• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Vacib işimiz, verə biləcək borcumuz

Vacib işimiz, verə biləcək borcumuz

Yazar Ismayilli
//
19 iyul 2017
//
//
Oxunub 687
//
Vacib işimiz, verə biləcək borcumuzHəyat fanidir deyirlər. Bu fanilikdə ad qoyub ölmək hamıya nəsib olmur. “Həyat” adlı oyunu istənilən kimi, sona qədər oynamaq olmur. Özün də bilmədən əlin havadan, ayağın yerdən üzülür. Ömür adlı bir yolun sonu çatır.
Rasim Ağayev həyatdan hamını heyrətə salaraq getdi. Külüllü kənd məktəbinin direktoru işləyəndə, 56 yaşında. Heç kəsi narahat etmədən, amma tanıyanları, əzizlərini gözüyaşlı qoyaraq getdi...
R.Ağayev 1960-cı ilin oktyabr ayının 1-də İvanovka kəndində dünyaya gəlib. Ailə Külüllü kəndinə köçəndə o, balaca olub. 1966-1977-ci illərdə Qubaxəlilli kənd orta məktəbində təhsil alıb. 3 il sonra Maxaçqala Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Oranı bitirdikdən sonra boya-başa çatdığı Külüllüyə qayıdıb, Qubaxəlilli kənd orta məktəbində tarix müəllimi işləyib. Doğma kəndində müəllim işləmək məqsədi ilə 1999-cu ildə ibtidai sinif müəllimliyi üzrə ixtisasdəyişmə kursundan keçib.
O, 2005-ci ildə mənim ilk müəllimim oldu. Atam olduğu üçün demirəm, o bütün şagirdləri öz övladı kimi sevən, qayğıkeş, çalışqan bir insan idi. 2011-2014-cü illərdə Xəlilli kənd orta məktəbinin direktoru kimi çalışdı. Bildiklərini şagirdlərə verməkdən yorulmadı.
9-cu sinifdə oxuyurdum. O, evdə atam, məktəbdə müəlllimim oldu. 2015-ci ildə Külüllü kəndindəki ibtidai məktəbə direktor təyin olundu.
Ötən ilin son zəngində atam – ilk müəllimim olan Rasim Ağayev məktəbin “Son zəng” tədbirində çıxış etdi, məzunlara xoş arzularını çatdırdı, uğurlar dilədi.
İmtahanları verib Qafqaz Universitetinə - indiki Bakı Mühəndislik Universitetinə qəbul olundum. Bu uğuruma məndən çox atam sevinirdi. Təəssüflər olsun ki, əcəl onu qəflətən, bu ilin mart ayının 1-də bizdən ayırdı. Heç ali məktəbdə mənim birinci kursu, qardaşımın isə ikinci kursu bitirməyimi də görmədi.
Qardaşımla mən işıqlı gələcəyimizə yol çəkən atamızı, anamız Sara xanım isə arxa dayağını, ömrünün dəyərini, sədaqətli ömür-gün sirdaşı və kamil iş yoldaşını itirdi. O, bizi qoyub getdi... Bu gedişlə dünyadakı, qayğıkeş, ləyaqətli, bütün keyfiyyətləri ilə gözəl olan insanların biri getdi.
Bu arada ustad Şəhriyarın şeirindən bir parça yada düşdü:
Bir insan köçürsə dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir...
Bəli, o tabutda bir cahan getdi. Ruhuna dualar edirik. Yerinin cənnət olacağına əminik, ata! Çünki sən saf və təmiz, qərəzsiz, tikansız idin, ata! Çarə nədir, sənsizliyə olsun ki, yavaş-yavaş alışdıq. Amma bilirsən çətin olan nədir? Anamızın - ömür-gün yoldaşının axan göz yaşlarını saxlamaq, ona təsəlli vermək...
Sən gedəndən sonra Novruz, Ramazan bayramları oldu. Süfrə kənarında yerini boş görmək ağır oldu bizə. Ruhuna dualar oxuduq, yoxluğunu görə-görə: Bayramın mübarək olsun! - dedik...
Qırılan arzularınla ailənin, balalarının neçə-neçə arzusunu gözündə qoydun. Amma verdiyin tərbiyə, bizə olan ümidlərin bizimlədir. Hər zaman, hər yerdə adını uca tutacaq, ruhuna xoş gələn işlər görəcəyik. Sənsiz günümüzdə vacib işimiz, verə biləcək borcumuz da elə bu ola bilər. Ruhun şad olsun, ata.
Aynur Rasim qızı,
Bakı Mühəndislik Universitetinin I kurs tələbəsi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!