Yolda polis var!..
Bu günlərdə işlə əlaqədar Şamaxıya gedirdim. Hava dumanlı olsa da bəzi sürücülər adi havalarada olduğundan da sürətlə maşın sürür, hətta siqnal verərək yavaş sürənlərə etirazlarını bildirirdilər. Birdən qarşı tərəfdən gələn maşınlaradan birinin sürücüsü işıqları yandırıb söndürdü, bu, işarə idi: Yolda polis var! Bircə anda əyləclər basıldı, sürət düşdü aşağı, siqnal səsi də kəsildi, hamı oldu nizam-intizamlı sürücü. Bayaqdan gərilmiş əsəblərim, artan həyəcanım da azalan sürətlərlə birgə azaldı. Qeyri-ixtiyarı düşünürəm: Nə yaxşı ki, elə yolda polis var!
Bir az irəlidə dayanan DYP PPX maşınının yanından da hamı sakitcə keçir, azca uzaqlaşmış ayaqlar yenə vəziyyətini dəyişir, yenə qaçaqaç, yenə qarşıdan maşın gəlib-gəlmədiyini gözləmədən ötüb keçməyə çalışanlar bir-birini əvəzləyir. Bəlkə də, ilk dəfə bu mənzərəni əvvəldən-axıra kimi heyrət içində izləyirəm, məəttəl qalıram – yolda polis var deyə sürəti azaldırlar, bütün diqqətlərini yola yönəldirlər. Bəs diqqətsizliyin, yüksək sürətin önündə onları qarabaqara izləyən ölüm mələyini niyə görmürlər?! Bəs kimlərinsə səhlənkarlığının, yüksək sürət aludəliyinin qurbanına çevrilən o maşınların sərnişinləri niyə heç olmazsa öz sağlamlıqları naminə hərəsi bir yol polisi kəsilmirlər o sürücülərə. Ən azından özləri naminə.
…Yenə qarşıdan gələn maşının işıqları yanıb sönür, yenə əyləclər basılır. Yenə şükür edirəm: bir az da olsa sakit yol gedəcəyik! Bu dəfə başqa bir fikir beynimə hakim kəsilir: Sürücülərin bu birliyinin sirri nədədir? Sürücü həmrəyliyində, yoxsa yol polisinə nifrətdə?! Axı necə olur ki, bir-birini tanımayan bu insanlar bu yollarda bir-birlərinə belə qahmar çıxırlar? Necə olur ki, sürdükləri maşından, tutduqlar mövqedən, vəzifəsindən, dinindən, dilindən asılı olmayaraq sükan arxasında oturan hər kəs yolda polis olduğunu bu ənənəvi üsulla qarşıdan gələn sürücüyə çatdırmağı özünə borc bilir?!
Bu sualların cavabını məncə hamımız yaxşı bilirik – biz sıravi vətəndaşlar da, yol polisinin özləri də. Bu, sürücülərin yol polisindən birgə müdafiə üsuludur və nə qədər acı da olsa onlara qarşı olan istəksizliyin nəticəsidir. Yol polisinin hamısına aid olmasa da aralarında geyindiyi formaya yaraşmayan dildə danışan və hərəkət edən az deyil – bunu kimsə istəsə belə inkar edə bilməz –sürücünün şəxsiyyətinə hörmət qoyulmaması, kobud rəftar, kobud danışıq, yerli-yersiz iradlar – tez-tez rastlaşdığımız hallardır.! Və bu da nəticə! Yol polisinin “sadəcə sürücü” hesab etdiyi kəslərin yol polisinə səssiz-sədasız etirazı!
Etiraf edək ki, sürücülərimuizin sürücülük mədəniyyəti kasaddır, yol polisinin peşə etikası.Əgər belə olmasaydı polis qorxusu olmadan belə sürücü yol hərəkəti qaydalarına riayət edərdi. Əgər belə olmasaydı sürücülər bir-birinə “yolda polis var” deyib “göz” vurmazdı. Əksinə, polis sürücü həmrəyliyi yaranardı ki, bunun da hamıya faydası olardı, ilk öncə analar ağlar qalmazdı!
Amma neyləyəsən! Hələ ki, belədir!
… Yenə qarşıdan gələn maşının “göz”ünə çöp düşür: yanıb-sönür, lap dəniz buyları kimi, qarşıdakına car çəkir, “Ehtiyatlı ol, yolda polis var!” Yenə ayaqlar vəziyyətini dəyişir, yenə maşınlar sıraya düzülür. Dərindən nəfəs alıram: Yox, nə olur- olsun, yaxşı ki,yolda polis var, yoxsa bu sürətlə, bu qovhaqovla çox analar ağlar qalar!
Lətifə Əliyeva