Nizami Mirzə

(Mirzəyev Nizami Əlipaşa oğlu)
1949-cu ildə İsmayıllı rayonunun Xanəgah kəndində anadan olub. ADPU-nin tarix fakültəsini bitirib. Povest və hekayələri geniş oxucu kütləsinin rəğbətini qazanıb.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm”, “Araz” və “Məmməd Araz” mükafatları laureatıdır. “Azərbaycan müəllimi” qəzetinin əməkdaşıdır.Qatil
(hekayə)
Sərdar kişi közü barmaqlarına yaxınlaşan eşməni atdı. Yenisini eşib yandırdı, dərin qullab vurdu, gözünə dolan tüstünü qovmaq üçün əlini sifətində yellədi. Dünəndən aramsız eşmə çəkdiyi üçün barmaqları və ağarmış bığları tamam saralmışdı. Sanki xına qoymuşdu.
Dünən məskunlaşdıqları balaca daxmanın qarşısına yığılanları bir-bir nəzərdən keçirirdi. Hamı yeni veriləcək sualın qarşısında naçar qalacağı üçün başını aşağı dikdi. Doğma yurd-yuvalarından qaçarkən yeganə qızı Laləzarın itkin düşməsi kişiyə dərin yer eləmişdi.
Sərdar kişi ötən bu vaxt ərzində çimir eləməmişdi. Nə qədər etsələr də, boğazından tikə keçməmişdi. Hirsini, hovunu ancaq çəkdiyi eşmələrlə səngitmək istəyirdi.
Dünəndən hər tərəfə adamlar göndərmiş, onlarla eyni vaxtda qonşu kəndlərdə məskunlaşmış qaçqınlar arasında qızının olmadığını eşidib dəli olmaq dərəcəsinə çatmışdı. “Əgər qızımın başı üstündə olsaydı, qaçanlara qoşulub bu aralara gəlib çıxardı, uzaq düşməzdi. Deməli, murdar əllərə keçib, əsir düşüb. Yoox, bu ola bilməz. Laləzar özünü öldürər, yad ələ keçib namusuna ləkə salmaz”. Bunları düşünən Sərdar kişi ani rahatlıq tapsa da, bəd gümanları başından qova bilmirdi. Olmazın əzab çəkirdi. Oğlu Tapdığın bu gün qonşu kənddən gətirdiyi xəbər Sərdar kişinin cızdağını çıxartmışdı.
Tapdıq atasının yanına pəjmürdə qayıtmışdı. Özündə-sözündə olmadığı üçün danışığından, gətirdiyi müəmmalı xəbərdən Sərdar kişinin dalağı sancmışdı. Tapdığın dediyinə görə, qaçqın düşərkən kənd adamlarından bir neçə ailə ilə birlikdə Rüstəm kişinin də ailəsi qonşu kənddə məskunlaşıb. Qaçarkən onlardan aralı düşüb ermənilərin əhatəsində qalan qızı Gülbənizi düşmən əlinə keçməsin deyə güllə ilə vurub öldürüb. Güllə dəyəndən sonra qayadan üzüaşağı yuvarlanan qızın cəsədini gətirib məskunlaşdıqları kənddə basdırıblar.
Bax, bu müəmmalı xəbərdən sonra Sərdar kişinin dalağı sancmışdı. Rüstəm kişi onun uşaqlıq dostu idi. Ötən bu illər ərzində bir yerdə böyümüş, çörək kəsmiş, ailəvi dost olmuşdular. Evləri bir az aralı olsa da, qızları Laləzarla Gülbəniz doğma bacı kimi axşamacan bir yerdə olardılar. Sərdar kişi qızı Laləzarı yalnız uzun illərin sınağından mərdliklə çıxmış dostu Rüstəmə və onun ailəsinə etibar edərdi. Həmin gün də qaçqın düşməzdən qabaq Laləzar Rüstəm kişigilə – Gülbənizin yanına getmişdi. Ola bilməz ki, bu hadisə baş verən zaman Laləzar Gülbənizdən ayrı düşə. Rüstəm onu tək buraxa, buna heç cürə inanmaq istəmirdi Sərdar kişi. “Onlar bir yerdə qaçıblar. Deməli, Rüstəm təkcə…” Bütün bunları ürəyində götür-qoy edən Sərdar kişi haldan-hala düşür, Rüstəmin qarasına ürəyindəcə asıb-kəsirdi.
Bu ara həyətə girən Rüstəm kişi ilə oğlu Nadir hamının diqqətini cəlb etdi. Sərdar Rüstəmi görəndə nə edəcəyini bir an belə kəsdirə bilmədi. Bir istədi dişinin dibindən çıxanı deyib, onu geri qaytarsın, lakin fikrindən daşındı. Kimliyindən asılı olmayaraq, qapıya gələni qonaq kimi qarşılamaq, qonaq kimi yola salmaq lazım olduğunu düşündü.
