• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Gərgin əmək – uğurlu nəticə

Gərgin əmək – uğurlu nəticə

Yazar Ismayilli
//
26 iyun 2018
//
//
Oxunub 178
//
Hər bir xalqın iqtisadi, siyasi, ideoloji gücü onun elmi, təhsili ilə sıx bağlıdır. Elm həqiqətləri öyrənir, həyatın qanunauyğunluqlarını, təbiətin sirlərini açır. Övladlarımızı həyata hazırlamaq, onları sınaqlardan cəsarətlə keçirərək layiqli vətəndaş kimi yetişməsində elmin, təhsilin rolu çox böyükdür.Gərgin əmək – uğurlu nəticə
Gərgin əmək – uğurlu nəticə     Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Övladlarımızı sağlam, bilikli və tərbiyəli böyütmək ailənin və dövlətin birinci dərəcəli işidir”. Bu müdrik kəlamı gündəlik işdə rəhbər tutaraq Azərbaycanda təhsilə daim böyük diqqət göstərilir. Respublikamızın hər yerində təhsilin yüksək səviyyədə, dinamik templə inkişaf etməsi üçün bütün imkanlardan istifadə olunur.
İsmayıllı rayonunda təhsilin inkişafına göstərilən diqqət və qayğı buna əyani sübutdur. Rayonumuzun təhsil ocaqlarının qayğıları hörmətli İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun daim diqqətindədir. Rayonun məktəbləri içində öz tarixi ənənələri, yüksək potensiala malik pedaqoji kollektivi, ali məktəblərə tələbə qəbulunda hər il qazandığı yüksək nəticələrlə seçilən N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbinin xüsusi yeri vardır. Bu təhsil ocağı rayon məktəbləri sırasında müəllimlərin peşəkarlığı, şagirdlərin təlim-tərbiyəsi ilə həmişə ön sıralarda durur.
2017-2018-ci dərs ilində də məktəbimiz öz ənənələrinə sadiq qalaraq həm təhsildə, həm də tərbiyə sahəsində təkcə müəllim və şagirdlərimizi, məktəblə sıx əlaqəsi olan valideynləri deyil, eləcə də bütün rayon ictimaiyyətini sevindirən nəticələrə imza atmışdır.
Cari dərs ilində məktəbimizin XI A sinifində 26 şagird məzun oldu. Onlardan 11 nəfəri qəbul imtahanlarında 500-dən yuxarı bal toplayaraq məktəb tarixində rekord nəticə göstərmişdir. Həmin şagirdlərdən Murad Hacıyev 600, Rəşad Musayev 616, Səhnə Kərimli 637, Ramil Ağayev 655, Sabrina Yolçuyeva 656 bal toplayaraq valideynlərini və müəllimlərini sevindirmişlər. Həmin sinifin şagirdi Vasif Əsədov imtahanlardan maksimum – 700 bal toplayaraq İsmayıllı təhsilinin yüksəkliyini, oxuduğu məktəbin güclü bir təhsil ocağı olmasını bütün respublikaya göstərə bilmişdir.
Qeyd edim ki, məktəbimizin yetirməsi 700 bal topladığı vaxtda hörmətli Mirdaməd müəllim Çexiya Respublikasında səfərdə olub. Onun şad xəbəri alan kimi məktəbin direktoru Qalib Bəşirova telefon açması, onu qazanılan uğur münasibəti ilə təbrik etməsi, oradan qayıtdıqdan sonra məktəbin müəllimləri və yüksək bal toplayan şagirdlərlə görüşməsi, pedaqoji kollektivə təşəkkür etməsi bu təcrübəli təhsil adamının elmə, biliyə verdiyi yüksək qiymətin əyani təzahürüdür.
Əlbəttə, belə bir uğurun əldə olunması müəyyən mənada həm də müəllim-şagird münasibətlərinin düzgün qurulması ilə bağlıdır. Həmin sinifin rəhbəri Qumru Hacıyeva və ayrı-ayrı fənləri tədris edən Müsavəddin Kərimov, Aybəniz Əsədova, Minazər Mahmudova, Pərvanə Abbasova, Gülşən Məmmədova və başqalarının gərgin əməyi bu uğurun qazanılmasını stimullaşdırıb.
