• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İyirmi beş ilin əsrə bərabər yüksəlişi

İyirmi beş ilin əsrə bərabər yüksəlişi

Yazar Ismayilli
//
19 oktyabr 2017
//
//
Oxunub 73
//
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik zirvəsindən baxanda əsrə bərabər yüksəlişin şahidi oluruq. Xüsusilə 1980-ci illərin sonu 90-cı illərin əvvəlini yaşamış insanlar heyrətlə qarşılanan inkişafı, təəccüb ediləcək yüksəlişi daha yaxşı görür.
İyirmi beş ilin əsrə bərabər yüksəlişi    Qeyd etdiyim illərdə artıq bütün ölkə kimi, gənclik də idarə olunmurdu. Hərə öz şəxsi məqsədləri naminə onların qüvvəsindən istifadə etməyə çalışırdı. Belə bir durumda milli taleyimizi yaşaya bilən, xalqımızı, ölkəmizi dağıntıdan, xaosdan, dərəbəylikdən, insan itkilərindən xilas edə biləcək bir siyasi təşkilata, yenilməz liderə ehtiyac vardı. Ümummilli lider Heydər Əliyevə 91-lərin müraciəti bu ehtiyacı zərurətə çevirdi.
Təbii idi ki, bütün həyatını xalqının xoşbəxtliyinə, səadətinə həsr etmiş Heydər Əliyev müraciətə müsbət cavab verəcəkdi. Bu cavab Yeni Azərbaycan Partiyasının yaradılmasından ibarət oldu.
21 noyabr 1992-ci ildə Naxçıvanın insan ürəyi ilə qızdırılan bir iclas salonunda YAP-ın təsis konfransı keçirildi, Yeni Azərbaycan Partiyası qısa müddətdə yerli təşkilatlarını yaratmaqla bütün ölkənin siyasi həyatını əhatə etdi.
Sədri Heydər Əliyev olan partiya insanların sabaha ümidlərini bərpa etdi, ölkənin iqtisadi, siyasi müstəqilliyinin əbədi olacağına, sosial həyatın kökündən yaxşılaşacağına, Qarabağ müharibəsində dönüş olacağına, təhlükəsiz həyat yaşayacağına hər kəsdə dərin inam yaratdı. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən ümummilli liderimiz Heydər Əliyev candan artıq sevdiyi Azərbaycanı təhlükələrdən sovuşdurmaq, xalqa layiq olduğu həyatı bəxş etmək üçün ümummilli istəklərə müsbət cavab verdi-yenidən hakimiyyətə gəldi. Dövlət müstəqilliyimizin əbədliyinin əsası qoyuldu.
1993-cu ilin mart ayında Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının təsis konfransı keçirildi. Mən də bu proseslərdə daha yaxından iştirak etməyi Heydər Əliyev siyasi epoxasının kadrı kimi özümə borc bilirdim. YAP-ın sıralarına keçən ilk üzvlərdən oldum. Ehtiramla xatırlatmaq istərdim ki, rayon təşkilatının yaradılmasında dünyasını dəyişmiş İsmayıl Qəniyevin, Mirmövsüm Abbasovun, Nəsrəddin Muştaqovun, Bağı Məhərrəmovun, Əkrəm Şirinovun, Xalid Qəniyevin, Xasay Xıdırovun fəal iştirakları olub. Musavat-AXC hakimiyyət dairələrinin təzyiqlərinə baxmadan, onların fitnələrindən çəkinmədən Məhərrəm Əhmədov, Rüstəm Səmədov, Azər Həmzəyev, Vaqif Rəhimov, Fərman Bəşirov, Ramiz Ağayev, Nifti Rzayev və bir çox başqaları rayon təşkilatının yaradılmasında kəsərli mövqe nümayiş etdiriblər. İndi YAP İsmayıllı rayon təşkilatının 8312 nəfər üzvü vardır. Onların 3116 nəfəri qadın (38 %), 3430 nəfəri gəncdir (41,3 %). Gənc YAP-çılar sırasında olanların 1415 nəfəri qadındır. Bu rəqəmlərdən bir daha aydın görünür ki, ümummilli lider Heydər Əliyevin dediyi kimi, “YAP bu günün, sabahın və gələcəyin partiyasıdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasına uzun illər sədrlik etməsi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədr müavini olması YAP-ı beynəlxalq miqyasda tanınan partiyaya çevirmişdir. 