• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Sahibini arayan məktub...

Sahibini arayan məktub...

Yazar Ismayilli
//
03 mart 2018
//
//
Oxunub 204
//
Sahibini arayan məktub...                                       2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş cəsur həmyerlimiz Mikayıl Vahabzadə haqqında Lətifə Əliyevanın müəllifliyi ilə çapa hazırlanmış “Şəhidliyə aparan sevgi” kitabından.

Bağışla...

Düz 446 gündür ki, sənsizəm, Mikayıl! 446 gündür ki, özümü sənin yoxluğuna öyrətmək istəyirəm! Düz 446 gündür ki:
Gecə də, gündüz də düşünürəm ki,
Gərək düşünməyim bir daha səni...

... amma düşünürəm və bəzən düşüncələrlə özüm özümü səndən “incik salmaq” da istəyirəm, düşünürəm ki, ilk dəfə evinizə gəldim, çox sevdiyin o üçrəngli bayrağa bürünüb sakitcə yatdın, başını qaldırıb mənə bir “xoş gəldin!” də demədin. Qəbrin üstünə gəldim, çağırdım, yalvardım, yoncudum, qanlı göz yaşları tökdüm... nə pıçıltıma cavab verdin, nə naləmə diksindin, nə də yalvarışlarıma məhəl qoydun. Bunları düşünürəm... eehh, faydasız... mənasız...
Sənə deməyə o qədər sözüm var ki, Mikayıl, söz ürəyimi dağıdır, dərd məni dəli edir, gündə yüz yol xəyalınla danışıram, söz çoxdan da çoxdu, amma, nə deyim, necə deyim, onu bilmirəm. Sənsiz səninlə günləri, ayları yola salıram. Bəli, düz eşitdin, düz başa düşdün, yaşamıram, sadəcə, vaxtı yola salıram. Xatirələrlə baş-başa günlərdən ömür hörürəm özümə. O ömrün qızıl daşları sən idin, Miki, sən! Mən səni səndən xəbərsiz sevirdim! Gendən-genə, uzaqdan-uzağa! Elə o da mənə yetirdi! O mahnının bircə sətri dilimin əzbəri idi: ”Mən sevim, sən sevmə, qoy belə olsun!” Varlığın bəs idi mənə! Kaş sənin də mənə eyni hissləri bəslədiyindən xəbərsiz olaydım, kaş hər şey baxışlarımızın ilk dəfə üzləşdiyindən əvvəlki kimi qalaydı, kaş...
... Bir gün... o gün sənin də mənə biganə olmadığını bildim, sənin də məni sevdiyini bildim. Axxx, o gün necə xoşbəxt idik?! Cüt göyərçinlər kimi, bütün günü əl-ələ dolaşdıq, heç birimiz danışmırdıq, ikimiz də susmuşduq. Bir gün və cəmi bir neçə kəlmə... O bir neçə kəlmədə bir dünya vardı, ən əsası biz vardıq – ikimiz – sən və mən! Hər gün, hər gün görüşürdük, bunu sən istəyirdin. Son kursda idin, işləyirdin, dərs, iş... ancaq görüşməyə elə asanlıqla vaxt tapırdın ki... Daha yaxından tanıdıqca daha çox sevirdim səni. Xəyallar qururduq, düşündüklərimizin xəyal olub qalacaqlarından xəbərsiz. Evlənirdik, ev qururduq, oğul-uşaq sahibi olurduq - xəyal aləmində. O aləmin məni bir ömür boyunca yandırıb yaxacağından xəbərsiz...
Son dəfə, 2 il əvvəl, sən əsgərliyə yola düşmək üçün kəndə gedəcəyin gündən bir gün qabaq, bugünkü gün - iyun ayının 30-da görüşmüşdük. O gün ilk sözün bu oldu: “Sevgililər günün mübarək, sevgilim!” Ancaq buludlu səmada ara-sıra görünüb yoxa çıxan günəş kimi idin o gün: üzünü gah sevinc, gah da kədər bürüyürdü. Sevinirdin ki, əsgər gedirsən, kədərlənirdin ki, müvəqqəti də olsa əzizlərindən ayrı düşəcəksən.
Qəribə tərəflərin çox idi sənin, Miki, elə ona görə də bəzən səni anlaya bilmirdim. Mənim yanımda dəfələrlə qardaşına zəng edib: “Çağırış vərəqəsi gəlmədi mənə?!” - deyə səbirsizliklə soruşardın, əsgərliyə getməyə elə can atırdın ki... Sevgililər parkda, bulvarda gəzəndə sən məni Şəhidlər xiyabanına, Bayraq meydanına aparardın – mən səni sevgi dolu gözlərlə baxdığın üçrəngli bayrağımıza qısqanardım, qibtə ilə baxdığın şəhid məzarlarına qısqanardım... indi düşünürəm ki, kaş başqa bir gözələ baxaydın, kaş başqa bir gözələ yar olaydın, amma... var olaydın, yaşayaydın, Mikayılım! Bayrağa, şəhid məzarına sevgin Şəhidliyə gedən yolun oldu, onlara olan sevgin Şəhidliyi, ölümü sevdirdi sənə...
Sahibini arayan məktub...
Sahibini arayan məktub...
