• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsrailin nümayəndə heyəti İsmayıllıda

İsrailin nümayəndə heyəti İsmayıllıda

Yazar Ismayilli
//
20 sentyabr 2017
//
//
Oxunub 47
//
Tirat Karmel şəhərinin meri Ariye Talın rəhbərliyi ilə İsrailin nümayəndə heyəti 6 sentyabr 2017-ci il tarixdə İsmayıllıya gəlib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov nümayəndə heyəti ilə görüşüb.
İsrailin nümayəndə heyəti İsmayıllıda
İsrailin nümayəndə heyəti İsmayıllıda
İsrailin nümayəndə heyəti İsmayıllıda
Qonaqları salamlayan Mirdaməd Sadıqov deyib ki, sizi İsmayıllıda salamlamaqdan qürur duyur, sürətli, hərtərəfli inkişafda olan Azərbaycanın abad bir bölgəsi olan İsmayıllıya gəlişinizi alqışlayıram.
İsmayıllı iqtisadiyyatının 70 faizi kənd təsərrüfatı ilə bağlıdır. Son illər rayonun sənaye potensialı da artmaqdadır. Rayonun hansı guşəsinə getsəniz, orada tarixiliklə yanaşı, müasirliyə əsaslanan inkişafı görərsiniz. Müstəqilliyin Azərbaycan xalqının həyatına bəxş etdiyi bəhrələrin şahidi olarsınız. Həm də multikultural bir məkanda olmağınızdan razı qalarsınız. İsmayıllının iki kəndində - Mücü və Mücühəftəran kəndlərində yəhudilər yaşayıb. Bu gün də bir neçə yəhudi ailəsi İsmayıllıda rahat, təminatlı həyat yaşayır.
M.Sadıqov sonda qonaqlara bir daha xoş arzularını bildirib, onları İsmayıllıda görməkdən məmnun qaldığını deyib. Qeyd edib ki, buradan Lahıc qəsəbəsi ilə tanışlığa gedəcəksiniz, yeni nəsillər tərəfindən yaşadılan misgərlik sənəti ilə tanış olacaqsınız. Onu da diqqətinizə çatdırım ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Beynəlxalq miqyaslı fəaliyyəti nəticəsində “Lahıc misgərlik sənəti” UNESCO-nun qeyri-maddi, mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Sonda başçı İsmayıllını simvolizə edən hədiyyələri nümayəndə heyətinin rəhbərinə təqdim edib.
Ariye Tal cavab nitqində səmimi görüş və İsmayıllı ilə tanışlıq üçün yaratdığı şəraitə görə rayon rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, o, iki il bundan əvvəl də İsmayıllıda olub. Bu müddət ərzində şəhəriniz xeyli inkişaf edib, daha da abadlaşıb, asfalt küçələrinizin, hündürmərtəbəli binaların sayı artıb. Küçələriniz müasir üslubda yenidən tərtib olunub. Siz bunları hər gün gördüyünüz üçün bəlkə də diqqətinizi cəlb eləmir. İki ildən sonra İsmayıllıya gəldikdə, inkişafınızın yüksələn xətt üzrə getdiyini mən daha yaxşı görürəm.
Tirat Karmel şəhəri də İsmayıllıya oxşayır. 23 min nəfər əhalisi var. İstehsal və emal müəssisələrinin vergiləri hesabına şəhərimiz gündən-günə inkişaf tempini artırır. Xalqlarımızın dostluğu və qardaşlığı sosial-iqtisadi inkişafda əsas rol oynayır. Biz bu dostluğu Şamaxıda gördük, bu gün də İsmayıllıda şahidi oluruq.
Təhsil sistemi barədə danışan mer qeyd edib ki, İsraildə məktəblər iki mərhələdən ibarətdir. Birinci sinifdən altıncı sinfə qədər ibtidai, sonrakı 6 il isə orta adlanır.
Şəhər meriyasının bir çox fəaliyyət istiqamətindən danışan Ariye Tal RİH-nin başçısı Mirdaməd Sadıqovu İsrailə dəvət edib. Xatirə hədiyyələri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına təqdim olunub.
Nümayəndə heyətinin üzvü Şaul Simantov bildirib ki, onun ulu babası XIX əsrin sonunda Mücüdən Mücühəftərana köçüb. Babası Yəhya Ağayev uzun müddət Mücühəftaran kənd səkkizillik məktəbinin direktoru olub. Ana vətəninə - İsmayıllıya gəldiyi üçün özünü xoşbəxt sandığını deyib.
Azərbaycan-İsrail (AZ-İz) Beynəlxalq Təşkilatının baş direktoru Lev Spivak çıxışında deyib ki, növbəti gəlişləri İsmayıllı ilə İsrailin bir şəhəri arasında dostluq və qardaşlıq müqaviləsi ilə əlamətdar olacaq.
Çay süfrəsi arxasında keçən səmimi görüşdən sonra qonaqlar RİH-i başçısının birinci müavini Rövşən Ağayevlə birlikdə Lahıca yola düşüblər.
Qonaqları burada Lahıc Tarix-Mədəniyyət Qoruğunun direktor müavini, tanınmış misgər, beynəlxalq tədbirlərin iştirakçısı Nəzər Əliyev qarşılayıb və bu qədim diyar barədə ətraflı məlumat verib. Qeyd edib ki, Lahıcın tarixi 2500 ildən çoxdur. Kanalizasiya təxminən 1500 il bundan əvvəl çəkilib. Kəndin 7 məhəlləsi, hər məhəllənin məscidi və hamamı olub. Lahıc qədim şəhərsalma mədəniyyəti ilə fərqlənən tarixi yaşayış məskənlərindəndir.
Qonaqlar nahar zamanı Lahıc mətbəxi ilə də yaxından tanış olublar.
İsrailli qonaqlar Lahıcdan zəngin təəssüratla qayıdıblar.
Valeh Salehov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!