələri qarşısında əhalinin içməli suya olan tələbatını ödəmək vacib şərt kimi qoyulmuşdur. Kənd bələdiyyələrinin vəsaiti hesabına bir neçə kəndə içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir işləri aparılmışdır.
“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə II layihə” çərçivəsində Dünya Bankının vəsaiti hesabına İsmayıllı şəhərinin, İsmayıllı, Mican və Qəzli kəndlərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə başlanmışdır.
İftixar hissi ilə qeyd olunmalıdır ki, zəngin maarifçilik ənənələrinə malik olan təhsilimiz aparılan islahatlar nəticəsində bu gün beynəlxalq standartlara cavab verən bir səviyyəyə yüksəlmişdir.
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” rayonda uğurla həyata keçirilir. Hazırda İsmayıllıda 20 şagirdə 1 kompyuter düşür.
Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş şəkildə aparılan buraxılış imtahanlarında XI sinif şagirdlərinin 85 faizi bütün fənlərdən müsbət qiymətlə orta məktəbi bitirmək haqqında attestat almışdır. IX siniflərin buraxılış imtahanları daha müvəffəqiyyətli olmuş, 96 faiz şagird ümumi orta təhsili müvəffəqiyyətlə başa vurmuşdur.
Ötən il məzunların ali məktəblərə qəbulu daha yaxşı olmuş, 270 nəfər məzun tələbə adını qazanmışdır. Bunlardan 18 nəfəri 600-dən yuxarı, 50 nəfər isə 500-600 arasında bal toplamışdır.
“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsində məktəb və müəllimlərimiz ənənəyə sadiq qalaraq 2011-ci ildə də fəal iştirak etmiş, uğurlar qazanmışlar. Sumağallı, Buynuz və Qoşakənd tam orta məktəbləri “Ən yaxşı məktəb”, İsmayıllı kənd tam orta məktəbinin müəllimi Əsgər Manafov “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşlar.
Rayonda gənclərin peşə təhsilinə də xüsusi əhəmiyyət verilir. Belə ki, 2011-ci ilin mart ayında otelçilik və turizm istiqamətli 480 yerlik Peşə Tədris Mərkəzi istifadəyə verilmişdir.
Mərkəzdə rayonda və regionda ehtiyac duyulan ixtisaslar üzrə kadr hazırlığının təşkilindən artıq razılıqla danışmaq olar.
Rayon İcra Hakimiyyəti qazanılan nailiyyətlərə əsaslanaraq 2011-ci ildə genişmiqyaslı təhsil bayramı keçirmişdir. 2012-ci ildə “İsmayıllı günləri” devizi ilə bütün sahələrdə qazanılan nailiyyətlərə həsr olunmuş bayram keçiriləcəkdir. Təhsildəki uğurlar yenə də bayramın zirvə mərhələsində duracaqdır.
Bütün bunlarla yanaşı, rayonun təhsil sistemində müəyyən problem və çətinliklər də mövcuddur. Dağlıq ərazidə yerləşən bir sıra məktəblərimizin binaları müasir tələblərə cavab vermir. Qəza vəziyyətində olan təhsil müəssisələrimiz də vardır. Az kontingentli məktəblərimiz daşınma təşkil olunmadığı üçün hələ də qalmaqdadır. Belə vəziyyət tam orta təhsildən yayınma hallarına səbəb olur.
Hesabat ilində səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir.
Ümumilikdə isə, rayon üzrə səhiyyənin, tibbi xidmətin müasir tələblər səviyyəsində olduğunu demək mümkün deyildir. Düzdür, mərkəzi xəstəxananın bir neçə şöbəsində təmir işləri aparılmış, isitmə sistemi quraşdırılmış, yeni tibbi avadanlıqlar alınmışdır.
2011-ci ildə 1127 nəfər uşaq doğulmuş, ana ölümünə yol verilməmişdir. Difteriya, polimelit, qara yara, malyariya kimi yoluxucu xəstəliklər baş verməmişdir. Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yaşayış məntəqələrində kompleks tədbirlər, infeksiya ehtimalı olan mənbələrdə dezinfeksiya işləri aparılmışdır.
