Doğma dilim, sən ki varsan…

İlk dəfə gözümüzü həyata açanda başımızın üstündə əziz, mehriban və doğma bir insanı – anamızı görmüşük. Bizə can da, qan da verən bu müqəddəs varlıq olub. Onun zərif qolları üzərində rahatlanmış, şirin laylalarını eşidə-eşidə yuxuya getmişik. Anamızın çaldığı laylalarla dünyanın bütün gözəllikləri, həyatın şirinliyi canımıza, qanımıza hopub:
Laylay dedim yatasan,
Qızılgülə batasan.
Qızılgüllər içində
Şirin yuxu tapasan.
Laylay, bülbülüm, laylay,
Körpə sünbülüm, laylay.
Həzin nəğməyə bələnmiş, minilliklərlə tarixi olan şirin bir dilin möcüzəsidir laylalarımız. Dağ şəlaləsi kimi saf, büllur olmaqla bu gün dünyanın 50 milyondan çox əhalisinin milli-mənəvi sərvətinə çevrilib ana dilimiz. Bizi qanadında pərvazlandırıb, uzaq, əlçatmaz, sirli-soraqlı ənginliklərə ucaldıb bu dil.
Şirin ana laylalarımızdan tutmuş, dəyərli atalar sözlərinə, nağıllara, dastanlara, əfsanələrə, rəvayətlərə, duzlu-məzəli lətifələrə sığmayan dürlü-dürlü sözlərimiz bütün məna çalarları ilə yaddaşlara bu dil vasitəsi ilə köçüb yaşamış və yaşamaqdadır. Şairin ölməz misraları ilə desək:
Daşlardan süzüldün sən zaman-zaman,
Suyu saflaşdırır daşdan keçməsi.
Yarandı dumduru damcılarından,
Bayatı çeşməsi, dastan çeşməsi.
“Ana dilində danışmaq böyük mədəniyyətdir”, – deyən Hegel haqlıdır. Müdriklərimizdən öyüd-nəsihət ala-ala, aqillərimizdən götürə-götürə, sənətkarlarımızın incilərindən, elmi mənbələrdən, alimlərimizin söz-söhbətindən faydalana-faydalana ömrümüz boyu öyrənirik: əlbəttə ki, ecazkar ana dilimizin köməyi ilə.
Tarixlər boyunca türk dilli, oğuz dili və bu gün Azərbaycan dili adlandırdığımız bu möcüzənin gözəlliyindən nə qədər danışıblar!
Bu dil tarixin, təbiətin yaddaşına həkk olunub. Sakit okeandan Avropaya qədər yayılmış daş kitabələrdə, özgə dillərin xəzinələrində, ən qədim dillərin toplusunda ana dilimizdən nişanələr görürük. Min illərin o üzündə bu dil ulu babamız Alp Ər Tunqanın ölümünə oğuz dilində söylənən ağı ilə Mahmud Kaşqarinin “Divani – lüğəti – türk” əsərində ən qədim şəkildə yazıya alınıb:
Alp Ər Tunqa öldu mu?
İssız ajun kaldı mu?
Ödlek öcün aldu mu?
Emdi yürək yırtılır.
Orxon-Yenisey abidələrindəki yazıları bugünkü danışığımızdan tək-tək sözlər ayırır. “Göy üzü çadırımız, günəş bayrağımız”, – deyən və Tanrının qüdrətinə sığınan türklər (təsadüfi deyil ki, V.Tomsenin kitabələrdən oxuduğu ilk söz Tanrı olmuşdur) yer üzünü qarış-qarış gəzib qəhrəman bir tarix yaratmaqla bərabər, bu möcüzə ilə də dünyanı heyran etmişlər.
Biz “Azərbaycan dili” ifadəsinə ilk dəfə XI əsr ədibimiz Xətib Təbrizinin yazısında təsadüf edirik. Müəllimi Əbül-Ülanın icazəsi ilə qonşusundan yaxınları haqqında hal-əhval tutan Xətib yazır: “…Mən qayıdıb müəllimimin yanında oturduqda o məndən soruşdu: ”Bu hansı dildir?” Dedim: ”Bu Azərbaycan xalqının dilidir”. Dedi: ”Mən sizin dili bilmirəm və başa düşmürəm, lakin sizin dili əzbərlədim”. Sonra qonşumla mənim danışdıqlarımızın hamısını artıq-əskiksiz, olduğu kimi, təkrar etdi. Mən onun başa düşmədiyi bir şeyi necə əzbərlədiyinə təəccüb etdim”.