Soyuq qarşılandığından pərt olan Rüstəm kişi Sərdarla belə tez üz-üzə gəldiyi üçün özünü danladı. Onsuz da bu həyətə gəlmək, Sərdarla göz-gözə oturub, olmuş hadisəni ona danışmağa ürəyi gəlmirdi. Daha doğrusu, qardaşdan da artıq bildiyi Sərdara bu müdhiş xəbəri verib onu sarsıtmaq istəmirdi. Onun dərdini öz dərdi hesab etdiyi üçün haldan-hala düşəcəyini götür-qoy etmiş, keçirəcəyi iztirablara dözə bilməyəcəyini fikirləşmişdi. Baş vermiş faciəni müəyyən vaxt keçəndən sonra Sərdara danışmağı qərara almışdı. Lakin cidanı çuvalda gizləmək olmur.
Bu gün məskunlaşdıqları kəndə gəlmiş, Sərdarın oğlu Tapdığı görəndə bir an çaş qalmış, sonra onu qucaqlayıb üzündən öpmüşdü, baş vermiş hadisəni boğula-boğula ona danışmışdı.
Tapdığın bu xəbəri atasına çatdıracağını yəqinləşdirən Rüstəm kişi kəndə gəlib Sərdarla görüşməyi, ona başsağlığı verməyi özünə borc bildi.
Haradan başlayacağını, necə danışacağını bayaqdan götür-qoy etsə də, indi söz tapa bilmirdi. Sərdarın onu belə, soyuq qarşılayacağını gözləmirdi. “Bəlkə, Tapdığın gətirdiyi xəbər kişini razı salmayıb, əməlimə görə mənə acığı tutub. Axı o yaxşı bilir ki, Laləzarı qızım Gülbənizdən heç vaxt ayırmamışam. Hər ikisini doğma balam bilmişəm. Və dünən mənim üçün ağır olsa da, onları bir-birindən ayırmadım. Deməli, səhv etmişəm. Gərək ona qıymayaydım. Bəs namus, bəs qeyrət, kişilik, bunları hara yazmaq olardı? Sərdar bunların əldən getməsinə razılaşardımı? Mənim tanıdığım Sərdar heç vaxt razılaşmazdı. Bəs buna nə olub, mənə niyə belə kinli baxır. Qabağıma yeriyib görüşməməyi cəhənnəmə, heç salamımı da almadı. Bir can nə şirin şeymiş”.
Bunları düşünən Rüstəm kişi Sərdarın belə dönük çıxmasına inanmaq istəmir, bu həyətə gəldiyi üçün özünü danlayır, haldan-hala düşürdü.
– Hə, Rüstəm kişi, muştuluğa gəlmisən?! – deyən Sərdar kişi sükutu birinci pozdu. – Gəlmisən deyəsən ki, doğma balana əl qaldırıb, güllə atıb, qanına qəltan eləmisən. Qızını o dünyaya göndərib kişiliyini, dəyanətini qorumusan, namusunu əldən verməmisən?! – səsi titrəyir, danışığındakı kinayə açıq sezilirdi.
– Təkcə özünü güddün, öz qızına qıydın, mənim qızıma qıymadın, qızımı ermənilərin əlinə verib, papağımı yerə soxdun, namusumu ayaqlar altına atdın?! Bu murdar əməlindən sonra nə üzlə gəlmisən bura?! Sən əgər kişi olsaydın, birinci mənim qızımı vurardın. Hanı sənin qabaqkı dəyanətin? Hanı?!
Rüstəm kişi Sərdarın dediklərini eşidəndən sonra belə soyuq qarşılandığının səbəbini anladı. Dostunun keçirtdiyi sarsıntını başa düşdü. Dönüb Tapdığa baxdı. Tapdıq xəcalətli gözlərini yerə dikmişdi. Deməli, hadisəni olduğu kimi, müfəssəl atasına danışmayıb. Və Sərdarın inciməyə haqqı var.
