• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Şəxsiyyətin formalaşmasında məktəb-valideyn münasibətlərinin rolu

Şəxsiyyətin formalaşmasında məktəb-valideyn münasibətlərinin rolu

Yazar Ismayilli
//
14 may 2018
//
//
Oxunub 207
//
Almaniyada bir məktəb direktoru hər tədris ilinin başlanğıcında müəllimlərinə bu məzmunda bir məktub göndərirmiş: “Mən ölüm düşərgəsindən sağ qurtulanlardan biriyəm. Gözlərim heç bir insanın görməməli olduğu şeyləri görüb.
Şəxsiyyətin formalaşmasında məktəb-valideyn  münasibətlərinin rolu
Yaxşı təhsil verilmiş və yetişdirilmiş mühəndislərin inşa etdiyi qaz otaqları, yaxşı yetişdirilmiş savadlı həkimlərin zəhərlədiyi uşaqlar, işini yaxşı bilən tibb bacılarının vurduğu iynələrlə ölən körpələr, məktəb və universitet məzunlarının öldürüb yandırdığı insanlar.
Bu səbəbdən təhsilə şübhə duyuram. Sizlərdən istəyim budur: hər şeydən əvvəl şagirdlərnizin insan olmaları üçün çalışın. Zəhmətinizin nəticəsi bilikli canavarlar və bacarıqlı psixlər olmasın. Oxuma, yazma, riyaziyyat uşaqlarımızın daha “çox” insan olmasına kömək edərsə, onda həqiqətən yararlı olar”.
Bu fikirlər təkcə keçən əsrin Almaniyası üçün deyil, bütün dövrlər, bütün bəşəriyyət üçün vacib, kainatın, təbiətin ən ali varlığı olan insan üçün həyat idealı sayıla bilər. Eyni zamanda Təhsil Strategiyamızın bütün bəndlərindən qırmızı xətlə keçən məsələləri çox yaxşı şəkildə özündə ehtiva edir. Məqsəd aydındır:
- Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə, demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək.
Əlbəttə, müasir dövrümüzdə təhsilimizin qazandığı uğurlar hamımızı ürəkdən sevindirir. Müstəqilliyimizin möhkəmləndirilməsi yolunda atdığı inamlı addımları ilə, tənqidi və yaradıcı təfəkkürü ilə fərqlənən, milli-mənəvi dəyərlərimizi dərindən mənimsəyən, adət -ənənələrimizə söykənən şəxsiyyətlərin yetişdirilməsi bu gün hər bir vətəndaşın qarşısında duran başlıca vəzifədir. Ata-babalarımızın şəxsiyyət , “böyük” adam yetişdirmək, formalaşdırmaq inamı ilə yaşamalı, qayğı göstərməliyik.
Bu şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün tərbiyə işi ilə məşğul olan hər bir şəxs yorulmadan, usanmadan çalışmalı, mütəmadi axtarışlar aparmalı, təhsil alanın şəxsiyyət kimi formalaşdırılması, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan yeni tərbiyə sisteminin yaradılmasını mühüm vəzifə kimi qarşıya məqsəd qoymalıdır. Bu mənada şagirdə təkcə təlimin deyil, tərbiyə prosesinin də fəal üzvü kimi yanaşılması müasir dövrün başlıca vəzifələrindəndir.
Bəli, danılmaz həqiqətdir ki, uşağın böyüməsində xüsusi rolu olan məktəbin, müəllimin əziyyəti böyükdür. Dahi özbək şairi Əlişir Nəvainin sözləri ilə desək:
“Heç bir insan müəllimin gördüyü işi həyata keçirmək iqtidarında deyil. Bir uşağın tərbiyəsi belə nəhəng bir insana əzab verir. Eyni vaxtda çoxlu uşağı tərbiyə edən və onlara bilik verən müəllim əsl qəhrəmanlıq göstərir”.