Bu bizə gəlib çatan və dilimizin gözəlliyi, orfoepiyasının asanlığı haqqında hələlik ilk məlumatdır.
Nizami Gəncəvi milli mənsubiyyətinə görə azərbaycanlıdır. Dahi şair bizə gəlib çatmış əsərlərini dövrünün tələbinə uyğun, farsca yazmışdır. Lakin zaman onun türkəsayaq sözünü, düşüncəsini, türklük vüqarı və düşüncəsini qıra bilməmişdi. Yad dildə yazan Nizami doğma xalqını, onun gözəl şirin dilini bir an belə unutmazdı. Şair doğma dilini, onun ədəbi örnəklərini səmimi, saf bir sevgi ilə sevirdi.
O, türkcə yazmağı dadlı türk dovğasına bənzədir. Ancaq acı-acı şikayətlənərək bildirir ki, həbəş kimi qara və cahil adamlar onun dovğasını, türkcəsini anlamır. Zaman bu dadlı Gəncə dovğasını yeməyə hazır deyil.
Şirvanşah Axsitan Nizamiyə “Leyli və Məcnun” mövzusunda bir poema yazmağı sifariş edir. Şah bu təzə “gəlinə” ərəb-fars sözləri ilə zinət vurmağı əmr edir “Sənin türk dilin bizə yaraşmır. Bizim sarayımız türkəsaya adətlərə öyrəşməyib. Madam ki, biz varlıyıq və mənsəbimiz yüksəkdir, demək, biz yüksək dillər eşitməliyik”
Türkün dili yaraşmaz şah nəslimizə,
Əskiklik gətirər türk dili bizə, – deyir.
Şair bu məktubdan çox həyəcanlanır: “Mən oxudum… Qan başıma sıçradı. Demək mənim qulağımda köləlik halqası var… Mən qurudum, zəiflədim, susdum.“
Uzaq-uzaq dilsiz əsrlərin dərin qatlarından abi-həyat kimi süzülüb gələn, ulularımızın qəhrəmanlığı, adət-ənənələri əks olunan, elimizin gur çeşməsi, zülmətləri işıqlandıran nur qaynağı olan bu dil “Kitabi-Dədə Qorqud” dastanlarında öz gözəlliyi, yeni məna çalarları, ahəngdarlığı ilə üzə çıxır.
Azərbaycan xalqının şair xalq olmasını, əslində ilk dəfə söyləyən və onu əyani surətdə təsdiq edən də “Dədə Qorqud” dastanıdır. Bu, xalq ədəbiyyatı nümunəsində təkcə nəzm hissəsi deyil, onun nəsr hissəsi də çox yerdə qafiyəlidir: “ov ovladı, quş quşladı”; “ünüm ünlə, sözüm dinlə”; “bir savaş oldu, meydan dolu baş oldu”; “qucuşdular, görüşdülər, qazlıq atlar minişdilər”; “Amut soyunun aslanı, Qaraçuğun qaplanı” və s.
Xatırlatmaq yerinə düşər ki, bir çox xalqlar üç əsr əvvəlki yazılı abidələrini tərcümə vasitələri ilə oxuyurlar. Biz isə XI əsrdə yazıya alınmış “Dədə Qorqud” dastanını indi asanlıqla oxuyuruq. Bütün bunlar göstərir ki, elimizin söz çeşməsi, sənət inciləri dilimizin vasitəsi ilə nəsillərdən-nəsillərə ötürülür, sevilir, ruhlara köçürülür.
Sənət əsərindən gələn ənənələr ədəbiyyatımızda yaşayır, rəğbətlə qarşılanır və bütün bunlar dilimizin sayəsində mümkün olub. Dastanda bu dil öz gözəlliyi, yeni məna çalarları, ahəngdarlığı ilə üzə çıxır:
Bəri gəlgil, başım baxtı, evim taxtı,
Evdən çıxıb yürüyəndə səlbi boylum.
Topuğunda sarmaşanda qara saçlum,
Qurulu yaya bənzər çatma qaşlum,
Qoşa badam sığmayan dar ağızlum,
Güz almasına bənzər al yanaqlum,
Qadınım, dirəyim, döləyim.
