Başlıca məqsəd

Məktəbimizdə “Ümumi təhslin müasir kurikulumları və yeni pedaqoji texnologiyalar” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda RTŞ-nin metodika kabinetinin müdiri H.Əsədov və ibtidai siniflər üzrə metodist A.Bağıyeva iştirak etdi. İbtidai siniflərdə keçirilən açıq dərslərdən sonra konfransı məktəbin direktoru R.Dadaşov açdı.Çıxışının sonunda o, 2011-ci dərs ilinin məktəbimiz üçün uğurlu olmasını söylədi.
Dərs hissə müdiri G.Məmmədova ”Müasir təlimdə müəllim-şagird münasibətləri” mövzusunda çıxış etdi.O, məktəbimizdə müəllim-şagird, müəllim-valideyn münasibətlərinin sıx bağlılığından, mövcud münasibətlərin genişlənməsindən danışdı. Ötən il ali məktəblərə qəbulda 10 nəfər şagirdimizdən 4 nəfərinin 500-dən çox bal toplamasını fərəhlə qeyd etdi.
Müasir təlim üsulları dərslərin maraqlı keçməsinə şərait yaradır və uşaqları düşünməyə, araşdırma aparmağa sövq edir. Kurikulum islahatında başlıca məqsəd gənclərin biliklərə hərtərəfli yiyələnməsi, onların zəruru bilik və bacarıqlara malik vətəndaşlar kimi yetişdirilməsidir. Şagirdlərə öyrənməyi öyrətmək müasir təlimin əsasıdır.
Həmin gün I-IV siniflərdə açıq dərslər keçirildi. Dərslərdə rayon məktəblərinin bir qrup ibtidai sinif müəllimi də iştirak etdi. Elza Hüseynovanın, Sədaqət İsazadənin, İradə Qəribovanın dərsləri maraqla dinlənildi.
Təhsil sisteminin mahiyyəti, təhsilin məzmununu, təlim üsullarının seçilməsi və nəticələrin qiymətləndirilməsi ilə bağlıdır. Müasir ibtidai təhsil prosesi uşağın yaradıcılıq imkanlarının inkişafına və şagirdlərin biliyinin artırılmasına kömək edir. Şagirdlərin təlim göstəricilərinin yüksəlməsinə çalışmaq hər bir müəllimin vəzifə borcudur.
Kurikulumların tətbiqi təhsilimizin inkişafına əsaslı təsir göstərir. Məktəbimizdə keçirilən dərslərdə İKT-dan istifadə etməklə dərslərin maraqlı və düşündürücü olması üçün müxtəlif pedaqoji metodlardan istifadə olunur.
Konfransın sonunda RTŞ metod kabinetinin direktoru H.Əsədov belə tədbirlərin, xüsusilə də qarşılıqlı dərs dinləmələrinin müntəzəm keçirilməsini tövsiyə etdi.
Təhminə Atayeva,
A. Aslanov adına şəhər 2 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz