• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Şərifov Rasim Cəfər oğlu

Şərifov Rasim Cəfər oğlu

Yazar Ismayilli
//
08 fevral 2018
//
//
Oxunub 186
//
Şərifov Rasim Cəfər oğlu İsmayıllı rayon ictimaiyyətinə ağır itki üz vermişdir. Doğma rayona, onun taleyinə sıx bağlı olan böyük vətəndaş, bacarıqlı rəhbər, istedadlı təşkilatçı, dövlətə və dövlətçiliyə sadiq ictimai-siyası xadim, gözəl insan və böyük dost Rasim Şərifov ağır xəstəlikdən sonra 2018-ci il yanvarın12-də dünyasını dəyişmişdir.
Rasim Cəfər oğlu Şərifov 1955-ci il noyabrın 10-da İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur.
1973-cü ildə Hacıhətəmli kənd orta məktəbini əla qiymətlərlə, 1977-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. İlk əmək fəaliyyətinə doğma kənd məktəbində dil-ədəbiyyat müəllimi kimi başlayıb, 1980-1984-cü illərdə həmin kənddəki Kuybışev adına sovxozun komsomol komitəsinin katibi seçilib. İşgüzarlığı, gənclərlə işləmək qabiliyyətini nəzərə alaraq ona etimad göstərilib 1984-cü ilin may ayında İsmayıllı Rayon Komsomol Komitəsinin ikinci katibi seçilmişdir.
1986-cı ildə o, İsmayıllı Rayon Partiya Komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmiş, 1988-ci ilin avqust ayında Hacıhətəmli kənd orta məktəbinin direktoru təyin edilmişdir. 1980-ci illərin sonlarından başlayaraq Qarabağda ermənilərin separatçılığına, Moskvanın, M.S.Qorbaçovun ermənipərəst mövqeyinə etiraz əlaməti olaraq kütləvi xalq hərəkatı başlayanda R.Şərifov ona ilk qoşulanlardan biri oldu.
Xalq azadlıq hərəkatının dalğası İsmayıllıya da gəlib çatdı. Rayonun mərkəzi meydanında xalqın etiraz mitinqləri milli şüurun oyanmasında, müstəqillik meyllərinin güclənməsində mühüm rol oynadı. İsmayıllı rayon Xalq Cəbhəsinin rəhbəri kimi R.Şərifov etiraz aksiyalarının qanun çərçivəsində aparılması, qarşıdurma və kütləvi iğtişaşların baş verməməsi, ekstremal vəziyyətdə rayon rəhbərliyi, ağsaqqal və ziyalılarla məsləhətləşmə və dialoqların alınması üçün böyük səy göstərmiş, siyasi ayıqlığı və böyük təcrübəsi sayəsində buna nail olmuşdur.
Ermənistandan qovulmuş soydaşlarımızın yerləşdirilməsi, ermənilərin rayondan çıxarılması, Qarabağ ətrafında baş verən hadisələrlə bağlı yaranan vəziyyətdə zəngin etnik və dini tərkibi olan İsmayıllıda bütün qüvvələr arasında qarşılıqlı anlaşmanın, konsensusun, prinsipial məsələlərdə optimal çıxış yollarının tapılmasında onun böyük rolu olmuşdur.
1992-ci ilin mayında R.Şərifov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. Yenicə müstəqilliyə qovuşmuş Azərbaycanda çox mürəkkəb ictimai-siyası proseslər gedir, rayonlarda da qeyri-sabitlik qalmaqda davam edirdi. R.Şərifov İsmayıllının ən çətin və mürəkkəb dövründə rayona rəhbərlik etsə də, iqtisadi, ictimai-siyası, mədəni həyatın normal və qanunçuluq məcrasına yönəldilməsi üçün böyük siyasi iradə, təmkin, uzaqgörənlik nümayiş etdirərək rayon əhalisini bir çox siyasi hoqqabazların, radikalların emosional hərəkətləri sayəsində yarana biləcək kəskin qarşıdurmalardan qoruya bilmişdir, iqtisadiyyatın inkişafı üçün səmərəli addımlar atmışdır.
1993-1998-ci illərdə ictimai-siyası fəaliyyətlə məşğul olmuşdur. 1998-ci ilin mart ayından “Olaylar” Ekoloji Araşdırmalar Mərkəzinin direktoru, 2004-cü ildən “Ulu Xudafərin” jurnalının baş redaktoru işləmişdir. Milli Vəhdət Partiyasının üzvü, partiyanın icra aparatının rəhbəri olmuşdur. 1995, 2000, 2005-ci illərdə Milli Məclisə seçkilərdə deputatlığa namizəd olmuşdur.
3 övladı var. Onlar ali təhsil almış, layiqli övlad kimi Vətənə, dövlətə xidmət yolunu tutmuşdur.
Rasim Şərifovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.
Yaxınlarından, məsləkdaşlarından, dostlarından bir qrupu,
İsmayıllı Rayon İcra Hakimiyyəti


Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!