2010-cu ildə rayon Mərkəzi Xəstəxanasına verilmiş müasir reanimasiya və təcili yardım maşınları İsmayıllı sakinlərinə göstərilən tibbi xidmətin yaxşılaşmasına imkan yaratmışdır.
Mərkəzi xəstəxananın binası müasir səhiyyənin təşkili baxımından yararlı deyildir. Yeni diaqnostika və müalicə aparatlarının kompleks istifadəsi yox dərəcəsindədir.
Həkim çatışmazlığından hər il danışılır, lakin tədbir görülmür. İndiki mühit və imkanlara əsaslanaraq əmin olmaq istərdim ki, səhiyyə sistemində olan nöqsanlar mərkəzi xəstəxananın rəhbərliyi tərəfindən tezliklə aradan qaldırılacaqdır. 2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları
Rayon ərazisində mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlər davam etdirilmişdir.
2011-ci ildə mədəniyyət xərcləri üzrə 877 min 217 manat vəsait nəzərdə tutulmuş, onun 97 faizi xərclənmişdir.
Əhaliyə mədəni xidmətin yaxşılaşdırılması, istedadlı gənclərin üzə çıxarılması və onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi sahəsində xeyli iş görülmüş, rayon incəsənət məktəbi müəllimləri və şagirdlərinin, mədəniyyət evləri bədii-özfəaliyyət kollektivlərinin konsertləri təşkil olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin, digər təşkilatların keçirdiyi müsabiqə və festivallarda istedadlı gənclərimiz fəal iştirak etmişlər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin elan etdiyi “Turizm ili” çərçivəsində və “İsmayıllı-Azərbaycanın sənətkarlıq paytaxtı” proqramı əsasında həyata keçirilən tədbirlər əhatə miqyasına, məzmun və formasına görə daha çox fərqlənmişdir. Hər iki istiqamətdə rayon mədəniyyət və turizm şöbəsi aid təşkilatların fəal iştirakı ilə fərqli nailiyyətlər qazanmışdır.
Mədəniyyət və incəsənət işlərinin keyfiyyətcə yaxşılaşması ilə yanaşı bir sıra nöqsanlar da mövcuddur. Əksər kənd klubları və mədəniyyət evləri fəaliyyətsizdir. Səriştəsiz, ixtisassız kadrlar uzun illərdir ki, bu sahələrdə qalmaqdadır. Kəndlərin klub və mədəniyyət evlərinin əsasında mədəniyyət mərkəzi yaratmaq üçün İsmayıllı pilot rayon kimi seçilmişdir. Bunun nəticəsini gözləmədən mövcud klub, mədəniyyət evi və kitabxanaları işlək vəziyyətə gətirmək lazımdır. Mədəniyyət müəssisələri kimlər üçünsə, sosial təminat xarakteri daşımamalıdır.
Rayon Gənclər və İdman İdarəsi 2011-ci ildə “Dövlət Gənclər Siyasəti haqqında” Qanuna uyğun olaraq gənclərin asudə vaxtının səmərəli təşkili, ictimai fəallığının artırılması sahəsində tədbirləri davam etdirmiş, gənclərin mənəvi-əxlaqi, vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsini ön plana çəkmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı əsasında fəaliyyətini quran rayon Gənclər və İdman İdarəsi bir sıra istiqamətlərdə fəallığını artırmış, Olimpiya-İdman Kompleksi ilə birgə idmanın kütləviliyini artıra bilmişdir.
2011-ci ildə gənclərlə iş üzrə zona və respublika miqyaslı tədbirlərdə 90 nəfər, bədən tərbiyəsi və idman sahəsində zona yarışlarında 564 nəfər, respublika yarışlarında 1798 nəfər iştirak etmişdir. Beş beynəlxalq yarışa gedən17 idmançımızdan 4 nəfəri birinci yeri, bir nəfəri isə üçüncü yeri tutmuşdur.
