• Ana səhifə |
Subscribe by RSS or RUS

Nurlu sima sahibi

Yazar Ismayilli
//
20 noyabr 2017
//
//
Oxunub 146
//
Adam var ki, haqqında yazmaq istəyəndə günlərlə düşünür, sözlər, fikirlər seçir, qələmə boyun əyirsən. Adam da var ki, barəsində danışanda və ya yazı yazanda sözlər sənə yalvarır, bilmirsən hansını yazasan, haradan başlayıb, harada qurtarasan. Nurlu sima sahibi                    Qəribədir, onunla çox oturub-durmamışam. Amma çoxlarına olduğu kimi, o qədər mənə əziz və istəklidir ki, hər görüşdə sevinir, sinə dolusu nəfəs alıram. Elə bil, ən əziz doğmalarımdan biri, illərlə görmədiyim, uzaq ellərdən gələn qohumumla görüşürəm. Bunun səbəbini öz şəxsiyyətinə hörmət etməsində görürəm. O, rayonumuzda kifayət qədər tanınan, bulaq kimi duru, ay kimi təmiz, həyatın gedişatını, düşündüklərini ürəyində götür-qoy edən, az danışan, iş təcrübəsi və peşəkarlığı ilə sayılıb-seçilən ziyalıdır. Yerişi vüqarlı, gülüşü ağayana, ürəyəyatandır. Haqq sözü ürəyində saxlamayıb deyəndir. Düşməni yoxdur. Dostun səhvini vaxtında, üzünə deyir. Respublikanın bir çox ziyalıları ilə dostluq edir. Hamı onun xətrini çox istəyir.
Maliyyə sahəsində sözünü demiş, ömrünü bu işə xərcləmiş mehriban, sadə bir insandır. Bu nurlu simanı gördükdə qəlbimdə bir istək məşəli yanır. Elə bir məşəl ki, nurundan qürur, hərarətindən doğmalıq duyuram. Düşünürəm: haqqında yazacağım yazını necə yazım ki, bu nurlu simaya layiq olsun, onu oxuculara da tanıda və sevdirə bilim.
Bu insanın ömür yoluna nəzər salmaq, olub-keçənləri öyrənmək üçün onunla görüşmək qərarına gəldim. İş otağında həmsöhbət olduq. Qonağı olduğundan vaxtını çox almadım. Şəki şəhərindən dostu ona baş çəkməyə gəlmişdi. Uzun müddət Azərbaycan Respublikasında Maliyyə Nazirliyində məhsul vəzifədə çalışdıqdan sonra Şəki şəhərində Maliyyə İdarəsinin rəisi olmuş Arif Mustafayevlə də elə onun iş otağında tanış olduq. Suallarım əsasında öyrəndiklərimi və hörmətli qonaqdan onun haqqında eşitdiklərimi qələmə aldım.
Müslümov Radim Yanvar oğlu 30 oktyabr 1957-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində zəhmətkeş ailəsində dünyaya gəlib. 1965-ci ildə kənd məktəbinin birinci sinifinə qədəm qoyub. 1975-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək hərbi xidmətə yollanıb. 1976-78-ci illərdə hərbi borcunu yerinə yetirdikdən sonra ali təhsil almağı qərara alıb. 1978-ci ildə D.Bünyadov adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinə daxil olub. 1982-ci ildə institutu yüksək qiymətlərlə bitirərək iqtisadçı-mühasib ixtisasına yiyələnib. Və həmin ildən “Əmanət Bank”ın Ağsu filialında əmək fəaliyyətinə başlayıb. “Əmanət Bank”ın Ağsu Şöbəsinin müdiri, iqtisadçı, kredit üzrə şöbə müdiri, və ixtisasına uyğun müxtəlif vəzifələrdə çalışıb. 1995-2013-cü illərdə Ağsu rayon Maliyyə Şöbəsinin rəisi olub. 2013-cü ildən isə İsmayıllı Rayon Maliyyə Şöbəsində rəis vəzifəsində çalışır.
Radim Müslümov ağsuluları sevdirən qonaqpərvərliyi, səmimiyyəti, halallığı, düzlüyü, sadəliyi də özü ilə İsmayıllıya gətirib, qoruyub, saxlayıb.
Düzgünlük, səmimiyyət, mehribançılıq, zəhmətkeşlik kimi dəyərlər insanın vətəninə bağlılığının, yurd sevgisinin göstəriciləridir. Radim müəllim valideynlərin övladları üçün miras qoyduğu təmiz adı şərəflə qoruyub saxlayır. O, aldığı mükəmməl tərbiyə ilə bir ömürlük Vətən sevgisi tapıb. Odur ki, Yanvar kişi haqqında söhbətdə Radim müəllim dedi:
- Atamın xeyirxah əməlləri, insanlara olan münasibəti, peşəsinə olan sevgisi ilə fəxr edirəm. Uşaqlıqdan bizə verdiyi öyüd-nəsihətlər həyat yolumuzda əsil bələdçidir. Biz atamızdan insan olmağı öyrəndik. Atamızın tapşırığıdır ki, heç kimin haqqına girməyin, şan-şöhrət dalınca qaçmayın. Əgər layiqli yol tutsanız, şan-şöhrət özü gəlib sizi tapacaqdır. Xarakterinizə, savad və bacarığınıza görə peşə seçin ki, onu ürəkdən sevəsiniz. Ən böyük mükafatınız isə xalqa xidmət zamanı aldığınız alqışdır. Nə qədər ki, sağıq onun bu nəsihətləri qulağımızda qalacaq və çalışacağıq ki, bu keyfiyyətləri övladlarımıza ötürə bilək. Atam klassiklərimizin, dünya ədəbiyyatı incilərinin mütaliyəçisidir. Göz açandan, kitabın bilik mənbəyi olduğunu dərk edəndən bəri həmişə onun kitabxanasından bəhrələnmişik.