– Sənin də qızını vurmuşam, Sərdar! Düzü, əvvəl tərəddüd elədim, lakin öz balamdan ayırmadığım, fərq qoymadığım üçün onu da vurdum. Qaçaqaç düşəndə doxsanı haqlamış anamı dalıma almışdım. Hamı arvad-uşağının hayında idi. Qızlara tapşırdım, qaçanlara qoşulub tez aradan çıxsınlar. Bizi gözləməsinlər, biz ləng yeriyəcəyik. Sıldırımı çətinliklə də olsa, enib dərəyə düşmüşdük. Yol-riz adamla dolu idi. Birdən kimsə qışqırıb: “Qayanın başına baxın!”- dedi. Başımı qaldırıb yuxarı baxanda gözlərimə duman çökdü, qəzəbimdən nə edəcəyimi bilmədim. Üç tərəfdən erməni dığaları ilə əhatə olunmuş Laləzarla Gülbəniz qayanın qırağına tərəf can atırdılar. Onlar uçuruma yaxınlaşıb dayandılar. Deyəsən, özlərini qayadan atmağa tərəddüd edirdilər. Axı can şirin şeydi, Sərdar. Gümanım təkcə bugünə kimi döşəmənin altında gizli saxladığım qoşalüləyə gəldi. Qaçarkən tüfəngi özümlə götürmüşdüm. Anamı yerə qoyub qoşalüləni üzümə aldım. Qızlar qayanın lap tinində, uçurumda dayanmışdılar, dığalar onlara yaxınlaşırdı. Bir güllə mənzili məsafəmiz vardı. Tətiyi çəkib əvvəlcə Gülbənizi vurdum. Sonra yıxılan Gülbənizi qucaqlayan Laləzarı nişan aldım. Güllə açılan kimi hər ikisi qayadan üzüaşağı – bizə tərəf yuvarlandılar. Sağ olsun məskunlaşdığımız kənd camaatı, qızların cəsədlərini gətirib kəfn-dəfn elədilər. Kənd qəbiristanlığında qoşa basdırdılar. Bu gün oğlun Tapdığı aparmışdım qəbiristanlığa. Öz gözləri ilə gördü qəbirləri.
Sərdar kişi dərindən nəfəs aldı, Rüstəmin dediklərinin dürüstlüyünü dəqiqləşdirmək üçün üzünü oğluna tutdu. Tapdıq atasının üzünə baxa bilməyib, başını aşağı saldı.
– Sən axı belə deməmişdin, oğul, tamam başqa cür danışmışdın, – deyən Sərdar kişi dilləndi. – Sənə neçə dəfə demişəm, şirin yalandan acı həqiqət əfsəldir. Qulağında sırğa elə, yalan ayaq tutar, amma yeriməz. Özü də bu boyda həqiqəti gizlətmək olarmı, bala?
– Dədə, nə təhər deyəydim ki, qardaşından çox istədiyin Rüstəm kişi gözünün ağı-qarası bircə qızını qanına qəltan eləyib, o dünyaya göndərib! Necə deyəydim ki, bircə bacım Laləzarın qatili Rüstəm əmidir! Bu ağlasığmaz xəbəri sənə deyə bilərdimmi? Onsuz da dərdimiz başımızdan aşır.
– Kişi dərdə dözmək üçün yaranıb. Dözülməz dərd namusun düşmən ayaqları altına atılmasıdır, oğul! Qeyrətsiz olub yaşamaqdansa, qeyrətlə ölmək, özü də dost əlində ölmək şərəfdir, bala – deyən Sərdar kişi Rüstəmə yaxınlaşdı, əl verib boynunu qucaqladı. – Çox sağ ol qardaşım, Rüstəm, çox sağ ol. Bəd gümana düşdüyüm üçün məni bağışla: – dedi.
– Səni başa düşürəm, Sərdar, yerinə olsaydım, mən də belə, fikirləşərdim. Ancaq nə etməli, bizimki də belə gətirib, olacağa çarə yoxmuş, – dedi Rüstəm.
– Bəs, bu necə olub, qızlar qaçanlardan niyə ayrı düşüblər? – deyə soruşdu Sərdar kişi.
– Sonra başqa qaçqınlardan öyrəndim, – deyən Rüstəm kişi izah etdi, – Laləzarla Gülbəniz qaçanların arasında imiş. Bir az qabaqda güllə səsləri eşidilir. Qəfil partlayan mərmi xeyli adamı yerindəcə məhv edir. Vahimələnən adamlar pərən-pərən düşüb, hərəsi bir tərəfə üz tutur. Qızlar da bir neçə adamla meşəyə girirlər. Sonra onları görən olmayıb. Mənə elə gəlir ki, ermənilər onları izləyib, tələyə salmaq və tutmaq istəyiblər.
Hər ikisi susdu. Ətrafdakılar dinib-danışmır, ağsaqqallarının belə ixtiyar çağında düçar olduqları ağlasığmaz iztirablarını izləyirdilər.