Qeyd etməliyəm ki, gənclər siyasətinin həyata keçirilməsində düşünülmüş sistem, ideoloji zəmin, ardıcıllıq lazımi səviyyədə yaradılmamışdır. Gənclərin ideya-siyasi tərbiyəsi, mövcud nümunələr əsasında onların tərbiyəlilik səviyyəsinin yüksəldilməsi qənaətbəxş deyildir.
Əhalinin ən çox müraciət etdiyi, ən çox qayğı gözlədiyi təşkilatlardan olan rayon Əhalinin Sosial Müdafiə Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi fəaliyyətlərini Azərbaycan Respublikasının Qanunları və vətəndaşların qanuni maraqları üzərində qurmuşlar. İnsanları daha çox maraqlandıran ünvanlı sosial yardıma aid bəzi rəqəmləri diqqətinizə çatdırmaq istərdim. Bir yanvar 2012-ci il tarixə 1629 ünvanlı sosial yardım işi dövriyyədə olmuşdur. Bu ailələrin 7351 üzvünə yardım verilir. 2011-ci il ərzində bu məqsədlə 2 milyon 468 min 794 manat vəsait ödənilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi ardıcıl aparılan pensiya islahatlarının nəticələrini pensiyaçılara vaxtında çatdırır. Şöbənin uçotunda duran 13 min 698 nəfər pensiyaçı pensiyasını plastik kartlarla alır. 01 yanvar 2012-ci il tarixə ödənməmiş pensiya vəsaiti qalmamışdır. 2011-ci ildə ödənmiş əmək pensiyalarının həcmi 19 milyon 419 min 530 manat olmuşdur.
Rayon məşğulluq mərkəzi Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na əsaslanaraq fəaliyyətini daha da canlandırmışdır. Nəticələr rəqəmlərdə aydın əksini tapmışdır. 2011-ci ildə 24 hüquqi və fiziki şəxs qeydiyyata alınmışdır. 594 nəfər işsiz vətəndaş mərkəzə müraciət etmiş, 347 nəfəri işlə təmin olunmuşdur. 27 sentyabr 2011-ci il tarixdə keçirilən Əmək yarmarkasına 178 boş iş yeri təqdim edilmişdir. 97 nəfər işsiz vətəndaş işə göndərilmiş, 8 nəfər ictimai işə, 14 nəfər peşə hazırlığı kursuna cəlb olunmuşdur. 01 yanvar 2012-ci il tarixə Məşğulluq Mərkəzində işsiz statusu almış 778 nəfər qeydiyyatdadır. Dövlət məşğulluq xidmətinin müəyyən etdiyi istiqamətlər əsasında onlarla müntəzəm iş aparılır.
“Azərpoçt”un İsmayıllı filialı maliyyə xidmətlərini kəmiyyət və keyfiyyətcə yaxşılaşdırmağa çalışmış, nəticədə, 2010-cu illə müqayisədə 5,6 min manat artıq gəlir əldə etmişdir.
Maliyyə xidmətləri göstərmək üçün Mərkəzi Bank tərəfindən 12 poçt şöbəsinə lisenziya verilmişdir. Poçt mübadiləsi və digər xidmətlərin təşkili üçün xüsusi təyinatlı avtomaşın alınmışdır.
Rayon telekommunikasiya qovşağı 2011-ci ili müvəffəqiyyətlə başa vurmuş, 711 min manat gəlir əldə etmişdir. 260 mənzilə yeni telefon çəkilmiş, 377 abunəçinin telefon xətti yenidən bərpa olunmuşdur. Hal-hazırda 596 abunəçi genişzolaqlı sürətli internet xidmətindən istifadə edir. Qurulan yeni ATS-lərin və görülən tədbirlərin nəticəsidir ki, indi rayon üzrə hər 100 ailəyə 63 telefon düşür. Şəhərdə 707, kəndlərdə isə 1118 abunəçiyə yeni telefon xətti çəkmək imkanı hələ də istifadəsiz qalmaqdadır.