Sahibini arayan məktub...                                       Əsgərlikdə olduğun ilk aylarda çox sıx-sıx arayardın məni. Sonralar bu zənglər seyrəldi, bəzən həftələrlə səndən gələcək bir zəngin həsrətində oldum. Başqa yerdə, başqa şəraitdə olmuş olsaydın səni kiməsə qısqanardım, ancaq... Qəlbimi didib parçalayan başqa hisslər idi: düşmənlə üzbəüz mövqelərdə idin, hər an hər şey ola bilərdi. Bunu düşünmək belə nə qədər ağır idi, hansı ki, sən hər dəqiqə bu hissləri yaşayırdın. İmkan tapıb telefonla danışanda da özümüzdən yox, düşməndən alınacaq qisasdan, intiqamdan danışardın, hücum əmrini səbirsizliklə gözlədiyini deyərdin. Sən bir ana üçün, bir qız üçün yox, anamız Azərbaycan üçün doğulmuşdun və onun yolunda da sevə-sevə ölümə getdin! Sən İlham olmağı bacardın – Vətən üçün canından keçdin, Mikayıl, mənsə Fərizə olub sənin üçün ölə bilmədim! Sən ölməyə cəsarəti çatmayan birini sevmisənmiş, Miki! Cəsarətdə sənə tay ola bilmədiyim üçün utanıram, səninlə ölə bilmədiyim üçün utanıram! Sənsiz yaşadığım üçün, yaşaya bildiyim üçün utanıram, Miki! Bəzən adını çəkməyə, sənə xəyalən belə müraciət etməyə cəsarət etmirəm, ölümün gözünə dik baxıb onu sevərək qəbul edən, şəhidlik zirvəsinə ucalan Mikayılım!
Bayrağa bükülü tabutun həyətinizdə qaldırılanda içimdən necə bir hayqırtı qopdusa anidən hamının mənə baxdığını görüb susdum və o an... o an ölə bilməyi elə istədim ki... o an o bayrağı heç vaxt olmadığı qədər çox qısqandım sənə - o bayrağın yerində olmağı, səninlə birgə əbədi dünyaya köç etməyi necə istədim, onda da bacarmadım!
Mikayıl, bir bilsən, bir eşitsən məni, bir duysan məni!!! Ürəyim sənsizliyin odunda yanıb qovrulur, sən bir yol öldün, Miki, mənsə sənsiz gündə yüz yol ölüb dirilirəm. Bilirsənmi, bu nə deməkdir, Mikayıl! Bilmirsən, heç vaxt da bilməyəcəksən! Bilirsənmi, nəfəs alıb yaşamamaq, görən gözü olub görməmək, ürəyi döyünüb duymamaq nə deməkdi?! Bilmirsən, heç vaxt da bilməyəcəksən! Amma mən bilirəm, Miki, çox yaxşı bilirəm, 446 gündür ki, mən belə varam, əgər buna var olmaq deyilirsə...
Yadındamı, mart ayında 2 dəfə telefonla danışdıq, dedin ki: “Dan ulduzum (sən məni adımla yox, belə çağırardın), ürəyimə damıb, məni bura gətirən yollar gətirdiyi kimi geriyə qaytarmayacaq, mən şəhid olacam, buna adım kimi əminəm, əgər məni azacıq da olsa sevirsənsə, (səni nə qədər çox sevdiyimi özün məndən yaxşı bilirdin) – məni unut, həyatından, yaddaşından sil, səni anlayacaq biri ilə ailə qurarsan, müharibə gedən ölkəyə oğul çox lazımdı, oğul anası olarsan”. Ən acısı bilirsən nə idi, Miki, mənə dedin ki, oğluna mənim adımı qoyarsan – Mikayıl! Bəlkə bu sözün oldu məni səninlə birgə ölməyə qoymayan! Bəlkə də...
Miki, bilmirəm, sən deyəni etməyə gücüm çatacaqmı, adını bir oğulun timsalında yaşada biləcəyəmmi?! Ümumiyyətlə, yaşaya biləcəyəmmi? Çünki yaşayan cismimdi, ruhum ilk eşqim, ilk sevgim olan səninlə birgə əbədi dünyaya köç edib.
Mənə yazdığın bu şeir sənsiz qaldığım günlərdə mənə yetdi, oxudum, ürəyim param-parça oldu, bunları necə yaza bildin, neçə əlin gəldi, dilin qalxdı, ölümünü necə bu qədər dəqiqliklə öncədən görə bildin, mənim peyğəmbər ruhlu Mikayılım!
Sevgilim, yazıram mən bu məktubu,
Bəlkə də yazdığım son yazıdır bu.
Mən ölsəm ağlama, kədərlənmə sən,
Bəlkə onda rahat uyuyaram mən.

Bu sözləri demirəm ki, ağlayasan,
İstəyirəm “sevgi” sözün bağlayasan.
İstəmirəm, kədərlənib qəm çəkəsən,
İstəyirəm məndən sonra sevəsən.
Bilmirəm bu şeiri kim yazıb, ancaq, mənə, mənim kimi sevgisi düşmən gülləsinə tuş gələn yüzlərlə azərbaycanlı gözəlinə həsr olunduğu şəksizdir. Bu şeirdə deyilən “mən” mənəm, Mikayıl, mən, eşqi güllələnən, sevgisini qönçə ikən şaxta vuran, oxu daşa dəyən MƏN:
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı,
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz, kəfənsiz ölmüşəm elə.
... Builki “Sevgililər günü”ndə də görüşə gəlmədin, son ümidimi də qırdın...
Cənnətdə görüşmək ümidi ilə...
Sənin “Dan ulduzu”n
30 iyun 2017-ci il



Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!