– Hə, Sərdar kişi, belə işlər, adam bilməz, başına nə gələcək. Nə isə, gəldim sənə başsağlığı verməyə, – deyən Rüstəm kişi qəhərləndiyini ətrafdakılara sezdirməmək üçün özünü tox tutmağa çalışdı, yanaqlarından üzüaşağı süzülüb əlinin üstünə düşən yaş damcılarını görüb buna nail ola bilmədiyini dərk etdi. Sən demə, özü də bilmədən ağlayırdı. – Sabah uşaqların üçüdür. Kənd camaatı özləri ehsan verəcəklər, imkanın olsaydı, sən də gələrdin…
Rüstəm kişini yola salandan sonra qızının yad əldə olmadığından rahatlıq tapan Sərdar kişi, indi dünyadan nakam getmiş ciyərparası Laləzarın qəmini çəkir, yasını tuturdu.
Səhər, gün bir çatı qalxmış, uşaqları və qohum-əqrəbası ilə birlikdə Rüstəm kişinin məskunlaşdığı kəndə çatdılar. Həyətə girəndə ortalıqda qoyulmuş mafə Sərdar kişinin diqqətini cəlb etdi. Dalağı sancdı. Evdən ağlaşma səsi gəlirdi. Gələnləri qarşılamaq üçün qabağa çıxan Rüstəm kişinin oğlu Nadir Sərdar kişinin boynunu qucaqlayıb hönkürdü.
– Atam dözmədi bu dərdə. Sizdən qayıdanda yol boyu bir neçə dəfə oturub nəfəsini dərmişdi. “Elə bil ürəyim böyüyüb, şişib yerindən çıxacaq deyirdi.” Evə çatandan sonra da özündə, sözündə deyildi. Tez-tez qızların adların çəkir, elə bil sayıqlayırdı. Həkim çağırdıq, dava-dərman eləsə də, bir nəticə hasil olmadı. Gecəni sübhə kimi canı ilə əlləşdi. Nələr danışır, nələr deyirdi, elə bil kişi dəli olmuşdu. Səhərə yaxın dözmədi, canını tapşırdı.
Sərdar kişinin beli büküldü, qıçlarında taqət qalmadı, yıxılmamaq üçün keçib yaxınlıqdakı kötüyün üstündə oturdu. Başını əlləri arasına alaraq yaşına uyuşmayan bir tərzdə hönkürüb ağlamağa başladı. Çiyinləri silkələnir, yanaqlarından üzüaşağı süzülüb ağ saqqalına tökülən göz yaşları aram tapmaq bilmirdi. Ağlayıb ürəyini boşaltmağa, içinin yanğısını göz yaşları ilə söndürməyə çalışırdı sanki. “Dözmədi Rüstəm, bala qatili olmağa dözmədi. Sən qatil deyildin, qardaşım, qatil bizi bu günə salanlardır. Səni buna vadar edənlərdir”, – deyə düşünürdü. Sonra gözünün qabağına dünən talada gördüyü həmyerlilərinin saysız-hesabsız meyitləri gəldi. Alçaqlar qadınlığına, kişiliyinə fərq qoymadan güllələrinə tuş gələnlərin hamısını qarışqa kimi qırmışdılar.
Birdən qulağına “Vağzalı” səsi gəldi. Başını qaldıranda Laləzarın da, Gülbənizin də ağ paltarda gəlin köçməyə hazırlaşdıqlarını gördü. Ətrafdakıların hamısı toy libasında idi. Qızlar ağ gəlinlik paltarında təzəcə açılmış qönçə gülə bənzəyirdilər. Çalğıçıların heç birini tanımadı, deyəsən, başqa yerdən gətirilmişdilər. Hamısı başdan-ayağa qırmızı geyinmişdi. Əllərindəki alətlər hərdən silaha da oxşayırdı. Amma ayırd edə bilmədi. Onlara üzünü tutub əli ilə işarə elədi, cavanlığında həmişə oynadığı “Tərəkəmə”ni çaldırdı. Bu an heç kimin gözləmədiyi bir hadisə baş verdi. Hamının ağlayıb sakitləşdiyini zənn edən Sərdar kişi ayağa qalxdı. Qol açıb yaşına uyuşmayan bir hərəkətlə “Tərəkəmə”ni oynamağa başladı. Onu saxlamaq, sakitləşdirmək istəsələr də, mümkün olmadı. Sərdar kişi cəld hərəkətlərlə, lap elə cavanlığında oynadığı kimi atılıb-düşür, qollarını geniş açıb, dayananların qabağında dövrə vururdu…
Ətrafdakıların qəzəbdən yumruqları düyünlənmiş, az qala hədəqəsindən çıxacaq gözləri Qarabağın yiyəsiz qalmış, başı qarlı uca dağlarına zillənmişdi.

Şərh Yaz