25 illik tarix mənsub olduğumuz siyasi təşkilatı qüdrətli, zəngin tərkibli, dönməz ideyalı, azadlıq istəkli, müstəqillik yollu, bütün əhali qruplarının maraqlarını ifadə edən bir siyasi təşkilat kimi tanıtmışdır. Fəxr edir və qürur duyuruq ki, möhtərəm Prezidentimiz, YAP-ın sədri İlham Əliyev son 4 ildə İsmayıllıya 3 dəfə səfər edib, onun diqqət və qayğısının nəticəsi olaraq bir çox obyektlərlə yanaşı, YAP rayon təşkilatının inzibati binasını da bizə hədiyyə edib. Milli-mənəvi dəyərlərimizi yaşadan Mehriban xanım Əliyevanın hərtərəfli dəstəyi ilə “Lahıc misgərlik sənəti” UNESKO-nun qeyri-maddi mənəvi irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bunu da ismayıllılar ən dəyərli hədiyyə kimi qəbul ediblər. Ölkə rəhbərliyinin bütün tədbirlərini –istər dövlət tərəfindən, istərsə də partiya tərəfindən olsun xalqa xidmətin ən yüksək nümunəsi kimi qəbul edir və minnətdarlığımızı əməli fəaliyyətimizlə bildiririk.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun ideya müəllifliyi ilə 2013-cü ildə təsis edilən “Heydər Əliyev idarəetmə məktəbi” indi rayon təşkilatının həyatını əsil mənada canlandıran ideoloji mərkəzdir.Ümummilli liderin siyasi irsi, Prezident İlham Əliyevin imzaladığı çoxistiqamətli Dövlət proqramları, Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı məsələlər bu məktəbin məşğələlərində öyrənilir və təbliğ edilir. Azərbaycan dövlətçiliyi, YAP-la bağlı əlamətdar günlər, hadisələr idarəetmə məktəbinin məşğələlərinin mövzusu olur. “İsmayıllı xəbərləri” rayon qəzeti rayon təşkilatının fəaliyyətini müntəzəm işıqlandırır.
İndiki əsas fəaliyyət istiqamətlərimizdən biri YAP-ın yaranmasının 25 illiyinə hərtərəfli hazırlaşmaqdır. Bu hazırlığın ilkin mərhələsi olaraq keçiriləcək tədbirlərin planı hazırlanıb və icraçıların ünvanına çatdırılıb. Artıq “Müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsində YAP-ın rolu” mövzusunda inşa yazı müsabiqəsi, ”Yeni Azərbaycan Partiyasının gələcəyi gənclərə məxsusdur”, ”YAP-ın həyatında qadınların rolu” mövzularında tədbirlər keçirilib. Müxtəlif mövzulu müsabiqələr, görüşlər, dəyirmi masa arxasında söhbətlər, idman yarışları keçirmək də nəzərdə tutulub. Tədbirlər bütün ərazi partiya təşkilatlarını əhatə edir.
Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş tədbirlər bir daha bu siyasi təşkilatın ölkənin dövlət müstəqilliyinin əbədiliyinin təmin olunmasını Heydər Əliyev dühasından yaranan dəyər kimi insanlara çatdıracaq, partiya üzvlərini qarşıdakı vəzifələrin icrasına səfərbər edəcəkdir.
Sevil Əhmədova,
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədr əvəzi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!