Cinayətkarlıqla mübarizədə ictimaiyyətin köməyi

Cinayətkarlıqla mübarizədə ictimaiyyətin köməyiCəmiyyətin hər bir üzvünün istər təbiət, istərsə də cəmiyyətin bu və ya digər hadisə və prosesi ilə bağlı öz düşüncəsi, öz fikirləri vardır. Həmin fikir və düşüncələrin məcmusu ictimai şüuru müəyyən edir. İctimai şüur insanların ayrı-ayrı və ya ümumilikdə hər hansı hadisəyə psixi münasibətində ifadə olunur və ayrı-ayrı fərdlərin düşüncələri arasında uyğun və eynilik təşkil edən fikirlər ictimai rəy kimi qəbul olunaraq cəmiyyətin hər bir üzvünün həyatının bütün sferalarına təsir edir və insanların gündəlik həyat tərzinə çevrilir. İctimai şüur cəm kimi götürüldükdə onu müəyyən sahələrə, tərkib elementlərinə ayırmaq mümkündür. Belə ki, bura cəmiyyətin hüquq, siyasi düşüncəsini, iqtisadi təfəkkürü və s. aid etmək olar. Buradan da göründüyü kimi, ictimai şüur həm ayrı-ayrı insanların, həm də bütöv cəmiyyətin sosial həyatının bütün sferalarını əhatə edir.
İctimai şüurun bir növü kimi hüquqi şüur cəmiyyətin hər bir üzvünün müxtəlif hüquq hadisələrinə, proseslərinə fikir və baxışlarının məcmusu kimi çıxış edərək cəmiyyətin ən mühüm sferası olan hüquqi tənzimetmə sahəsində istər hüquq normalarının yaradılması, istərsə də onların realizəsinə bilavasitə təsir edir. Məhz onun nəticəsində cəmiyyətdə ictimai qaydanın bir növü kimi hüquq qaydası formalaşır. Düzgün hüquqi şüur cəmiyyətdə sabit hüquq qaydasının formalaşmasının əsasıdır. Cəmiyyətdə sabit hüquq qaydasının olması isə həmin cəmiyyət üzvlərinin təhlükəsiz həyat şəraitinin təminatı, insan və vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsinin zəruri şərtidir və bunlar səlahiyyətli dövlət orqanları vasitəsi ilə həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaşların hüquq və azadlıqlarının qorunması dövlətin əsas məqsədi kimi qeyd olunmuşdur. Cəmiyyətin hüquqi şüuru mövcud hüquq qaydasına təsir edir və dövlət həmin insan hüquq və azadlıqlarını məhz cəmiyyət üzvlərinin özünün iştirakı və vasitəsi ilə həyata keçirir.
Cəmiyyət və dövlət həyatında mühüm hüquqi hadisə sayılan hüquq tənzimetmə sahəsi kimi prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının, daha konkret istintaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi və bu sahədəki qanunvericiliklərin icrası təşkil edir. Hüquq mühafizə orqanlarının fəaliyyətində cəmiyyətin hər bir üzvü fəal iştirak etməli və mülki cəmiyyətin və hüquq qaydasının yaradılmasında maraqlı olmalıdırlar. Çünki, həmin sahədə dövlət orqanlarının fəaliyyəti konkret cəmiyyət hadisələrinə münasibətdə həyata keçirilir və bilməliyik ki, zaman və məkandan asılı olaraq həmin proseslərin iştirakçıları cəmiyyət üzvləridir. Daha konkret ictimai təhlükəli hüquqpozma sayılan cinayət cəmiyyət üzvünə qarşı yönəlməklə, eyni zamanda həmin fərdlə yanaşı bu və ya digər formada bütövlükdə cəmiyyətə ziyan vurur, onun normal inkişafının qarşısını alır. Obyekt baxımından yanaşdıqda cinayət insanların həyat və sağlamlığına, hüquq və azadlıqlarına, mülkiyyətinə, ictimai birgə yaşayış qaydalarına və təhlükəsizliyə və dövlət həyatına ziyan vurmaqla müşahidə olunur. Fəlsəfi kateqoriya və qanunlara uyğun olaraq vəhdətdə götürülən tamın hissələri kimi cəmiyyət və insan eyni qəsd obyektindən birlikdə ziyan çəkir. Lakin cəmiyyət üzvlərinin özünü bu prosesdən təcrid edərək, hansısa maraqları üstün tutması səbəbindən hüquq qaydası pozulur və hüquq qaydasının pozulması bütövlükdə cəmiyyətin özündə bir narahatlıq, gərginlik yaradır.