Radimin anası Qəndifə Məşədi Mirqasım qızı seyid övladı, el anasıdır. Xeyriyyəçidir, xanımlar xanımıdır. Tanıdığı neçə-neçə qəlbi təmiz adamın Həcc ziyarətinə getməsinə köməklik göstərib. Özü dəfələrlə Kərbəlanı, Kəbəni ziyarət edib. Oğlu Nadim, onun həyat yoldaşı ilə birlikdə Məşhəd şəhərində olub. O, övladlarına, uca Yaradana və onun rəsuluna - Həzrəti Məhəmməd peyğəmbərimizə böyük məhəbbət aşılayıb. Onlara tövsiyə edir ki, inkişafın açarı oxumaqdır. Övladlar da həmişə ağsaqqal və ağbirçəklərinin sözünü uca tutmuş, oxuyaraq yüksək mövqe qazana biliblər. Bu ailədə Qurani-Kərimə hörmət dədə-babalarından qalan bir əmanətdir.
Kitab həqiqətən milli-mənəvi sərvətimizdir. Bunu məktəb illərindən mükəmməl dərk edən Radim müəllim daim mütaliə edir. Klassiklərimizi, həmçinin çağdaş ədəbiyyatımızı sevə-sevə oxuyur. Radim müəllim sevimli şairlərimizindən çoxunun şeirlərini əzbər bilir.
Dörd fəsildən payızı daha çox sevir. Bu fəsil nemət bolluğu, bar-bərəkət fəslidir, - deyir. Boş vaxtı olmur, sərbəst olan kimi atasına qulluq göstərməyə can atır. Hər gün valideynləri ilə görüşüb, hal-əhval tutduqdan sonra işə çıxır.
1994-cü ildən YAP-ın üzvü olan peşəkar maliyyəçinin ən böyük hobbisi rəsm çəkməkdir.
Radim müəllim tam əmindir ki, dünyada ən yaxşı fərəh özünün başqasına lazım olduğunu bilməkdir. Ən böyük əxlaqi məmnunluq da elə budur. Onun anlamına görə pis yoxdur. Məsuliyyət və cavabdehlik kimi hissə münasibət, onlara verilən dəyər vardır. İnzibatçılığı amiranəliyi, xoşlamayan humanistdir. Diqqətçil, həssas, tələbkar, nizam-intizamlı, yaxşıları tez dəyərləndirən, arzularında dönməz, problemlərə münasibət bildirən, güclü intuisiyası olan Radim müəllim rəftarda, davranışda münasibəti qoruyub saxlamağa maraqlı olan bir insandır.
Əmək fəaliyyətindən göründüyü kimi, maliyyə məsələlərində Radim müəllimin təcrübəsi, xidmətləri böyükdür. Bu sahədə şəffaflığın qorunub saxlanılmasında 35 ildən çoxdur ki, fədakarcasına çalışır. Azərbaycan maliyyə sistemində uğurlu xidməti danılmazdır. Onun çoxillik, nümunəvi iş təcrübəsi gənc maliyyə işçiləri üçün böyük bir örnəkdir. Əmək fəaliyyəti dövründə aldığı Tərifnamə, Fəxri fərman və Diplomlar əməyinə verilən yüksək qiymətdən xəbər verir.
Bu yazıda əsl Azərbaycan kişisinə xas olan mənəvi dəyərləri, ədəb-ərkan qaydalarını yaşadan şərəfli bir peşə sahibinin ömür yolunun bəzi məqamlarına azacıq da olsa ayna tutmağa cəhd etdim.
Qəlbində millətin, xalqının, vətənin portretini yaşadan Radim Müslümov demək olar ki, özü barəsində danışmağı sevmir və tərifdən də xoşu gəlmir. Barəsində eşitdiklərimi, gördüklərimi artırıb-əskiltmədən qələmə almağa çalışdım. Bu işdə uzun müddət Radim müəllimlə işləmiş, onunla həmkar olmuş, ailəvi dostluq edən və hal-hazırda təqaüddə olan Arif Mustafayevin dedikləri dadıma çatdı. Sanki həmin gün o bu yazının yazılmasına mənə kömək üçün Tanrı tərəfindən göndərilmişdi. Onun dediklərindən bir daha tam yəqin etdim ki, Radim, gözəl insan, təcrübəli maliyyə işçisi, qayğıkeş ailə başçısı, etibarlı dost, qeyrərtli vətəndaşdır. Bütün bunlarla yanaşı, Allahı sevəndir.
Söhbət əsnasında öyrəndim ki, müqəddəs məkanlardan Məşhəddə olub. Həcc ziyarətində də olmaq arzusundadır. Qeyd edim ki, eşidib-öyrəndiklərimin bir hissəsini yazıya çevirdim. Amma Sabir demişkən: olanların dörddən birini də yazmadım. Ehtiyatda saxladığım sözlərin çoxunu növbəti yazıda qeyd etmək ümidi ilə ömrünün 60-cı baharını başa vuran Radim Müslümovu yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, müvəffəqiyyətlər arzu edirəm.
Hacıməmməd Məmmədov,
təqaüddə olan müəllim

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!