Doğma adamlara məhəbbətdə bu dil necə zərif və incədirsə, Qaraca Çobanın və Qazan xanın ifadəsində düşmənin üzərinə yağdırılan nizə yağışına bənzəyir:
Boş-boş danışma, itim kafir!
İtimlə bir yalaqdan yal içən, azğın kafir!
Altındakı alaca atın nə öyərsən?
Ala başlı keçimcə gəlməz mənə!
Başındakı dəbilqəni nə öyərsən, ay kafir?
Başımdakı börkümcə gəlməz mənə!…
1300 ildən çoxdur ki, bu dastan ulularımızın, bu günümüzün, gələcəyimizin yolunda parlaq məşəl olmaqla yanaşı, dilimizin gözəlliyini qoruyan abidədir.
Yazılı ədəbiyyatımızda ana dilimizdə bizə gəlib çatan ilk nümunələr XIII əsr şairi İzzəddin Həsənoğlunun qəzəlləri və epik şeir örnəyi “Dastani-Əhməd Harami”-dir. Bu əsərlərin rəvanlığı sübut edir ki, həmin dövrə qədər Azərbaycan şeirinin zəngin ənənəsi olmuşdur.
Dilimizin XIV-XVI əsrlərdəki yüksəlişi mədəni və siyasi inkişafla, milli əsaslar üzrə dövlət quruculuğu, nəhayət mərkəzləşmiş Azərbaycan dövlətinin yaranması ilə sıx bağlıdır. Qazi Bürhanəddin və Qaraqoyunlu Cahan şah Həqiqi ana dilini sevir və türkcə gözəl şeirlər yazırdılar.
Həmin əsrlərdə dilimiz bir çox yeniliklərlə zənginləşmişdir. Fəlsəfi şeirin dəyərli incilərini yaradan Nəsimi poeziyası əsrlərdir ki, insanlara zövq verir, sevgi və gözəllik duyğuları aşılayır.
Azərbaycan dilinin başqa dillərin kölgəsindən çıxması, köləlikdən qurtarması “Ey türk oğulları, vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin!” – deyən Şah İsmayıl Xətai ilə bağlıdır. Məhz onun şahlığı zamanı türkcəmiz dövlət dili səviyyəsinə qalxır və beynəlxalq yazışmalarda işlənir. Geniş xalq kütləsinin başa düşdüyü səviyyədə şeirlər yazan Xətainin şairlik və hökmdarlıq istedadının vəhdəti isə Azərbaycan dilinin xoşbəxtliyi ilə nəticələnir.
Azərbaycan dilinin bütün əzəmətini, zənginlik və müdrikliyini üzə çıxaran isə Şah İsmayıl dövlətinin siyasi-mədəni şəraitinin yetişdirməsi Füzuli olmuşdur.
Şifahi ədəbi dilimizin ən qiymətli abidəsi “Kitabi-Dədə Qorqud” dastanı olduğu kimi, yazılı ədəbi dilimizin onunla eyni səviyyədə dayanan abidəsi Füzulinin “Leyli və Məcnun”udur. Bir tərəfdən xalq dilindən, digər tərəfdən elmi-ədəbi yazılı dildən qidalanıb büllurlaşan Füzuli dili ən mürəkkəb fikir və duyğuları ifadə etməyə qadir olmuşdur.
Həsənoğlu və Qazi Bürhanəddindən sonra bu dildə zəngin poetik əsərlər yazılsa da, orta əsrlər Azərbaycan dili məhz Füzuli yaradıcılığında ən yüksək inkişaf mərhələsinə çatır. Şair bəzən ana dilimizdə “nəzmü-nazik” (incə şeir) yazmağın çətinliyindən şikayətlənsə də, onun öhdəsindən bacarıqla gəlmişdir:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim
Nəzmü-nazik türk ləfzilə ikən düşvar olar….
Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm,
Növbahar olğac tikəndən bərgi-gül izhar olar.
Ana dilində “nəzmi-nazik” yaratmağa girişən şair inamla bu çətin işi asanlaşdırır. Sanki ilk bahar çağında tikanlardan ətirli gül aşkar olur. Füzuli dili xalq danışıq dilinin incəliklərinə, obrazlı ifadələrinə, saflığına, zənginliyinə bələnmiş bir dil səviyyəsinə yüksəlir. Ana dilli poeziamızın peyğəmbəri sayılan Füzuli yaradıcılığı ədəbi dilimizin inkişafında xüsusi mərhələ olub.