Yaxşı bilirik ki, müəllim dərin biliyə, biliyini şagirdlərə öyrətmə, şagirdlərlə ünsiyyət yaratma qabiliyyətinə malik olmalı, ən çətin vəziyyətdə özünü və şagirdlərini düzgün istiqamətləndirməli, səbirli, mülayim, lazım gəldikdə isə tam ciddi, tələbkar və sərt olmağı bacarmalıdır. Bu keyfiyyətlər yuxarıda adlarını çəkdiyim müəllimlərin hər birində yetərincə cəmlənmişdir.
Neçə illər idi ki, məktəbimiz rekord nəticə göstərə biləcək şagirdi yetişdirməyə və bu gün yaşanan sevinci əldə etməyə can atırdı. Ötən illərdə də uğurlarımız az olmayıb. Lakin 700 bal sevincini bu il yaşamaq nəsibimiz oldu. 2016-2017-ci dərs ilində bu nəticənin astanasında olduq. Məktəbimizin yetirməsi Murad Ağazadə 695 bal toplaya bildi. Adi bir səhv onu liderlikdən bir addım geri qoydu. Məktəbimizdə verilən təhsillə yanaşı, həyatda bir səhvin belə zirvəyə çatmaq üçün əngəl olduğu şagirdlərə izah olunur. Şagirdlərimiz yüksək savadla yanaşı hamını razı sala biləcək tərbiyəyə sahib olurlar. Qazanılan nailiyyətlər kollektivimizin işgüzarlığını göstərməklə böyük sevincimizə səbəb oldu. Məktəbdə yaşanan son təntənə bizi daha əzmlə çalışmağa səfərbər edib.
Pedaqoji heyətlə yanaşı şagirdlərimiz əldə olunan uğurlar üçün gecəni gündüzə qatmış, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə görə bütün imkanlardan maksimum istifadə etmişlər. Yüksək müvəffəqiyyət əldə edən məzunlarımız təkcə təhsildə deyil, məktəbin idman həyatında, ictimai işlərində, çoxsaylı müsabiqə və yarışlarda da öncüllərdən olublar.
Vasif Əsədovun dediklərindən:
- Bir şagird kimi, aşağı siniflərdə də çalışqan idim. Müəllimlərin göstərdiyi etimadı təhsil aldığım illərdə doğrultmağa çalışdım. 700 balla ali məktəblərə qəbul olunanlar haqqında eşitdiklərimi özümə görə eşitmək istəyi ilə dərslərimi oxuyur, demək olar ki, hər gün özümə imtahan, hesabat verirdim. Bu səbəbdən imtahan günü tam həyəcansız və arxayın idim. İmtahan günü düşündüyüm bir şey vardı – müəllimlərimin, valideyinlərimin gözləntilərini reallaşdırmaq. Tərəddüdsüz topladığım 700 balda valideynlərimin və müəllimlərimin böyük zəhməti, ölçüyəgəlməz zəhməti var. Bir övlad və şagird kimi qayğımı çəkən tərbiyəçilərimə, müəllimlərimə minnətdaram. Qazandığım uğurdan sevinsəm də qarşıda daha çətin bir mərhələ durduğunu da dərk edirəm. Çalışmalıyam ki, ali təhsil müddətində, ondan sonrakı həyat fəaliyyətimdə də bugünkü üstünlüyü təsdiqləyən, göstərə bilən bir mövqe tuta bilim. İnanıram ki, xeyirxah insanların, gənclərə doğru istiqamət verən ziyalılarımızın sayəsində ömür yolumda da bugünkü sevinci davam etdirən bacarıq nümayiş etdirə biləcəyəm.
İllər keçəcək, ali təhsil illəri də arxada qalacaq, amma, üzərimdə zəhməti olanlara ömrüm boyu minnətdar olacağam.