Ancaq onu da qeyd etmək lazımdır ki, müasir texnologiya bolluğunda Vətənə, cəmiyyətə layiq insan böyütmək, şəxsiyyət formalaşdırmaq təkcə məktəbin işi deyildir. Bu aktual vəzifənin uğurlu icrası üçün təhsil müəssisəsi ilə birgə, ailənin də xüsusi rolu vardır. Bu mənada ailə cəmiyyətin ilkin özəyi, onun sosial quruluşunun ünsürlərindən biridir. Bir damla suda günəş əks olunduğu kimi, ailə münasibətlərində də cəmiyyətin bütün ünsürləri öz ifadəsini tapır.
Eyni zamanda, ailə insani münasibətlərin ilk tərbiyə məktəbidir. Yeni nəslin, yeni insanın tərbiyəsi məsələsində ailə və məktəbin vəzifələri üst-üstə düşür və bunlar daha vacibdir. Çünki burada təbiətin bəxş etdiyi xüsusiyyətlər deyil, həm də mədəniyyətin, cəmiyyətin əlavə etdiyi xüsusiyyətlər təzahür edir. Təsadüfi deyil ki, pedaqogika üzrə mütəxəssislər tərbiyə işində sistemli yanaşmadan istifadə etməyi məqsədəuyğun hesab etməklə, onu da əsaslandırırlar ki, şəxsiyyətin formalaşması prosesi irsən və insanın sosial dəyərlərinin artması sayəsində baş verir. Bəli, nəticə aydındır: ailə-insanın bir şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. Azərbaycan xalqının da ailə münasibətlərinə dair qazandığı təcrübələr min illərin sınağından keçərək faydalı öyüdlər, nəsihətlər şəklində nəsildən-nəsilə verilmiş valideyn-övlad münasibətlərinin qorunub-saxlanmasına, zənginləşib-təkmilləşməsinə səbəb olmuşdur. Nəticə də aydındır: insanların ən ləyaqətlisi, ən yetkini əxlaqı gözəl olanlar və ailə üzvlərinə böyük ehtiramla yanaşanlardır.
Buna görədir ki, təlim və tərbiyədə vəhdətlik göstərilən yerdə həqiqi işdən danışmaq olar. Yunan filosofu Aristotelin kəlamını xatırlamaq da yerinə düşər: “Təlimdə irəli gedib, tərbiyədə geri qalanlar irəli deyil, geri gedirlər”.
Bütün bunlar tərbiyənin necə önəmli proses olduğunu gğstərir. Təcrübə isə sübut edir ki, yüksək intellektə malik savadlı şagirdlərin yetişdirilməsi məhz müəllim, şagird, valideyn üçbucağının düzgün qurulmasından çox asılıdır. Bu prosesin düzgün qurulması, şagirdlərdə elmi dünyagörüşü formalaşdırmaqla yanaşı, həm də məktəblilərin mənəvi zənginliyini təmin edən keyfiyyətlər də yaradır. Çünki valideyn də övladının gələcəyi üçün məsuliyyət daşıyır, həm də onun sağlam əqidəli olmasını arzulayır.
Uşaq yaşlarında hər zamandan daha artıq əxlaq gözəlliklərini uşaqlara öyrətmək lazımdır. Çünki pis xüsusiyyətlər təkrar olunduğu zaman adətə çevrilib uşaq təbiətinə daxil olduqdan sonra, onlara elm və ədəb öyrətmək müşkül olur.