Xidmət təşkilatlarının daha çox müsbət işlərindən bəhs etdim. Onların rəhbərlərinə xatırlatmaq istərdim ki, yol verdikləri ən kiçik nöqsan böyük narazılıqlara səbəb olur. Ötəri bir diqqətsizlik vətəndaşları şikayət üçün rayon İcra Hakimiyyətinə, Respublika təşkilatlarına yönəldir. Hər bir vəzifəli şəxs bundan sonrakı fəaliyyətində daha məsuliyyətli, diqqətli və həssas olmalıdır. Unutmamalıyıq ki, vətəndaşlar bizi dövlətin təmsilçiləri kimi tanıyırlar.
Rayonda ictimai-siyasi mühitin yaxşılaşdırılması ilə əlaqədar ardıcıl, sistemli iş aparılır. İdeya – siyasi işdə, ictimai-siyasi fəaliyyətdə Azərbaycan Respublikası Konstitusiyası, Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqları, müvafiq qanunvericilik aktları əsas götürülür.
Bölgənin ictimai-siyasi həyatında baş verən proseslərə, nadir hallarda olsa da, özünü göstərən tendensiyalı hərəkətlərə ciddi nəzarət edilir. Bütün yaşayış məntəqələri, idarə və müəssisələrdə gedən proseslər aid orqan və təşkilatlar tərəfindən idarə olunur, hər hansı bir istiqamətdə qanundan kənar hərəkətlərin baş verməsinə, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunundan kənara çıxma hallarına yol verilmir.
Yerlərdə qeyd olunan dövlət bayramlarında, dini bayramlarda, tarixi günlərdə rəhbərlik müntəzəm iştirak edir.
Həyata keçirilən ictimai-siyasi tədbirlərin nəticəsidir ki, bölgənin bütün əhalisi dövlətin sosial-iqtisadi siyasəti ilə yaxından tanışdır. Ölkənin inkişafı barədə əhatəli informasiyaya malikdir, dövlətçiliyə möhkəm bağlıdır.
İdeoloji işin gücləndirilməsi, ictimaiyyətlə hakimiyyət arasında birliyi, sıx vəhdəti təmin etmək üçün Heydər Əliyev Mərkəzinin imkanlarından səmərəli istifadə edilir. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Mərkəzdə əsil yaradıcılıq mühiti hökm sürür. Burada rəssamlıq emalatxanası, ingilis dili və fransız dili, texniki yaradıcılıq dərnəkləri fəaliyyət göstərir. Mərkəzin birinci mərtəbəsi yaradıcılıqla məşğul olan şagird və gənclər, onların əl işlərinin sərgisi üçün ayrılmışdır.
Rayon İcra Hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirlərini Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə aparır. Rayonda YAP üzvlərinin sayı 7 min nəfərə çatmışdır və yeganə siyasi qüvvə kimi bölgədə yalnız o tanınır.
Rayonumuzda ordu sıralarına çağırış, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılır. 2011-ci ildə “Azərbaycan Respublikasında Hərbi Xidmətə Çağırışın Əsasları haqqında” Qanunun və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq hərbi xidmətə çağırış tapşırığı yerinə yetirilmişdir. Ümumi və qismən səfərbərliyə daim hazır olmaq məqsədilə hərbi komissarlıq mütəmadi olaraq təlim-toplanış məşğələləri keçirmiş, ordu quruculuğunda idarə və müəssisələrin, digər təşkilatların rolunun nədən ibarət olmasını onlara izah etmişdir.
Hesabat dövründə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əsaslı işlər görülmüş, rayonda kriminogen vəziyyətin sabit saxlanması, qanun pozuntularına qarşı mübarizə tədbirləri gücləndirilmişdir. Hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Daxili İşlər Nazirliyinin, Respublika Baş Prokurorluğunun, Ədliyyə orqanlarının əmr və göstərişləri yüksək səviyyədə icra edilmişdir.
Aparılan məqsədyönlü əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində rayonda əməliyyat şəraiti daim nəzarətdə saxlanılmış, ötən il 128 ümumi cinayət hadisəsi qeydə alınmışdır. Tamamlanmış işlər üzrə açılma 95,7 faiz olmuşdur.
