• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Səadət belə olarmış

Səadət belə olarmış

Yazar Ismayilli
//
19 avgust 2017
//
//
Oxunub 83
//
Redaksiyadan: Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında mətbuatımızın yaranmasının 142-ci il dönümü münasibəti ilə Bakının ən mənzərəli guşələrindən birində jurnalistlərin böyük bir qisminə verilən 18 mərtəbəli binanın 9-cu mərtəbəsində həmyerlimiz, görkəmli Azərbaycan jurnalisti İntiqam Mehdizadəyə də mənzil verilməsi hamımızı sevindirdi.
Səadət belə olarmış
Bu münasibətlə İntiqam müəllim öz fikir və düşüncələrini nüfuzlu "Xalq" və "525-ci qəzet"in səhifələrində və sosial şəbəkələrdə oxucularla bölüşüb və ölkənin bir sıra məşhur elm, sənət xadimləri, eləcə də siyasət adamları da onu təbrik ediblər. Aşağıda oxuyacağınız təşəkkür məktubundakı ürək sözlərinisə İntiqam müəllim qəzetimiz vasitəsi ilə həmyerlilərimizə və bir daha ölkə prezidentinə ünvanlayıb. Biz də uzun illər çoxumuzun "Bulaq" radio proqramından tanıyıb sevdiyimiz İntiqam müəllimi ürəkdən təbrik edir, başda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Mirdaməd Sadıqov olmaqla qədir bilən sakinlərimiz adından ona yeni mənzilində firavan ömür sürməyi, nəvə-nəticə sevinclərinə qərq olmağı arzulayırıq.
Son illərdə bu böyüklükdə sevinc yaşamamışdım. Nə özüm, nə də ailə üzvlərim. Başımıza gələn ardıcıl qəzavü-qədərlər ucbatından son anda evsiz-eşiksiz qalmış, kirələrdə yaşamaq əzabına düçar olmuşduq. Nə yaxşı ki, yabançı meyillərə uymadım, dövlətimiz, dövlətçiliyimiz istiqamətində ölkə başçımızın dünya miqyasında apardığı ardıcıl, məqsədyönlü siyasətinə sədaqətimi bir an belə səngitmədim. Doğma jurnalistlik missiyamı dayanıb durmadan yerinə yetirdim, gücüm müqabilində olanı dedim, olanı yazdım, qaradan, şərdən, böhtannan yan keçdim, qələmimi yalnız işığa, nura sarı tuşladım, yurdun ən istedadlı, öndə gedən, adımızı ucaldan elm, sənət xadimlərinə yazılar, müsahibələr, oçerklər həsr elədim. Və ömrün, yaşın qüruba enən vədələrində yenə bu yolda israrlıyam, mediada çalışan bütün həmkarlarıma da nikbin, dəyanətli, inadcıl, başlıcası isə həqiqətpərəst olmağı arzulayıram.
Nə bilim vallah, görünür bəlkə də bu keyfiyyətlərim sayəsində təxminən 25 illik kirəkeşlik həyatıma son qoyuldu, ölkə prezidenti cənab İlham Əliyevin dünyada analoqu olmayan, jurnalistlərin sosial rifahına yönəlik sərəncamı əsasında mənzil sahibi olmuş yüzlərlə jurnalistin arasıda mənim də adım var. Hələ bir neçə ay öncədən əlaqədar qurumlara, əlbəttə ilk növbədə KİVDF-na, Prezident administrasiyasının müvafiq şöbəsinə müraciətlərimdən bilirəm və əminliklə bildirirəm ki, nəinki mənim, minlərlə həmkarımızın təqdim elədikləri sənədlərə, onların mövcud problemlərinin dərəcəsinə böyük həssaslıq, incəlik, insafla yanaşılmış, kimsənin haqqına kölgə salınmamışdır. Belə ki, böyük məsuliyyət tələb edən bu işlə məşğul olan qurumlar ölkə başçımızın çox ciddi tapşırığına rəğmən ən ədalətli mövqe tutmuş, şəffaflıq sərgiləmişlər. Təbii ki, mənzilə ehtiyacı olan minlərlə jurnalisti razı salmaq, arzusuna çatdırmaq mümkün olmazdı. Odur ki, onların içərisindən 255 daha çox ehtiyacı olanlara, xüsusən də ahıl jurnalistlərə, təqaüdə çıxış veteranlara üstünlük verildi. Mənzil alanlar siyahısında adlarına rast gəlməyən həmkarlarıma ruhdan düşməməyi, bədxah niyyətlilərin fitnə-fəsadlarına uymamağı tövsiyə edərdim. Səbirli olun, əzizlərim, özünüz şahidsiz ki, cənab İlham Əliyev yeni binanın açılış mərasimindən dərhal sonra yaxın illərdə sizlərin istifadəsinə veriləcək daha bir binanın təməlqoyma törənində iştirak elədi. Deməli uzağı 3 ilə 255 mənzilli daha bir binada yaşamaq səadəti nəsibiniz olacaq. Bəri başdan gözaydınlığımı qəbul edin.
Sonda mənzil sevincini yaşayan həmkarlarım adından Sizə üz tuturam, cənab Prezident. Mətbuatımızın yaranmasının 142-ci ildönümündə media nümayəndələrinə hədiyyə etdiyiniz bu əvəzsiz neməti heç zaman unutmayacağıq. Arxayın ola bilərsiz, sərəncamınız əsasında ev, ocaq sahibi olan istər gənc, istərsə də ahıl jurnalistlər etimadınızı doğruldacaq, mənsub olduğunuz ailə şəcərəsinə, ümummilli liderimiz Heydər Əliyevin parlaq ruhuna, şəxsən Sizə daim minnətdar olacaq, öz dualarını əskiltməyəcəklər.
İntiqam Mehdizadə
Ali "Dan ulduzu", H.B.Zərdabi və "Qızıl qələm" mükafatları laureatı

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!