• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ondan bir də olmayacaq…

Ondan bir də olmayacaq…

Yazar Ismayilli
//
18 oktyabr 2017
//
//
Oxunub 403
//
Solmayan çiçəklərin solan sahibəsinə
Hər il olduğu kimi, bu ildə oktyabrın 5-də Beynəlxalq müəllim günü münasibətilə Rayon Təhsil Şöbəsi gözəl bir tədbir təşkil etmişdi. “Röya” şadlıq sarayında keçirilən bu gözəl tədbirə mən də dəvət olunmuşdum.Ondan bir də olmayacaq…           Tədbir başlayar-başlamaz hiss etdim ki, həsrət dolu baxışlarım məndən xəbərsiz zalı dolaşır, stolların arxasında oturanları bir-bir, diqqətlə süzür: bu baxışlar nəyi və ya kimi axtarırdı – ilk dəqiqələrdə özümə belə aydın deyildi. Baxışlar isə... Axır ki, zaldan ümidini üzüb hər tərəfi sıra ilə aydın görməyə imkan verən monitora zilləndi o baxışlar. Və birdən ekranda rəqs paltarı geyinmiş balacalar – baxçadan gəlmiş uşaqlar göründü. O nigaran baxışlarım sevincə büründü, ümidlə, ürəkdən gələn bir ümidlə növbəti kadrı izlədi: amma... Nə balacaların arasında, nə də baxçadan gələn böyüklərin sırasında axtardığım o gözəl çöhrə, o sevimli üz, o gülər gözlər yox idi... Ötən tədbirlərdə - Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni ilə, 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbirlərdə də beləcə, peşiman qalmışdı baxışlarım, yenə elə oldu. Bunun belə olacağını mən də, baxışlarım da yaxşı bilirdik, ancaq elə hadisələr var ki, onu olduğu kimi qəbul etmək üçün sənə aylar yox, bəzən illər belə kifayət etmir.
Rayonun qabaqcıl təhsil işçisilərinin sırasında adı həmişə fəxrlə çəkilmiş, dəfələrlə rayon üzrə ilin ən yaxşı baxça müəllimi seçilmiş Simuzər müəllimənin qəflətən, elə iş başındaca ölümünə mən bu gün də inana bilmirəm. Elə bir rayon tədbiri olmazdı ki, işlədiyi şəhər 1 saylı başçanın balacalarını ya şeir deməyə, ya da rəqs etməyə ora gətirməmiş olaydı. Qabaqcıl baxça idi, hər vaxt deməyə sözləri, önə çəkməyə uşaqları var idi və bu işdə 1974-cü ildən müxtəlif baxçalarda işləmiş Simuzər müəllimənin də xüsusi zəhmət və əmək payı var idi.
1974 dedim, daha doğrusu, rəqəm, tarix yada saldım. Simuzər müəllimənin də hamı kimi rəqəmlərlə dolu həyatını elə bir vaxtlar özündən eşitdiyim qaydada xatırladım. Simuzər ağsulu qızı idi. Ağsuda doğulub boya başa çatmış, orada orta məktəb qurtarmış, oradan da Bakıya gedib texnikuma daxil olmuşdu. Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alıb yenidən öz doğma rayonuna qayıtmışdı. Gələn kimi də işlə təmin olunmuşdu. Həyat dolu idi, uşaqlarla işləməkdən qətiyyən yorulmurdu. Yaxşı əl qabiliyyəti var idi, balacalarla birlikdə şəkillər çəkər, müxtəlif oyuncaqlar düzəldərdi. Tez-tez uşaqlar üçün “kukla teatrı” hazırlayardı və tamaşada lazım olan bütün paltarları, kuklalaları özü tikib düzəldərdi. Ona görə də o baxçada işlədiyi qısa vaxtda rayonun qabaqcıl baxça işçisi kimi tanına bilmişdi. Ancaq sən demə, onu tanıdan tək yaxşı işi yox, həm də gözəlliyi, gözəl tərbiyəsi imiş. 1976-cı ilin noyabr ayında tələbə yoldaşlarından biri ilə olan şəkildən onu görüb bəyənən, ilk baxışdan aşiq olub ardınca Ağsuya gələn basqallı bir gənclə ailə qurub İsmayıllıya gəlin köçür. Həyat yoldaşı yaxşı usta-mexanik idi – Basqaldakı kələğayı sexində işləyirdi. Simuzər də bu kənddəki baxçada işləməyə başlayır. 5 ildən sonra həyat yoldaşını Bakı mahud kombinatına işə dəvət edirlər. “Vidadi harada, mən də orada” deyən Simuzər xanım balalarını da yanına alıb ömür-gün yoldaşı ilə birlikdə şəhərə köçür. Şəhərdə olduqları müddətdə çox sevdiyi işindən – balacalardan uzaq qalır. Ancaq darıxmır, bunu söz etmir, əksinə gecəsini, gündüzünü öz balacalarına – canından çox sevdiyi 3 şirin-şəkər körpəsinə - Aynuruna, Aidasına, Ülviyyəsinə həsr edir.