Beləliklə, özündən əvvəlki dövrün rişələrindən yaradıcılıqla bəhrələnən Füzuli dili XVI əsrin sonları və XVII əsrin əvvəllərində yeni mərhələyə keçən dilimiz üçün qızıl vəsilə, zəngin mənbə olmuşdur.
M.P.Vaqif yaradıcılığı da dil tariximizin xüsusi mərhələsini təşkil edir. Dilimizin gözəlliyi, şeiriyyəti, təbiiliyi, şirinliyi, səmimiyyəti onun əsərlərində yüksək zirvə fəth edib. Sevimli şairimiz S.Vurğun A.S.Puşkinin “Yevgeni Onegin” poemasını tərcümə edib qurtarandan sonra aşağıdakı metonimiyanı təsadüfi işlətməmişdir:
Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini,
Çevirdim Vaqifin şirin dilinə.
XIX əsr sadə, kütləvi, anlaşıqlı nəsr əsərlərinin meydana gəlməsi M.F.Axundzadə ilə əsası qoyulan dram dilimizin əsrin sonunda N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov tərəfindən daha da inkişaf etdirilməsi, cilalanması “Əkinçi” ilə əsası qoyulan publisistika dilinin XX əsrin əvvəllərindəki intibahı – bütün bunlar dilimizin inkişafı yolunda çox parlaq müvəffəqiyyətlər idi.
Azərbaycan dilinin saflığı uğrunda mübarizədə ürəklərini Danko (M.Qorkinin qəhrəmanı) kimi məşəl edən “Molla Nəsrəddinçi”ləri, o cümlədən C.Məmmədquluzadə, M.S.Ordubadi və M.Ə.Sabiri xüsusi qeyd etmək lazımdır.
XX əsrin əvvəllərində dilimiz üç tərəfdən korlanırdı. Hər üçü də eyni dərəcədə ziyanlı idi. Çünki hər biri doğma ana dilimizi korlamaq məqsədini güdürdü. Böyük sənətkarımız C.Məmmədquluzadə bu meyllərdən hər birini ifşa edən felyetonlar yazmışdı. (Məs: “Bizim obrazovonnılar”). Nəhayət, “Anamın kitabı” dramında hər üç meylə birdən gülmüşdür. Böyük dramaturq deyir ki, dil birliyi vətən birliyidir. Dilini sevməyən anasını da, vətənini də sevə bilməz!
Zaman-zaman başına gələn faciələrdən yan keçməyən Azərbaycan növbəti ağır zərbəni XIX əsrin əvvəllərində aldı. Gülüstan və Türkmənçay müqavilələrinə görə iki dövlət hüdudlarında yaşamalı olur. Bu vəziyyət ədəbi dilimizin normalarına da öz təsirini göstərib. Cənubi Azərbaycanda yazıb-yaradan sənətkarlarımız İran ərazisindəki dialektlərimizi ədəbi norma kimi qəbul ediblər. M.Şəhriyarın başdan-başa Azərbaycan şifahi xalq ədəbiyyatının ruhu ilə aşılanmış “Heydərbabaya salam” poeması xalq dilimizin özünəməxsus ahəngi olan cənub dialektində yazılmış ən böyük abidədir.
Dilimizin gözəlliyinə dair nə qədər əzəmətli fikirlər səslənib:
– “Qafqaz tatarlarının dilini öyrənməyə başlamışam. Bu dili kim bilsə, Qafqazda və bütün Asiyada özünü öz evindəki kimi hiss edə bilər” (M.Y.Lermontovun Vorontsov-Daşkova məktubundan).
– “Bu dildə sait səslərin çox olması və ahəng qanunu həmin dili ən yaxşı musiqi dili imkanına malik etmişdir. Azərbaycan xalqı şair xalqdır. Burada analar öz uşaqlarını şeirlə yatırırlar” (Böyük Fransa yazıçısı Aleksandr Düma).
– “Ana dili millətin mənəvi diriliyidir, həyatın mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və kəndini sevdiyi kimi, ana dilini də sevir” (F.Köçərli).
