• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Gənclik gələcəyimizdir

Gənclik gələcəyimizdir

Yazar Ismayilli
//
23 mart 2013
//
//
Oxunub 1606
//
Azərbaycan Respublikası zəngin və qədim tarixi, milli adət-ənənələri ilə müsəlman, türk ölkələri və xalqlarından fərqlənir. Şərqlə qərbin birləşdiyi məkanda yerləşdiyindən onların sivilizasiyaları, mədəni xüsusiyyət və adət-ənənələri də özünə uyğun formalaşmışdır. Ölkəmizdə İslamdan əvvəlki və sonrakı mədəniyyət, elm və təhsil, sonradan çar Rusiyasının təsiri ilə formalaşan iqtisadi, elmi və sosial meyllər və nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yeni müasir meylləri təşəkkül tapmışdır. Sovet İttifaqı tərkibində isə 70 illik ciddi rejim hökm sürdüyündən, milli adət-ənənələrimiz təqibə məruz qaldığından onlarda aşınma prosesi getmişdir. Bu da onların həyat tərzlərinin düzgün formalaşmasına mənfi təsir göstərmişdir. İttifaqın süqutu ilə demokratik dövlətçiliyimizi bərpa etsək də, yeni müstəqil dövlətimiz qurulsa da, bu gün yeni iqtisadi-siyasi sistemə keçid dövrünü yaşayırıq.
Bütün bu dövrlərdə yeni nəslin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi və xalqımızın milli adət-ənənələrinin nəsildən-nəsilə ötürülməsi ən vacib məsələlərdən biri hesab olunmuşdur. Cəmiyyətimizin günü-gündən müasirləşməsi, kompyuter texnologiyalarının insan həyatına təsiri, yeni nəslin əksər hallarda bu imkanlardan düzgün və səmərəli istifadə etməmələri, əsasən, oyun və əyləncə üçün istifadə etmələri onların sağlamlıqlarına mənfi təsir göstərməklə yanaşı, həmçinin, onların tərbiyələrinin normal inkişafına mənfi təsir göstərir. Bundan əlavə, ölkədə yayımlanan bir sıra televiziya kanallarında müxtəlif mövzulu şou müsabiqələr və milli-mənəvi dəyərlərimizə zidd olan kommersiya məqsədli proqramlar da bu baxımdan xüsusi vurğulanmalıdır. Digər narahatedici məsələ odur ki, bir çox ailələrin çanaq antennaları ilə dünyanın, xüsusilə də Türkiyənin bir çox kanallarını izləmək imkanları var. Bu kanallarda yayımlanan teleseriallar yeniyetmə və gənclərin asudə vaxtlarının zəbt olunmasına və hədər getməsinə səbəb olur. Həmin insanlar gündəlik yayımda olan seriallardan asılı vəziyyətə düşürlər. Bu da onların asudə vaxtlarından səmərəli istifadə etməmələrinə gətirib çıxarır.
Gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığının daha da artırılmasına, onların asudə vaxtlarının səmərəli təşkilinin daha düzgün və məqsədəuyğun yanaşılmasına ciddi ehtiyacın olduğu göz qabağındadır. Torpaqlarımızın 20 faizdən çoxunun mənfur ermənilər tərəfindən işğalı, 1 milyondan artıq qaçqın və köçkünlərimizin olması, minlərlə şəhidlərimizin olması və ölkəmizin müharibə şəraitində yaşadığını nəzərə alsaq, bu istiqamətdə, xüsusilə də gənclərin fiziki və mənəvi tərbiyəsi vacibdir. Fiziki baxımdan sağlam olan gənclərimiz həm torpaqlarımızın müdafiəsi üçün, həm də milli adət ənənələrinin gələcək nəsillərə çatdırılması baxımından daha böyük üstünlüklərə malikdirlər. Bunun üçün idman yarışlarının keçirilməsi gənclərə yeni imkanlar yaradır və onları inkişaf etdirir.
Bütün bu və digər məsələləri nəzərə alaraq, orta məktəblərdə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, idmanın, fiziki tərbiyənin təbliği və narkomaniyaya qarşı maarifləndirmə işlərinin aparılması ümdə vəzifə kimi qarşıda durur. Bu istiqamətdə rayon ictimaiyyətinin iştirakı ilə müzakirələrin keçirilməsini vacib hesab edirik.
Bu məqsədlə GANİB Yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliğinə təşəbbüs layihə-təklifi ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət etmişdir. Müsabiqənin qalibi bu il martın 15-də məlum olmuşdur.
Gənclik gələcəyimizdirQüdrət Kazımov,
Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri

Şərh əlavə et:
Комментарии к новости (1)

Şərh eəlavə et

------------ -----------
Free counters!