Bir neçə ildən sonra tale onları yenidən İsmayıllıya qaytarır – rayondakı Yerli İstehsalat kombinatında açılmış toxucu sexinə xaricdən gətirilmiş avadanlıqların “dilini” bilən bir mütəxəssis lazım idi. Belə bir mütəxəssis Simuzərin ömür-gün yoldaşı Vidadi Rəhmanov idi və kombinatın rəhbərliyi Vidadini işə dəvət edir. Rayona qayıdandan cəmi 2 ay sonra Simuzər müəllimə şəhərdəki 1 saylı baxçada yenidən işə başlayır. Nə bir müddət işdən kənarda qalması, nə ev, ailə qayğıları çox sevdiyi işinə olan həvəsini, marağını azalda bilməmişdi. Yenə əvvəlki kimi həvəslə işə başlayır və yenə az vaxtda fərqlənənlər, təriflənənlər cərgəsinə qoşulur. Yenə işdə iş yoldaşlarının, evdə qonşuların, qohumların sevimlisi olur: gülər üzü ilə, şirin dili, xoş rəftarı ilə... Dəfələrlə Rayon Təhsil Şöbəsi tərəfindən “İlin ən yaxşı bagça müəllimi” adına və Fəxri fərmanlara layiq görülür.
Yaş üstünə gələn yaş, övladlardan nəvələrə uzanan yollar - əlavə qayğılar yenə onun yaxşı işinə kölgə sala bilmirdi. Ancaq... qəfləti gələn əcəl ona nə iş gününü tamamlamağa, nə ailəsinə, iş yoldaşlarına son sözünü deməyə imkan vermədi, səhər deyə-gülə çıxdığı evinə ağır xəbəri gəldi... Bundan düz 1 il əvvəl oldu o hadisə, düz 1 il əvvəl. Artıq 1 ildir ki, onu iş yolunda, iş yoldaşları, qonşular arasında, qohum məclislərində, toy mağarlarında görməyə adət edənlərin gözü soraqçıdı, bir gün gələcək, bir gün dönəcək ümidi ilə... Ömür-gün yoldaşı da elə bu ümidlə Simuzərdən yadigar qalan çiçəkləri əsla solmağa, saralmağa qoymur, bu solmayan çiçəklərin solmuş sahibəsinin eşqinə...
... Həyat bir yoldu, “olum”la başlayıb “ölüm”lə qurtaran yol. Həyat bir nağıldı, “biri var idi ilə başlayıb, biri yox idi” ilə qurtaran nağıl. Simuzər müəllimənin ömür yolu, nağılı da burada bitdi, ancaq xanımlığıyla, müəllimliyi ilə nümunə olan, yaxşı ana, nümunəvi ömür-gün yoldaşı, arzu olunan qonşu kimi itkisi, vaxtsız ölümü onu tanıyanlar var olduqca qəlbləri göynədəcək, yeri hər daim görünəcək! Heyf ki, bütün bu yaxşılıqları özündə cəmləyən Simuzər Rəhmanovadan birdə olmayacaq!
Yerin behişt olsun, behiştlik insan!
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!