Və qeyd edilməlidir ki, şəxsiyyətin düzgün formalaşdırılması xeyli dərəcədə valideyn-uşaq münasibətindən asılıdır. Daxili zənginlik onun anadangəlmə gen əlamətidirsə, dünyada göz açdığı mühitin, boya-başa çatdığı ailənin oynadığı rol böyükdür. Uşaqlara öyüd-nəsihətdən daha çox, nümunə güclü təsir göstərir. Təəssüf ki,valideynlərin əksəriyyəti uşaqlarla normal ünsiyyət qura bilmir. Özünün rahatlığı naminə nə işlə məşğul olduğu ilə maraqlanmır: təki onu narahat etməsin. Uşaq isə bundan ustalıqla mənfi meyllərə, zərərli vərdişlərə yiyələnmək üçün istifadə edir, saatlarla kompüter qarşısında oturub döyüş və avtomobil yarışı oynayır. Buna adət etmiş uşağı işindən ayıranda o, psixoloji gərginlik keçirir, aqressiv hərəkətlər edir.
İkinci bir mənfi hal: valideyn öz borcunu maddiyyatla ölçür. Yalnız uşağı yedirib-içirib, geyindirib-keçindirib məktəbə yola salmaq, digər maddi tələbatlarını ödəməyi əsas vəzifə borcu sayır. Düşünür ki, qalan işlərin hamısı məktəbin, müəllimin borcudur.
Təbii ki, bu düzgün fikir deyildir. Etiraf etməsə də , hər bir valideyn yaxşı başa düşür ki, gözü həyata yenicə açılmış uşağın bir şəxsiyyət kimi yetişməyin təməli elə ailədə qoyulur. Çünki daxili zənginlik onun anadangəlmə gen əlamətidirsə, dünyaya göz açdığı mühitin, boya-başa çatdığı ailənin oynadığı rol böyükdür. Uşağın həyati maraqlarını təmin etmək, bitməz-tükənməz sorğularını səbirlə, məntiqi cavablarla cavablandırmaq, başa salmaq, yeri gəldikcə bu izahatı ondan dinləmək, düzgün istiqamətləndirmək, ailədaxili problemlərdən kənar tutmaq, bu mənada uşağa daha doğma olan, onun böyüməsi üçün təəssübkeşlik hissi keçirən valideynin əsas işidir.
Və müasir texnologiya bolluğunda bir qədər çətin olan bu vəzifənin öhdəsindən bacarıqla gəlmək, uşağı düzgün tərbiyə edib ədalət axtarışında olan, vətəni, xalqı ürəkdən sevən, lazım gələrsə, bu yolda canından keçməyə hazır olan, düzgün amallar uğrunda mübarizə aparacaq ruhda böyüyüb başa çatdırmaq, əsl vətəndaş kimi yetişməkdə müəllim-valideyn birgə nəzarəti də çox vacibdir. Əgər şagird valideyn-müəllim üçlüyünün birgə əməkdaşlığı baş tutarsa, səmərəli olarsa, artıq düzgün böyüyəcək şəxsiyyətdən söhbət açmaq olar. Bunun üçün isə bəzi məsələlərdən hələ lazımınca baş açmayan valideynin özünü də maarifləndirmək lazım gəlir.
Valideynlə mütəmadi əlaqə saxlamaq, sinif təşkilat saatlarının keçirilməsi zamanı, valideyn iclaslarında pozitiv fikirlər səsləndirmək uşağın özünə inam hissini gücləndirir, məktəbə, müəllimə rəğbətini artırır, dönüş yaratmağa imkan verir. Bu hala sevinən valideyn də artıq işlərin yaxşı gedəcəyi inamı ilə özündə yeni qüvvə tapır.
Şagirdin də özünə inam, müstəqillik hisslərinin güclənməsi, gələcəkdə onları gözləyən ağır elm, bilik labirintindən baş çıxarmağa kömək edir, eyni zamanda güclü şəxsiyyət yaratmağın təməl daşını qoymuş olur. Əks halda, həyatda istəyinə nail ola bilməyən şagirdin uğursuzluq pillələri ilə “qalxması” onun psixologiyasına güclü təsir göstərir, öz gücünə, qüvvəsinə inamı azaldır, cəmiyyətə qaynayıb-qarışmır. Bütün bunlar həm valideyni, həm də müəllimi əsəbləşdirir, müvafiq yollar tapmaq əvəzinə, danlağa, təhqirə üstünlük verir, hadisələri daha da mürəkkəbləşdirir, onun cəmiyyətdə yer tutmaq bacarığını sıfıra endirir.
