Ağlama, ana, ağlama!

Ağlama, ana, ağlama!O, Vətənin harayına səs verdi, torpaqlarımızın yağılardan azad olunmasında iştirak etmək qərarına gəldi. Bəxtiyar yola düşəndə anası arxasınca bir parç su atdı. Doğmalardan xeyli aralı, nurlu, çiçək ətirli, odlu məhəbbətlə həmin yolun üstündə ağ şallı, qırmızı geyimli bir el gözəli də əlini havada yellədi. Sanki:
– Yaxşı yol! Sağ- salamat dönəsən, qayıdacağın günə qədər səni gözləyəcəm, – dedi.
Bu gedişə yol kənarındakı güllər, çiçəklər, ağaclar, ağacların budağında həzin-həzin oxuyan quşlar da uğur dilədi…
Bəxtiyarla eyni vaxta cəbhəyə yollananlardan müxtəlif xəbərlər gəldi. Kimi yaralanıb əlil oldu, kimi aldığı yara ilə şəhidlik zirvəsinə ucaldı.Gözlərini yumsa da ölməzlik qazandı. Kimisi isə onun kimi müəmmalı taleyə tuş oldu – itkin düşdü.
Ana fəryadı göylərə yüksəlir:
– Səni haralardan soraqlamadım, ay oğul? Səni axtaran ayaqlarım, düşünən beynim tamam taqətdən düşdü axı. Sən gedəli belim bükülüb, yüz ilin qarısına bənzəyirəm. Dilim dönmür ki, şəhid olmusan deyəm. Şəhid olsaydın bəlkə bu mənim üçün bir rahatlıq, bir təsəlli olardı. Yol gözləmək ayrılıqdan ağır dərddir, mənim balam. Ürəyimin bir parası, mənim sabahım, doğulan günəşə qoşulub bir səhər yolunu gözləyənlərin qəlbini, çöhrəsini işıqlandırsan nə olar ki?!..
Nə məzarın var, nə xəbərin. Bu səbəbdən Bəxtiyar artıq yoxdur: – deyir çoxları. Bunu mən deyə bilmirəm. Bilirəm, müharibə ölüm-itimdir. Bəlkə elə həm ölmüsən, həm də itmisən? Yox! Yox! Mən buna inana bilmirəm. Mən sənin yolunu gözləyirəm, oğul.
Dərdli ana, dözümlü ana, Bəxtiyar!-deyib bəxtsizliyindən şikayətlənən Zeynəb ana! Sən illərin ağrı-acısını, nisgilini, oğul dərdini gəzdirirsən ürəyində. Biz də Sizinlə bərabər Bəxtiyarın yoxluğuna acı-acı nalələr çəkirik. Anaların köksünu dağlayan xain, məkrli əlləri kəsmək üçün oğullar böyüdürük.
Babəklər, Cavanşirlər, Koroğlular, Mübarizlər yetirən Vətən torpağı Bəxtiyarı bir də yetirəcək.
Ağlama, ana, ağlama!
Bəxtiyar Daşaltının, Malıbəylinin, Xocalının, Şuşanın, Laçının, Kəlbəcərin itkisinə qarışıb. Həmin torpaqlara hər il bahar gəlir, hər il bu itkin yurdlarımızda güllər açılır.
Ya qismət! Bəlkə, Bəxtiyarın da bahar ömrü hələ solmayıb?
Ağlama, ana, ağlama! Lap yaxında uğrunda itkin düşdüyü Ağdam dağı düşmən əlindən azad olan kimi Bəxtiyar da azad olar inşallah! Ağlama, dediyinin üstündə dur: – Mənim oğlum ölə bilməz!
Bəxtiyar Əmiraslanovun atası el aşığı Cavid müəllim də səninlə həmrəydir. Sənə ürək-dirək verir, səni ovundurur, “Bəxtiyarım gələydi” deyir:
Aman Allah, sən kömək ol, sabahdan,
Nə olaydı, Bəxtiyarım gələydi!
Əsir qalıb kafirlərin əlində,
Gedib əldən ixtiyarım, gələydi!

Ulu Tanrı, sən nicat ver oğluma,
Nələr gəlir xəyalıma, ağlıma…
Çox deyirəm anasına: -Ağlama!
Sevinməyə səbəbkarım gələydi!

Yol gözləyir qonum-qonşu, qardaşı,
Xəbər alır neçə dostu, sirdaşı.
Əsirlikdir, yolu bağlı, o, naşı,
Yol tapaydı intizarım gələydi!

Könlüm quşu qərar tutmur sinəmdə,
Bu hicrandan alovlanır sinəm də.
Ürəyində bir nazənin sənəm də,
Dua edir: – Düz ilqarım gələydi!

Aşıq Cavid, gəl bu qədər çəkmə ah,
Tək Allahın dərgahında min pənah.
Balam sağdır, qayıdacaq… İnşallah!
Gözləyirəm, iftixarım gələydi,
Bəxtiyarım, Bəxtiyarım gələydi!
Ümidini haqqa bağla, göz yaşı oğul qaytarmaz, ağlama ana, ağlama!
Hacıməmməd Məmmədov

Şərh Yaz