• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Əziz Əliyevin qızı - Zərifə xanım: Atasına layiq övlad

Əziz Əliyevin qızı - Zərifə xanım: Atasına layiq övlad

Yazar Ismayilli
//
30 may 2018
//
//
Oxunub 46
//
Belə bir fikir vardır: əzmlə işləyən insanların günləri qısa, ömürləri uzun olur. Bu mənada, Zərifə xanım Əliyevanı uzunömürlü hesab etmək olar. Onun elmi əsərləri, tədqiqatları, çoxsaylı kitabları yaşadığı 62 illik ömrünə sığmır. Əziz Əliyevin qızı - Zərifə xanım: Atasına layiq övlad             İşıqlı xatirəsi bu gün də insanların yaddaşında, təkcə yaxınlarının və həmkarlarının deyil, həm də gözlərinə rəngarəng dünyanın nurunu bağışladığı xəstələrinin qəlblərində yaşayır. Həyatda belə böyük sevgi qazanmaq, özündən sonra belə əziz duyğular, nurlu xatirələr qoyub getmək – belə xoşbəxtlik çox az adamın taleyinə yazılır.
Akademik Zərifə Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır.
Sözsüz ki, Zərifə xanımın zəngin daxili aləminin formalaşmasında ailəsinin, valideynlərinin çox böyük rolu olmuşdu. Tanınmış alim və həkim, böyük ürək sahibi, geniş biliklərə, yüksək mənəviyyata malik şəxsiyyət Əziz Əliyevin qızı məhz Zərifə xanım kimi olmalı idi.
Tale Zərifə xanımın bəxtinə onu sevən, ona dəyər verən, yolunda hər cür fədakarlığa hazır olan qüdrətli bir insanı – müasir, müstəqil Azərbaycanın qurucusu, bütün ömrü boyu xalqına, Vətəninə sədaqətlə xidmət etmiş Heydər Əliyevi bəxş etdi. Bir-birini üzvi surətdə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün milli dəyərlərimizi əks etdirən nümunədir. Onlar çətinliklərin öhdəsindən birgə gəlib, uğurlara birgə sevinirdilər. İki ləyaqətli övlad böyütdülər.
Zərifə xanım əsl ziyalı qadın idi. Bu ziyalılıq bir tərəfdən onun biliyində və savadında, digər tərəfdən, simasındakı nurla, xasiyyətindəki təmkin və nəcibliklə özünü göstərirdi. Onun ən gözəl cəhətləri bəşəriyyətə və insanlara sevgisi, sevimli işinə hədsiz bağlılıq və ailəsinə vurğunluq idi. Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır.
Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyevlə yanaşı, sözsüz ki, Zərifə xanımın da tərbiyəsini görürük.
Zərifə xanımın ömür yoluna nəzər salarkən bir daha şahid oluruq ki, o, əfsanəvi bir həyat yaşayıb. Çox təəssüf ki, Yaradanın Zərifə xanıma yazdığı ömür payı qısa oldu. O, müstəqil Azərbaycanı, sürətlə inkişaf edən, gələcəyə inamla baxan, gündən-günə gözəlləşən, müasirləşən Vətənimizin bu gününü görmədi. Lakin qəlbimizdə bu təəssüflə yanaşı, bir inam da vardır: səhiyyəmizin tərəqqisi, tibb elmində qazanılan uğurlar görkəmli alimin xatirəsinə ucaldılan ən möhtəşəm abidədir.
Əsl yaradıcılıq, əsl elm daimidir. Akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcəkdir.
Bahar Abdullayeva,
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!