Və bu mənada təhsildəki yeniliklərin tətbiqi və idarəetmə funksiyalarının dərinləşdirilməsi, müəllim-valideyn-şagird münasibətlərinin səmərəli şəkildə qurulması, valideynlərin pedaqoji proseslə sıx əməkdaşlıqlarının yaradılması şagirdin həm öyrənmə prosesinə, həm də cəmiyyətdə özünə yer tutmaq bacarığının, özünütərbiyənin formalaşdırılmasına güclü təsir göstərmiş olur.
Bu da doğrudur ki, təhsil müəssisələrinin çoxunda pedaqoji kollektivlər məktəb-valideyn əlaqələrinin düzgün qurulması üçün səylərini əsirgəmirlər Şəhər məktəblərinin əksəriyyətində də müəyyən nailiyyətlər əldə olunmuşdur. Lakin müasir dövrümüzün tələblərinə uyğun sistemli münasibətlərin qurulduğunu demək hələ tezdir.
Təəssüfləndirici haldır ki, bir çox məktəblərimizdə bu zəruri iş, demək olar ki, unudulmuş, ya da qənaətbəxş deyildir. Belə ki, valideyn iclasları keçirilmir, ya da formal protokollar yazılır. Valideyn məktəbə gəlmədiyinə görə, uşağının məktəb həyatı barədə təsəvvürü olmur, şagird gündəliyindən xəbəri yoxdur. Valideynin məktəb, pedaqoji kollektivin işi barədə təsəvvürü şagirdin öz mənafeyi baxımından verdiyi birtərəfli informasiyaya əsaslanır.
Eyni zamanda indi valideynlərin çoxu uşaqlara həddindən artıq qəyyumluq edir, sanki onları istixanada yetişən meyvə kimi bəsləyir. Hətta buna görə öyünürlər ki, biz uşaqlarımızın əlini ağdan-qaraya vurmağa qoymuruq, qoy mən çəkdiyim əziyyəti uşağım çəkməsin. Bu, tamam səhv düşüncədir. Sabah uşaq nəinki adi bir işi görə bilməyəcək, hətta bərkə-boşa düşəndə bu vəziyyətdən çıxa bilməyəcək, psixologiyasına ciddi zərbə dəyəcək. Həmin vəziyyət onu cəmiyyətdə natamam insan kimi səciyyələndirəcək. Deməli, valideynin günahı üzündən gələcəkdə natamamlıq kompleksi yaşayacaq xeyli sayda uşaq yetişir. Bunun üçünsə həyəcan təbili çalmağın vaxtı çoxdan yetişib. Valideyn başa düşməlidir ki, uşaqlara münasibətdə bu qədər ifrata varmaq olmaz. Sabah cəmiyyət buna görə ciddi zərbə alar. Bunlar isə vacib işə xələl gətirən məsələlərdir.
Məsələnin belə qoyuluş daha faydalı olardı: valideynlər mütəmadi olaraq tədris prosesinə cəlb olunmalıdırlar. Çünki sinifdə aparılan tərbiyəvi fəaliyyətin uğuru pedaqoji kollektivin, xüsusən sinif rəhbərinin valideynlərlə əməkdaşlığından asılıdır. Qabaqcıl sinif rəhbərləri o zaman uğur qazanırlar ki, dərs ilinin ilk günlərindən valideynlərlə əlaqə yaradır və görüş keçirirlər. Görüşün keçirilməsində məqsəd şagirdləri öz valideynlərinin köməyi ilə tanımaq, ən əsası isə gələcəkdə dərs deyəcəyi uşaqların məktəbə hazır olub-olmadığını öyrənməkdir. Bu zaman valideynlərə təhsildə baş verən yeniliklər kurikulum islahatı, yeni qiymətləndirmə haqqında məlumatlar verilir. Məktəbə gələn valideynlər Dövlətimizin daxili və xarici siyasəti barədə inanılmış bilgilər, suverenlik uğrunda gedən mübarizə qəhrəmanları haqqında məlumat alırlar. Valideynlər övladlarının ictimai işlərdə necə fəallıq göstərməsi ilə maraqlanır, dostluq münasibətlərini, dərsdən sonra məşğul olduğu faydalı işlərə aid məlumat əldə edirlər.