2011-ci il ərzində rayon İcra Hakimiyyəti və rayon prokurorluğunun əməkdaşları tərəfindən hüquqi biliklərin təbliği ilə bağlı idarə, müəssisə və təşkilatlarda müntəzəm görüşlər keçirilmişdir. “İsmayıllı xəbərləri” qəzetində “Hüquqşünasın tribunası” rubrikası açılmış, əhalinin mətbuat vasitəsilə hüquqi biliklər üzrə maarifləndirilməsi həyata keçirilmişdir.
Təqdirəlayiq haldır ki, ağır və xüsusilə ağır cinayətlər 4, qəsdən adamöldürmə 2, qəsdən sağlamlığa ağır zərər vurma 2 və xuliqanlıq kimi cinayətlər 2 fakt azalmışdır.
İsmayıllı rayon məhkəməsində 2010-cu ildə cinayətkarlığa qarşı mübarizə daha da gücləndirilmiş, mülki işlərin, inzibati materialların və təqdimatların baxılmasına diqqət artırılmışdır.
İl ərzində məhkəmənin icraatında 534 mülki, 56 cinayət işi, 255 inzibati material olmuşdur. Onların hamısı qanunauyğun həllini tapmışdır.
Qeyd etdiyim sahələrdə nəticələr ona görə müsbətdir ki, hüquq mühafizə orqanları ədliyyə orqanları və qanunun imkan verdiyi səviyyədə icra orqanları ilə birgə işləyirlər.
2011-ci ilin yanvar ayının 10-dan 31-dək Rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmiş, hesabatlarda rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın şöbə müdirləri iştirak etmişlər. Hesabatlarda vətəndaşların təklifləri, həmçinin tənqidi qeydlər ümumiləşdirilmiş, tədbirlər planı hazırlanaraq icrasına başlanmışdır. Vətəndaş təkliflərinin böyük əksəriyyəti kəndlərin sosial problemlərinə yönəlmişdir. Bütün bunlar RİH-nin ərazi idarəetmə orqanları ilə iş şöbəsində ümumiləşdirilmiş, məsələlər icra üçün aid təşkilatlara göndərilmişdir.
İsmayıllı rayon bələdiyyələri əlaqələndirmə şurası 36 bələdiyyəni özündə birləşdirir. Şura bələdiyyələrin səlahiyyətində olan yerli əhəmiyyətli məsələlərin müzakirə edilməsi, həmin məsələlərlə əlaqədar ortaya çıxan problemlərin birgə həlli yollarının müəyyən edilməsi, səmərəli iş təcrübəsinin öyrənilib ümumiləşdirilməsi və yayılması, dövlət orqanları ilə bələdiyyələrin qarşılıqlı fəaliyyətinin uzlaşdırılması, yerli özünüidarə sisteminin inkişafı üzrə təkliflərin hazırlanması istiqamətində iş aparmışdır. Bunlarla yanaşı o da qeyd edilməlidir ki, İsmayıllı, Diyallı, Aşıqbayramlı bələdiyyələrində qanun pozuntularına yol verilmişdir.
Bir sıra bələdiyyələrdə passivlik, müasir özünüidarəetmə qaydalarından kənarlaşma, sosial problemlərin həllinə yaxınlaşmamaq halları qalmaqdadır. 2012-ci ilin sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynamaq üçün bələdiyyələrin əlaqələndirmə şurası və bütün bələdiyyələr qeyd olunan nöqsanları qətiyyətlə aradan qaldırmalıdırlar.
Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin fəaliyyətinin tənzimlənməsi, müasir iş stili və metodlarından istifadə olunması daim diqqət mərkəzində saxlanılır, idarəetmədə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə edilir. Nümayəndəliklərin böyük əksəriyyəti kompüterlə təmin edilmiş, kənd ATS-ləri elektronlaşdırılmış, mobil operator stansiyaları quraşdırılmışdır. Bir sıra nümayəndəliklərdə internetdən istifadə edilir. Ayda iki dəfə icra nümayəndələrinin seminarı keçirilir.
