• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Həyatı örnək olan müəllim

Həyatı örnək olan müəllim

Yazar Ismayilli
//
19 noyabr 2017
//
//
Oxunub 120
//
Xeyirxah, nəcib əməlli insanlar sevdiyi işi icra etdikcə ruhu dincəlir, qəlbi açılır. Xeyirxahlıq Tanrı bəxşişidir və cəmiyyətin zəkasına, bilik və bacarığına, sağlam gələcəyinə xidmət etmək üçün vacib amildir.
Həyatı örnək olan müəllim
Cəmiyyətin inkişafı və sağlam olması təhsildən və bacarıqlı gənclərdən asılıdır. Yüksək təhsil insanın mənəvi və maddi zənginliyinə zəmin yaradır. Bu zənginliyə təməl qoyan isə müəllimlərimizdir. Onlar bir şəxsiyyət və vətəndaş yetişdirir, cəmiyyətin inkişafına yönələn fəaliyyət göstərir, vətəninə, xalqa səmərəli xidmət etməyə can atırlar.
Bəzən insanlar vətəninə xidməti yalnız hərbi xidmət kimi başa düşürlər. Əslində, Vətənə xidmət vətəndaşlara, xalqa xidmətdən, sağlam gələcəyimiz üçün aparılan işlərdən başlayır. Bu baxımdan Vətənə xidmət edənlərin önündə müəllimlərimizdir. Müəllim ömrü, onların həyat tərzi əslində nümunə olan bir məktəbdir. Müəllim haqqında müdrik sözlər, kəlamlar deyənlər çox olub. Ulu öndərimiz müəllim haqqında demişdir: “Mən dünyada müəllimdən daha yüksək bir ad tanımıram!”
Cəmiyyəti formalaşdıranlar müəllimlərdir. Müəllimlik şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir. Məktəb təlim-tərbiyə ocağıdır.
Ağ saçlarının işığını sinif otaqlarına gətirən, ovcundakı zəhməti, dizindəki qüvvəti, gözlərindəki nuru sevə-sevə şagirdlərinə bəxş edən müəllimlərimizdən biri - 70 illik ömrünün 50 ilə yaxın hissəsini pedaqoji fəaliyyətinə həsr edən Mübarək müəllim haqqında danışmaq, gənc nəslə örnək ola biləcək bir ömrünün izi ilə addımlayaraq həyatının bəzi məqamlarına diqqət çəkmək istəyirəm.
Aslanov Mübarək Qulu oğlu, 17 noyabr, 1947-ci ildə İsmayıllı rayonunun Sərdahar kəndində anadan olub. İbtidai təhsilini doğma kənddə, orta təhsilini isə qonşu Tircan kənd orta məktəbində alıb. 1964-cü ildə məktəbi əla qiymətlərlə bitirib və müəllim olmaq həvəsi onu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinin tələbəsi edib.
M.Aslanov 1969-cu ildə ali məktəbi bitirib və rayonumuzdakı Şəbiyan kənd səkkizillik məktəbinə riyaziyyat müəllimi təyin edilir. 1970-ci ildə Tircan kənd orta məktəbinə müəllim göndərilib və burada müəllimləri ilə çiyin-çiyinə çalışmaq imkanı qazanır. Bir il sonra isə ordu sıralarına çağırılır, hərbi xidmətdən sonra unudulmaz, sevimli müəllimlik fəaliyyətini davam etdirir. Həyat yoldaşı Firəngiz müəllimlə birlikdə uzun illər bir məktəbdə işləyirlər.
Mübarək müəllim vətən təəssübkeşliyi ilə yaşayan, xalqı, camaatı, kəndi üçün yadda qalan iş görməyə çalışmış və zaman-zaman istəyinə nail olmuşdur. Onunla həmsöhbət olarkən fikirləri belə ifadə etdi:
- Harada işləməyimdən asılı olmayaraq, kəndimiz, o köhnə, uçuq, darısqal məktəb binası yadımdan çıxmırdı. O bina mənə digər tikililərdən daha əziz, daha yaxın, daha doğma idi. Çünki həmin binanı 1941-1945-ci müharibə illərində atam tikdirmişdi. 1986-cı ildə Qaraqaya kənd 8 illik məktəbində dərs hissə müdiri, 1990-cı ildə isə Sərdahar kənd məktəbində müəllim işlədim. 1991-ci ildən Sərdahar kənd məktəbinə direktor təyin edildim. Uçuq-sökük binada işləmək çətin idi. Bu çətinlikləri Dövlətimiz gördü və nəzərə aldı. Nəhayət, 2012-ci ildə Sərdahar kəndində 80 şagird yerlik, yeni, müasir tipli və ən müasir tələblərə cavab verən məktəb binası tikildi. Yaddaşımızda uşaqlığımızı xatırladan köhnə məktəb binası bizə nə qədər doğma olsa da, onun yerində ucaldılan yeni məktəb də bizə daha böyük sevinc bəxş etdi.
Bunun üçün dövlətimizə, bu işdə əməyi olan hər kəsə, rayon rəhbərliyinə, xüsusi ilə də hər zaman elm, təhsil sahəsinə diqqət yetirən görkəmli elm xadimi, professor, rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqova, məktəbin tikintisində bizə yaxından köməklik göstərənlərə, eləcə də Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucova və sevimli şagirdim olmuş Azad Əliyevə təşəkkürlərimizi bildiririk.
Dörd övlad atası Mübarək müəllim yalnız müəllimi olduğu şagirdlərə deyil, həm də öz övladlarına yüksək təlim-tərbiyə verməklə bu işdə örnək ola biləcək bir ziyalıdır. Qızları - jurnalist, tibb bacısı və müəllim, oğlu isə iqtisadçıdır. Bu, o deməkdir ki, Mübarək müəllimin yetişdirdiyi övladlar müxtəlif sahələrdə çalışmaqla Vətənə, xalqa xidmət edirlər.
Mübarək müəllim yaş həddinə görə cari tədris ilindən etibarən pedoqoji fəaliyyətini dayandırıb. İşsizliyi sevmədiyindən şəxsi təsərrüfatla məşğuldur. İşgüzarlığı ilə gənclərə sübut edir ki, insan ömrünün istənilən çağında vaxtını səmərəli keçirməli, faydalı əməyə bağlanmalıdır. Şagirdləri qazandıqları uğurda müəllimlərinin – eləcə də Mübarək müəllimin böyük zəhməti olduğunu söyləyirlər. Gənclərimiz üçün nümunə yeri, örnək olan vətənpərvər və zəhmətkeş müəllimlərimiz var olsunlar!
Biz də Mübarək müəllimi 70 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı arzu edirik!
Elnarə Günəş,
AJB-nin üzvü

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!