Valideynlərlə görüş zamanı şagirdlərin hüquq və vəzifələri haqqında məlumatlar da verilir, onlarla lazımi söhbətlər aparılır. Hər həftənin sonuna təşkilat saatları keçirilir, oraya valideynlər də dəvət olunur. Sinif kollektivinin formalaşmasında valideynləri bir-biri ilə görüşüb fikir mübadiləsi aparmağın böyük rolu vardır.
Şagirdlərin düzgün peşə seçimində valideynlər arasında aparılan maarifləndirmə işinin də böyük əhəmiyyəti vardır. Onlar artıq bilirlər ki, indi təhsilimizin qarşısında duran əsas məsələlərdən biri şagirdlərdə məntiqi təfəkkürün inkişafına nail olmaq, gələcəyimiz olan uşaqları hərtərəfli biliyə malik şəxsiyyət kimi yetişdirməkdir. Valideyn artıq qəti qərara gəlir: biz nailiyyətlər əldə etmək üçün birlikdə işləməliyik, müəllim-şagird-valideyn üçbucağını yaratmalıyıq.
Bu üçbucaqda isə şəxsiyyətin quruluşu üçün beş bir-birilə əlaqəli potensialı tam vəhdət kimi əsas götürməliyik: idrakı, əxlaqi, kommunikativ, estetik və fiziki. Buna görə də biz tərbiyəvi iş planlarında planlaşdırılmış tərbiyə işlərini və tədbirlərini saydığımız potensiallara uyğun sistemləşdirməliyik. Çünki təhsildə yüksək keyfiyyətə nail olmaq, nailiyyətlər əldə etmək hər bir təhsil müəssisəsinin ən cavib məqsədlərindən biridir.
Tədris prosesində məktəblərin mənimsəmə faizinin artması, şagirdlərin təhsilə marağının gücləndirilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi isə tərbiyə işinin planlaşdırılmasından başlayır. Bu isə binanın təməli deməkdir. Təməl düzgün qoyularsa,binanın əbədiyaşarlığından əmin olmaq olar.
Əlbəttə, təlim-tərbiyə işi həm də bir dəryadır. Bu dəryanı təmiz təmiz saxlamaq, milli dövlətçilik maraqlarının qorun masında vətəndaş təəssübkeşliyi vacib amildir. Və bu həqiqəti hamı dərk etməlidir. Bu hisslər körpəlikdən aşılanmalıdır, çünki insanın xarakteri məhz kiçik yaşlarda formalaşır. Xarakter isə prinsipial olmaq bacarığından ibarətdir. Vətəni sevməyi, milli və ictimai maraqların mahiyyətini öyrətmək hər bir tərbiyəçinin borcudur.
Keçmiş ABŞ Prezidenti Vilson da vaxtilə ölkə pedaqoqlarının belə bir vəzifə daşıdığını qeyd edərək, vətənin böyüklüyünün onun sıravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunduğunu bildirmişdi. Gəlin biz də böyük olmağa və vətənimizi də böyük tutmağa çalışaq. Fəxr edək ki, bu vətənin övladları, bu dövlətin vətəndaşları olmaqla bərabər, hərtərəfli inkişaf etmiş şəxsiyyət tərbiyə etmək bizim ümdə vəzifəmiz və borcumuzdur.
Şəxsiyyətin formalaşmasında məktəb-valideyn  münasibətlərinin roluRəna Mirzəliyeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!