XI A sinifinin rəhbəri Q.Hacıyeva yetirmələri haqqında ağızdolusu danışır:
- Bu nəticəyə sahib olmaq böyük arzumuz idi. Ötən illərdə belə bir uğuru əldə etmək potensialı olan şagirdlərimiz çox olub. Lakin bu və ya digər səbəblərdən 700 bal sevincini yaşamaq arzu olaraq qalırdı. Bu il Vasif arzumuzu həqiqətə çevirdi. Əslində, biz ondan bu nəticəni gözləyirdik. Vasif imtahan verəcəkdi. Ondan çox biz həyəcanlı idik. Çox sağ olsun ki, etimadımızı doğrultdu, bizə müəllim ömrümüzün ən bəxtəvər anlarını yaşatdı. Duyduğumuz sevinci, aldığımız fərəhi sözlə təsvir etməyə çətinlik çəkirik. Onu da deyim ki, Vasif 700 bal toplamaqla üzərimizə məsuliyyət yükü qoydu. İndi kollektivimiz bu göstəricini əldə saxlamaq üçün daha çox çalışmalı, obrazlı desək, zirvəyə qaldırılan bayrağı enməyə qoymamalıdır.
Qaydalara görə imtahan verən şagirdlərimiz yenidən imtahanlara qatıla bilirlər. Məzularımızdan bir neçəsi özünü təkrar sınamaq fikrindədir. Əminəm ki, sinifimizin 600-dən yuxarı bal qazanan şagirləri bu imtahanda da üzə çıxacaqdır.
Məktəbin direktoru Qalib Bəşirov da XI A sinifinin şagirdlərindən fərəhlə söz açır:
- Respublikamızda təhsilin yüksəldilməsi üçün lazımi şərait yaradılmışdır. Aparılan təhsil islahatları daha savadlı nəslin yetişdirilməsinə xidmət edir. Bu sahəyə göstərilən dövlət qayğısı bizi gündən-günə daha yaxşı işləməyə səsləyir. Hörmətli Prezidentimiz İlham Əliyev təhsilin dinamik inkişafı üçün lazımi addımlar atmış və bu sahədə işlər davam etdirilməkdədir.
Danılmaz həqiqətdir ki, yaxşı iş, keyfiyətli məhsul daha yaxşı qurulmuş iş yerində əldə olunur. Ölkədə tikilən çoxsaylı məktəb binaları müəllimləri daha yaxşı işləməyə sövq edir. Odur ki, xalq haqlı olaraq bu gün təhsil ocaqlarından daha yüksək nailiyyətlər gözləyir.
Məktəbimizdə uzun illərdir ki, sağlam pedaqoji mühit hökm sürür. Başlıca məqsəd müəllimlərin məsuliyyətini planlı şəkildə artırmaq olub. Hər il müvəffəqiyyətlərimizi artırmaqla rayonun məktəbləri sırasında öncüllərdən olmuşuq. Builki nəticə heç də gözlənilməz olmadı. Kollektivin qazandığı bu müvəffəqiyyətdə zəhmət payı olanlara dərin təşəkkürümü bildirirəm. İndi qazanılan uğuru saxlayıb təkrarlaya biləcək fəaliyyəti davam etdirməliyik. Gündəlik fəaliyyətimizi bu məqsədə yönəltməliyik. Çalışmalıyıq ki, təhsili yüksək olan gənclərimizi həm də tərbiyəli, xalqa və dövlətə sədaqətli vətəndaşlar kimi yetişdirək.
Kollektivimizin uğuru təkcə rayonumuzda deyil, ölkədə böyük, sevindirici əks-sədaya səbəb oldu. Sanki böyük bir bayram ərəfəsindəyik. Onu da deyim ki, bayramlarda adətən problemlərdən danışılmır. Amma illərdir məktəbimizə gələnlər onun təmirə ehtiyacını görüb təəccüblənirlər. Bu təəccüb son günlər daha da artmışdır.
Nə yaxşı ki, nəticələrimiz məktəbin estetik görünüşünə uyğun deyil. Amma çox ümidliyik ki, qazanılan nailiyyətlərimiz məktəbimizin əsaslı təmiri məsələsini gündəmə çıxaracaq və yaxın gələcəkdə daha yüksək şəraiti olan məktəbin müəllimləri kimi yüksək təhsillə bağlı bütün arzularımızı reallaşdırmaq imkanına sahib olacağıq.
Səxavət Əliyev,
məktəbin təşkilatçı müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!