Rayon İcra Hakimiyyəti sənədlərlə işi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilini Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və sərəncamları ilə təsdiq edilmiş normativ hüquqi akt və sənədlərin tələbləri əsasında aparır.
Rayon İcra Hakimiyyəti əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də vətəndaşların qəbuluna, onların ərizə, şikayət və müraciətlərinə baxılmasına diqqətlə yanaşmışdır.
Rayon İcra Hakimiyyətində qəbul başçının sərəncamı ilə təsdiq edilmiş qrafik əsasında aparılır. Əsaslı təmirdən sonra rayon İcra Hakimiyyətinin binasında yeni qəbul otağı və gözləmə zalı yaradılmışdır. RİH başçısının müavinləri və şöbə müdirləri də müraciət edən vətəndaşları burada qəbul edir, ehtiyac olan tədbirləri görürlər. Rayon İcra Hakimiyyətinin saytı yaradılmış, icra hakimiyyətinə bu yolla da müraciətlər daxil olmuşdur.
Ötən il 439 vətəndaş Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuş, 1724 nəfər ərizə və məktubla müraciət etmişdir. Onların böyük əksəriyyətinin qanuni istək, arzu və tələbləri yerinə yetirilmişdir.
2011-ci ildə torpaq, kənd təsərrüfatı, tikinti, mənzil, maddi yardım, işlə təmin olunmaqla bağlı müraciətlər üstünlük təşkil etmişdir. 2011-ci ildə yerlədə səyyar qəbul-görüşlərin keçirilməsinə daha çox üstünlük vermişik. Qəbul-görüşlərə 3543 nəfər gəlmiş, 291 nəfər 395 məsələ ilə bağlı rayon İcra Hakimiyyətinin başçısına müraciət etmişdir.
Səyyar qəbullarda Millət Vəkilləri Novruzəli Aslanov, Ərəstun Cavadov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri də bir qayda olaraq iştirak etmişlər.
Qaldırılan məsələlər diqqət mərkəzində saxlanmış, qəbuldan sonra müzakirə olunmuş, problemlərin həlli yolları müəyyənləşdirilmiş, təklif və müraciətlərin icrası təmin edilmişdir. Yaşayış məntəqələrinin hamısını əhatə etmək üçün RİH başçısının müavinləri və şöbə müdirləri də yerlərdə qəbul keçirmişlər.
Rayonda kadrların ehtiyat bazasının yaradılması, layiqli gənclərin məsul işlərə irəli çəkilməsi davam etdirilmişdir. Səhiyyə, təhsil və mədəni maarif müəssisələrində, digər idarə və təşkilatlarda gənc kadrlara üstünlük verilir, onlar siyasi-ideoloji işlərə, həmçinin rəhbər vəzifələrə məsləhət bilinirlər.
Ölkədə qurulan, yaradılan nə varsa hamısı Dövlətimizin inkişafı, əhalinin yaxşı yaşaması, rifahının daim yüksəldilməsi üçündür. Lakin bəzi hallarda vətəndaşlara münasibətdə yol verilən nöqsanlar, süründürməçilik, bürokratizm halları onların haqlı narazılıqlarına səbəb olur. Hər kəs bilməlidir ki, vətəndaşın müraciəti heç vaxt cavabsız qalmamalıdır. Vətəndaş əgər birbaşa yuxarı orqanlara müraciət edirsə, deməli yerdəki məmurlara etimadsızlıq göstərir. Belə hallar minimuma ensə də, geniş ictimaiyyətin təmsil olunduğu hesabat yığıncağında bunlar barədə danışmağı vacib bildim.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinə bütün ölkədə, eyni zamanda İsmayıllıda sədaqət göstərilir, onun Fərman, Sərəncam və tapşırıqları məsuliyyətlə, dönmədən həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edirəm ki, möhtəşəm vəzifələrin həyata keçirilməsində, milli maraqlar üzərində qurulmuş iqtisadiyyatın sürətli inkişafında ismayıllılar həmişə öndə olacaq, 2012-ci ildə daha yüksək nailiyyətlərə çatacaqlar.

Şərh Yaz