– “Dil sünilik sevməz, zor və güc də qəbul etməz. Dil öz kökü üstə bitər, qalxar, qol-qanad açar və bu asudəlik, təbiilik sayəsində də böylə gözəl, zərif və geniş bir halə gələr ki, hamını heyran qoyar” (Y.V.Çəmənzəminli).
– “Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyati-qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbəti, sədaqəti-madəranəsini sənə o dildə bəyan edibdir. Bir dil ki, sən hələ beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin nöqtələrində nəqş bağlayıbdır” (N.Nərimanov).
– Poeziya ustalarımız sanki bir-biri ilə yarışaraq insan qəlbini ehtizaza gətirən bir tərzdə doğma dilimizi vəsf etmiş, ana dilinin qədrini bilməyə, onun gözəlliyini qorumağa səsləmişlər (B.Vahabzadə).
Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonrakı dövrdən istər çarizm, istərsə də sovet rejimi dövründən müstəqillik əldə etdiyimiz son dövrlərə qədər, müxtəlif yollarla milli azlıqların dilini “böyük xalq”ın dili çərçivəsində əridib yox etmək, vahid bir dövlət dili yaratmaq siyasəti yeridilmişdir.
Zaman-zaman xalqımıza qarşı edilən zorakılıqlara baxmayaraq, ana dilimiz – Azərbaycan dili yad təsirlərə qarşı müqavimət göstərə bilmiş, nəinki zəifləmiş, hətta getdikcə inkişaf etməklə yüksək mənəvi çalarlar yaratmağa qadir olduğunu sübut etmişdir.
Birinci dəfə Şah İsmayıl Xətainin hökmdarlığı, ikinci dəfə Azərbaycan Demokratik Cümhuriyyəti dövründə dövlət işləri Azərbaycan dilində aparılmışdır. Tam müstəqillik əldə etdikdən sonra qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında birdəfəlik təsbit olunmuşdur ki, Dövlət dilimiz Azərbaycan dilidir. İndi ən yüksək beynəlxalq tribunalardan Azərbaycan nümayəndələri doğma ana dilində öz xalqının mənafeyini, hüquqlarını müdafiə edirlər.
Bu gün dilimizin zəngin ifadə imkanlarına, mükəmməl qrammatik quruluşa malik, nəğmə tək ürəklərə süzülüb sevilən bir dil kimi öz xoşbəxt günlərinin yaşamasının bir səbəbi də azərbaycanlı olması ilə fəxr edən ümummilli liderimiz Heydər Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir. Məhz onun səyi nəticəsində 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci ilin avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili” gününün təsis edilməsi haqqında fərmanlar verilmiş, 2002-ci ilin 30 sentyabrında 3 fəsil, 20 maddədən ibarət “Dövlət dili haqqında” Qanun qəbul edilmişdir. Sonralar 2003-cü il yanvarın 2-də “Azərbaycan Respublikasının dövlət dili haqqında” fərman bu işlərin məntiqi yekunu oldu.
Dünyanın qabaqcıl ölkələrində olduğu kimi, Azərbaycanda da inkişaf etmiş sahələrdən biri də dilçilikdir. Alimlərimiz çox vacib olan, xalqımızın mədəniyyəti və təhsili ilə bağlı olan bu elm sahəsinə maraq göstərmiş, eyni zamanda geniş yayılmış dilləri tədqiq etmişlər.
Sən nə qədər müqəddəs, qüdrətli, əzəmətli, lətif və şairanəsən, mənim doğma dilim! Sən Tomirislərin, Cavanşirlərin, Babəklərin, Koroğluların döyüş çağırışlarında səslənmisən. Sən dünya mədəniyyətinin zənginləşməsi üçün ölməz Nəsimilərin, Xətayilərin, Füzulilərin, Vaqiflərin, Mirzə Cəlillərin, Vurğunların və başqa dahilər yetirən müdrik xalqımızın qiymətli sərvətisən. Məhz belə dahilərin qəhrəmanlığı, mübarizliyi sayəsində təmizliyini, saflığını qorumusan, bugünkü nəsillərə ərmağan olmusan.
Dünyanın zəngin dilləri sırasında şərəfli yer tutan bu ərməğanı – uşaqkən laylamız, sevərkən əhdi-peymanımız, ölərkən ağımız olan dilimizi göz bəbəyi kimi qorumaq müqəddəs borcumuzdur.
Rəna Mirzəliyeva

Şərh Yaz