Həyatdan, taledən razılıq
Peşə seçərkən insanın öz xarakterinə və daxili potensialına istinad edə bilməsi başlıca şərtlərdən biridir. Hövsələsiz bir kəsin yaxşı pedaqoq ola biləcəyinə məni inandırmağa çalışsalar belə, inana bilmərəm. Peşələr arasında daha çox səbir, diqqət, səmimilik, güc, dözüm, nəvaziş və bu kimi digər insani keyfiyyətlər tələb edənləri onlarcadır. Peşələrin eləsi də var ki, sadalanan bu keyfiyyətlərin hamısını bir yerdə tələb edir insandan.
Hələ orta məktəbdə oxuyanda Zera Zəkəriyyə qızı tibb işçisi olmaq arzusu ilə yaşayır, dərslərini yaxşı oxumağa səy göstərirdi. Sovetlər dönəmində Özbəkstan Respublikasının vətəndaşı olan gənc qız Gülüstan şəhərində Tibb Məktəbini bitirdikdən sonra1975-ci ildə tibb bacısı kimi əmək fəaliyyətinə başlayıb. Elə həmin il Özbəkstanda yaşayan həmyerlimiz Əliağa Həmidovla ailə həyatı quran Zera xanım 20 illik əmək fəaliyyətindən sonra ailəliklə Azərbaycana gəlib.
İsmayıllıda işlə təmin olunmaqda Z.Həmidova heç bir çətinliklə üzləşmədi. İşlədiyi illər ərzində yaxşı işinə görə aldığı Fəxri fərmanlar, əmək kitabçasına yazılan təşəkkürlər onun peşəkarlığından söz açırdı. Milliyətcə Krım tatarı olan, əlləri şəfalı, xoşxasiyyət və gülərüz bu xanım üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında işləmək heç də çətin olmadı. Azərbaycan dilini özünəməxsus şirin ləhcə və rahatlıqla danışa bilən bu təcrübəli tibb bacısı az bir vaxtda kollektivin sevimlisi oldu. Qayğı və nəvazişindən şəfa tapanlar işindən hər yerdə razılıq etdilər.
Bu yazının yazılmasına da səbəb elə Zera xanım barəsində redaksiyamıza daxil olan, minnətdarlıq, xoş fikirlərlə dolu kiçik təşəkkür məktubu oldu.
Mərkəzi xəstəxananın terapiya şöbəsinin müdiri Elçin Abbasovla əlaqə saxladıq. Eşitdiklərimiz yaxşı bir ışçinin işinə verilən dəyərli qiymət oldu:
– Zera xanım şöbəmizin ən təcrübəli işçilərindən biridir. Şöbədə işə qəbul olunan gənc tibb işçilərinin əksəriyyəti onun təcrübəsindən yararlanırlar. Xəstələrlə rəftarı, müalicənin fərdi xüsusiyyətlərə uyğun aparılması onu peşəkar tibb işçisi kimi tanıtdırmışdır. Şöbədə işlədiyi 16 il ərzində xəstələrə ana, bacı nəvazişi göstərən Z.Həmidovanın əməyi xəstəxana rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb.
Zera xanım sevimli tibb işçisi olmaqla bərabər həm də mehriban ana, vəfalı, qayğıkeş həyat yoldaşıdır. Əliağa Həmidovla birlikdə cəmiyyət üçün tərbiyəli övladlar yetiriblər – üç oğul, bir qız böyüdüblər. Qız köçürüb, oğul evləndiriblər. Subay balaları sonbeşik Rəsuldur. Rayonda, ƏSMM-də çalışır.
Zera xanım olduqca xoşxasiyyət, gülərüzdür. Yaşına görə olduqca cavan görünən bu qadının beş nəvəsi var. Vaxt tapıb onlara da qayğı göstərir.
Bir neçə dəqiqəlik söhbətimiz vaxtı təvazökarlıqla yola saldığı illərdən, mənalı həyatdan, halal zəhmətdən söz açan Zera xanım sonda bunları dedi:
-Zəhmətdən qorxmadım. Halallığa can atdım. Seviləcəyimə inanıb sevdim. Uşaqlarımın tərbiyəsindən kəsmədim. İşimdən, həyatımdan, taleyimdən razıyam. Şükür Allahın böyüklüyünə.
Şahməmməd Dağlaroğlu