• Ana səhifə |
Subscribe by RSS or RUS
» Bir ulduz parlayır

Bir ulduz parlayır

Yazar Ismayilli
//
01 sentyabr 2018
//
---
//
Oxunub 154
//
Son zamanlar feysbuk səhifələrində ən çox izlədiyim imzalardan biri Turac Hilaldır. Bir ulduz parlayır                                       orijinal deyim tərzi, obrazlılığı, qafiyələrinin uyarlığı, dil səlisliyi, düşündürücü olması ilə diqqətimi çəkib. “Belə gözəl poetik dünyası olan bir xanımın zəngin mənəvi dünyası olmalıdır”, - deyə ürə¬yimdə düşünmüşəm. Xeyli vaxt onun ya¬radıcılığını izləmiş, onu özüm üçün kəşf et¬mişəm. Bu gün əminliklə deyə bilərəm ki, Azər¬baycan poeziyasının səmasında bir ulduz parlayır. Bu ulduzun adı Turacdır. Başdan-başa səmimiyyət olan gənc qə¬ləm sahibi.
Turac Kərimova 1979-cu ildə İsmayıllı ra¬yonunun Qurbanəfəndi kəndində anadan olub. Orta məktəbdə yaxşı oxuyub, amma ata¬sının xəstəliyi, anasının vaxtsız vəfatı onun ali təhsil almaq arzusunu ürəyində qo¬yub. Ailəsi ilə doğma kəndində yaşayır. Dərzidir. İki oğlu, bir qızı var. Hilal onun kiçik oğlunun adıdır. Uşaqlıqdan şeirlər yazmasına baxmayaraq, Turac iki ildir yazdıqlarını oxuculara təqdim edir. Özünə əmin olmadığından ilk vaxtlar şeirlərini Hilal adı ilə bölüşüb. Hamı onun kişi olduğunu zənn edib. Nəhayət, şeirləri oxucuların diqqətini cəlb et¬məyə başlayanda, pərəstişkarları onun əsl imzası ilə tanış olublar. İlk dəfə onun şək¬lini görənlər isə bu istedadlı ləzgi qızının gö¬zəlliyinə də heyran olublar. Onu tanıdan Hilal imzasını isə o, özünə təxəllüs götürüb. He¬kayələri, şeirləri müxtəlif qəzet və jurnallarda çap olunub.”Nazlı çiçək kimiyəm” və “Mən ki, səndən doymadım” adlı iki kitabı işıq üzü görüb.
Həyatda olduğu kimi, yaradıcılıqda da onun ən böyük dəstəyi ömür-gün yoldaşıdır. “Mə¬nim uğurlarıma məndən çox sevinən odur. Onun mənimlə qürur duyması, inamı və güvəni məni daha da ruhlandırır” - deyə Turac etiraf edir.
S.Kərimova

Dodaqların “gəl” deyəndə

Dodaqların “gəl” deyəndə, barmaqların əsdimi?
Ürəyinin döyüntüsü, nəfəsini kəsdimi?
“Gəl” deyəndə dolub daşdı, üzundəki çuxurlar?
Göyərdimi sinən üstə gəzmədiyim cığırlar?

Yanıb Tanrı evinəcən, yarana kül sıxdınmı?
Darıxanda ilan kimi qabığından çıxdınmı?
Səndən sonra əllərimi, gözlərimi itirdim.
İtirdikcə öz içimi, sökdüm, yedim bitirdim.

Sən dərdinə dərman tapıb, bircə gecə istəyən,
Mənsə sənə yoluxandan, sağalmayan xəstəyəm.
Sən qovuşmaq arzusuyla yaşayırsan, bilirəm!
Mənsə səni yaşatmaqçün, hissə-hissə ölürəm.

Çırpılmır taxta qapı

Bir yerdə qərar tutmur ruhum, darmadağınam.
Bu viranə könlümdə heç bayquş da ulamır.
Döyülməkdən göyərən anamın dizlərini
İndi mələklər öpür, göz yaşları sulamır.

Daha bizim hasardan yadlar boylanıb baxmır.
Çırpılmır taxta qapı daş hasarın üzünə.
Daha ay işığında qıvrım saçlı qızcığaz
Burnunu çəkə-çəkə məktub yazmır özünə.

Daha nə o həyət var, nə o səs-küy, nə nənəm...
Babam bəhanə gəzmir Toplanı döymək üçün.
Atasının aldığı qırmızı donu geyib
Fırlanmır qonşu qızı özünü öymək üçün.

Öldü o qızcığazın balaca Məstanı da,
Ən böyük arzusu da, ən kiçik inamı da...
Öldü ay işığında burnunu çəkə-çəkə
Yazdığı məktubların çatacaq ünvanı da.

Sənin həsrətin

Küçəyə atılmış ac körpə kimi,
Həsrətin yenə də kirimək bilmir.
Mənim dərdlərim də şikəst doğulub,
Düşüb dizlərimdən yerimək bilmir.

Əllərim payızın son gecəsidir,
Sığalı telimə ağ çiçək taxır.
Elə darıxmışam özümdən ötrü,
Bütün güzgülərdən gözlərin baxır.

Bəxt mənim üzümə çırpılan qapı,
Sən gedən, mən isə “geridə qalan”.
İndi rahatsanmı könül yuvamdan
Sərçə ümüdləri didərgin salan?!

Qəlbimi yandırıb isitdim səni,
Üşüyən ömrümə “bir gün” almadın.
Sənə göz yaşımdan dəniz yaratdım,
Sahil gözlərimdə lövbər salmadın.

Bilirsən

Sənsiz yadların şəhəri,
Qəfil ölüm xəbəriyəm.
Sənsiz korların səhəri,
Ölüsüylə yatanın
Gecəsiyəm, bilirsən?

Qırıb körpə qanadımı,
Kimdə unutdun adımı?
Həsrətə küçə qadını,
Atılmış körpələrin
Küçəsiyəm, bilirsən?

Ölümə can atıram
Az qalıb, bax, çatıram.
Günü günə satıram
İlin, ayın, həftənin
Neçəsiyəm, bilirsən?

Sənə susayıb içim,
Ver, günahından içim.
Bizə qovuşmaq üçün,
Hələ Qıl körpüsündən
Keçəsiyəm, bilirsən!

Bilirəm

Qəhərlə dolu buludam
Toxunma, yağa bilərəm.
Damla-damla süzülürəm,
Sellənib axa bilərəm.

Doğmalar içində yadam,
Tüstulənir könül odam,
Külümlə oynama, adam!
Yandırıb-yaxa bilərəm.

Özümü gömdüm özümdə,
Can qorxusu yox gözümdə.
Kimsə olmaz mən dözümdə,
Dərdimi yıxa bilərəm.

Yadındamı

Yadındamı, saçlarımı darayıb,
Gözləyərdim, küçəmizdən keçəsən.
Səni hamı sevib, əzizləyərdi,
Məndən heç kim soruşmazdı, - Necəsən?

Yadındamı, sizdə, ocaq yananda,
Kor olardı xəyallarım tüstümə.
Nənən sənə danışanda nağıllar,
Ay batardı, gün doğardı üstümə.

Yadındamı, bir gün bizim itimiz
Tutdu səni, məhəlləyə qal düşdü
Anan: “İtlər it saxlamaz!” - söylədi,
Bax, o gündən ürəyimə xal düşdü.

Arzularım - ətcə sərçə balası,
Anan qırdı qanadını, it yedi.
Mən o gündən daramadım saçımı,
Kim gördüsə, bu qız dəlidir dedi.



Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!