Ümidlə ümidsizlik arasında

(Atamın, anamın gözü yoldadır)
Bu yazını qələmə almağa anamla, atamın qəmli gözləri və həsrət dolu baxışları səbəb oldu. Onlar nə vaxtsa oğlu Vilayətin dumanlı, çiskinli bir payız axşamı qapını açıb: “Mən gəldim”, – deyib boyunlarına sarılıb neçə illərin ayrılığına son qoyacağı günə ümid bəsləyirlər. Anam elə hey bayatılarında, ağılarında oğul deyə fəryad qoparır. Bu yollar nə uzun oldu, Vilayət?!
Ay Tanrım, bu yollara bir işıq saç, oğlumu görüm! Beləcə, gecələri səhərə qovuşdurur anam. Bəlkə Vilayət də elə uzaqlarda anası haqqında düşünür. Bu bəlkələr 18 ildir ki, ailəmizdə gəzib-dolaşır. Əgər Vilayət anasını belə ağlayan, sızlayan, darıxmış görsəydi onun üçün saralmış cib dəftərindən bir bənd şeir oxuyardı:
Əgər balanamsa, eşit sözümü,
Əymə qamətini, bükmə belini.
Qərq edib matəmə bu yer üzünü,
Ağlama, ağlama, ağlama ana!
Analar dünyaya göz yaşı ilə birgə doğulurlar. Anam ailə həyatınin birinci onilliyində 5 yaşında bir oğlunu, bir də yaşının qürub etdiyi vaxda erməni faşistlərinin gülləsinə tuş gələn Vilayət balasını itirdi. Anamın illər keçdikcə belinin bükülməsini, atamın cismani cəhətdən əriməsini hər gün görürəm. Kişi ağlamaz, – deyən atam gizlincə çəkilib bir yana elə hey ağlayır. Qohumdan, qardaşdan uzaqda, İsmayıllı bölgəsində yaşamağımız bu qəmli, kədərli illəri bir az da dərinləşdirdi. Bir yaxın adamını görəndə atam müəllifini bilmədiyim bu bəndi hey təkrarlayır:
Xəzan vurub gülüstanım saralıb,
Gözlərimi vaxt – vədəsiz tor alıb.
Zirvələri çən bürüyüb, qar alıb,
Çiçək kimi solan vaxtım çatıbdı.
Erməni işğalçıları 23 avqust 1993- cü ildə Cəbrayıl rayonunun mərkəzini, 1993- cü il oktyabrın 24-də kəndimizi işğal etdilər. Atam kənddən çıxmaq istəmirdi: – Mənim oğlum bu torpaqda şəhid olub, mən hara gedirəm? – deyirdi. Ermənilər kəndi mühasirəyə alanda qardaşım Səhhət atamı “İpək bağı” deyilən bağla İran sərhəddinə gətirmişdi. Atam evdən bir heybə götürmüşdü. Heybənin içərisində hələ də məzarı bilinməyən qardaşım Vilayətin dəlik-deşik olan döyüş paltarı, pasportu, cib dəftərçəsi, müxtəlif vaxtlarda çəkdirdiyi əsgər şəkilləri vardı.
Vilayət qorxmaz, cəsur idi. Həm də onda həyatı qabaqcadan duymaq hissiyatı vardı. Bəlkə buna görə də o, hər dəfə evə gələndə yazdığı gündəliyi, təzə şəkillərini gətirərdi. Hətta, şəkillərindən birini böyüdüb anama gətirmişdi. İndi həmin şəkil evimizdə ziyarət yerinə çevrilib.
O axrıncı dəfə 18 avqust 1993-cü ildə evə gəldi. Çox fikirli halda atamı kənara çəkib dedi ki, keçən gecə mühasirəyə düşmüşdük. Əlli metrə qədər məsafəni sürünüb, çay dərəsinə düşdük və mühasirədən çıxa bildik. Bizə tapşırıq verlir ki, bu vaxt hücuma keçərsiniz. Biz hücuma keçirik. Bir də görürük ki, bizdən qabaqda: “Biz də sizdənik” – deyirlər. Görürük ki, ermənilərdi. Ata, döyüşmək çox çətinləşib. Kəşfiyyatımız yaxşı işləmir. Elə ona görə də fikirliyəm. Görəsən, bu işlərin axırı necə olacaq? – deyib evə keçdi. Bacım Simanı çağırıb cib dəftərçəsini və bir dəftər vərəqində “Mən bir şəhid olanda” seirini ona verdi. Evdən çölə çıxıb bizimlə görüşdü. Salamat qalın! – dedi. Gözləri yaşarmışdı. Bununla belə, yarızarafat, yarıciddi sözlərilə bir az da bizi güldürdü. Maşına minib rayon mərkəzinə yollandı. Bu gediş Vilayətin sonuncu gedişi oldu…
Yazını qələmə alarkən anamın xahişi ilə saxladığı bir şeiri də yazıya daxil edirəm:
Düşmən gəlib doğma yurdu alanda,
Oğul olub qayğısına qalanda.
İgid olub mən bir şəhid olanda,
Gözü yolda qalarsanmı, ay ana?!

Gecə olur, şeytan, iblis səsləyir,
Dili olan yağıları pisləyir.
Gəlin bacım körpəsini bəsləyir, –
Dayın ölüb, ağlarsanmı, ay bala?!

Cənnət olsa, mən gəzərəm hər yanı,
Torpaq udub belə igid oğlanı,
El yolunda tərk etmişdir o, canı,
Mənə rəhmət dilərsənmi, ay ana?!

Rəhmət deyib, məni sevən ağlasın,
Məzarımı öz sevgilim bağlasın.
Bu şeirimi anam əziz saxlasın,
Sən şeirimi saxlarsanmı, ay ana?!
Az qala hər gün bu ifadələri təkrarlayıram: – Darıxma, ata, üzülmə, ana! Çox keçməz ki, düşmən üzərində qələbə çalarıq. Gözlərimizn nəmi, ürəyimizin qəmi quruyar.
Onda: – Vilayət ölməyib, diridir, diri, – sözləri daha ucadan səslənəcək dilimizdə. Çünki, övladdan da əziz olan Vətən torpağı yağılardan azad olacaq, mən buna inanıram. İnanıram ki, yurd yerlərimizə qayıdacayıq. Onda sənin ruhun şad və rahat olacaq, əziz qardaşım!..
Məzahir Şükürov,
Q.Məmmədov adına Aşıqbayramlı kənd tam orta məktəbin coğrafiya müəllimi

Şərh Yaz