İsmayıllı rayonu ərazisində baş vermiş hər bir cinayət hadisəsi üzrə istintaq-əməliyyat qrupu dərhal hadisə yerinə çıxaraq fakt üzrə təxirəsalınmaz istintaq və əməliyyat axtarış tədbirlərini həyata keçirərkən çox vaxt qarşılaşdığımız xoşagəlməz hal insanların əksəriyyətinin hüquqi şüurunun düzgün formalaşmaması, hadisənin bu və ya digər şəkildə şahidi olmuş şəxslərin istintaq-əməliyyat qrupunun əməkdaşlarından yayınmağa çalışaraq istintaq və əməliyyat orqanlarına məlumat vermək istəməmələri, habelə hal şahidi kimi cinayət işində adının hallanmasından çəkinmələri olur. Nəticədə, istintaq-əməliyyat qrupu baş vermiş cinayət hadisəsinin açılması ilə əlaqədar qarşıda duran vəzifələri icra edərkən ictimaiyyətin köməyindən istifadə etməkdə çətinlik çəkir. Belə çətinlik isə cinayət faktlarının üstünün gec açılmasına, cinayət işləri üzrə istintaqın gec tamamlanmasına və digər hallara səbəb olur. Vətəndaşların konstitusiyamızda nəzərdə tutulmuş vəzifələri icra etməmələri və ya lazımi qaydada icra etməmələri cəmiyyətin hər hansı bir üzvünün və eləcə də üzvlərinin pozulmuş hüquqlarının qorunması və bərpa edilməsi sahəsində çətinlik yaratmaqla hüquq mühafizə orqanlarının fəaliyyətinə mənfi təsir göstərir. Belə təsir isə bütövlükdə götürüldükdə cəmiyyət həyatının hər bir sahəsində olan inkişafı ləngidir və cəmiyyətin sosial-siyasi, iqtisadi və mədəni həyatının normal inkişafı qaydalarını pozur.
Buna görə də, cəmiyyətin hər bir üzvü, həm özünün, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarının qorunmasına, eləcə də cəmiyyət həyatının bütün hüquq hadisələrinə biganə yanaşmamalı, cəmiyyətimizin həyatına mənfi təsir göstərən bütün növ hüquq pozmalarla ciddi mübarizə aparmaqla, belə cinayətkar hərəkətlərə yol verən hər bir insanın qanuni cəzalandırılmasında dövlət orqanlarına yaxından köməklik göstərməli, bütövlükdə cəmiyyətimizi, Azərbaycanımızı qorumalıyıq! Bununla biz cinayətkarlığın qarşısının alınmasında bir vətəndaş kimi qanunlara həm birlikdə, həm də ayrı-ayrı hörmət edilərək icra olunması və həyata keçirilməsində iştirak etməli və bunlara tələbkarlıqla yanaşmalıyıq. Bu bizim həm haqqımız, həm də borcumuzdur! Bütün bunlar vətəndaşlarımızın qanunları düzgün dərk edərək onlara əməl edilməsini, eyni zamanda gənc nəslin həm ailədə, həm də təhsil müəssisələrində bu ruhda tərbiyə edilməsini tələb edir. Gəlin üzərimizə düşən bu vəzifəni vicdanla və layiqli icra edək.
Qalib Rizvanov,
İsmayıllı rayon prokurorluğunun müstəntiqi

Şərh Yaz