• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qayğıkeş ana, fədakar həyat yoldaşı, cəfakeş qadın

Qayğıkeş ana, fədakar həyat yoldaşı, cəfakeş qadın

Yazar Ismayilli
//
23 may 2017
//
//
Oxunub 160
//
94 il əvvəl anadan olmuş, Azərbaycan adlı bir məmləkəti dünyada elmi fəaliyyəti və əməlləri ilə tanıdan bir ziyalının xatirəsi haqqında fikir söyləmək olduqca məsuliyyətli və xoşdur. Qayğıkeş ana, fədakar həyat yoldaşı, cəfakeş qadın

Özü sadə, sözü şirin, qəlbi kövrək, sənəti uca, biliyi dərin bir anadan söhbət gedir, bir qadından danışılır. Bu gün ana adına müqəddəslik gətirən yalnız bir anadan danışırıq. O anadan ki, bu kəlməni ilahiləşdirən nə varsa, onun sadə görkəmində, ağır zəhmətində, geniş fəaliyyətində, böyük ürəyində cəmləşib. Bir ana ki, bütün gözəlliklərin hüsnünə, təbiətin çoxçalarlı rənginə, füsünkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq istəyi ilə elmin ən yüksək zirvəsinə ucalmışdır.
Könlü küskün, qəlbi qırıq insanlara, iş yoldaşlarına, rəfiqələrinə, yaxınlarına mehriban münasibəti ilə böyük hörmət qazanmışdır. Fədakarlığı, vətəndaşlıq məsuliyyəti, qayğıkeşliyi və səmimiliyi onu dillər əzbəri etmişdir. Ən başlıcası, bu xalqın qayğıkeşi olan insanın qayğısına qalmış, ailəsinə dirək olmuşdur.
Atasının sənət yolunu tutan bu xanım siyasət meydanında qılınc vuran müdrik bir kişinin həyat yoldaşı olmaqla bərabər, həm də bu günün siyasətçilərinin böyüdüyü bir ailənin qayğıkeşi idi. Ömrünü odlar yurdumun rifahı naminə fəda edən böyük liderimiz Heydər Əliyev həyat yoldaşı Zərifə Əliyeva ilə birlikdə ömür yollarında qoşa addımlayaraq təmiz, pak bir ailənin başçıları oldular. Gərgin həyat, qaynar iş rejimi, elmin çətin yolu, uzaq şimalın soyuq üzü onları sarsıda bilmədi, əyməyə gücü çatmadı. Ailənin bütövlüyü, övladların gələcəyi, ömür-gün yoldaşının qayğılarına şəriklik bu qadının amalı idi.
Zərifə xanımı sonsuz bir məhəbbətlə xatırlayan ümumilli lider H.Əliyev deyirdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə və çox böyük məharətlə yerinə yetirib”.
Zərifə xanım bu böyük fədakarlığı elmin zirvələrinə ucala-ucala, müqəddəs həkimlik peşəsinin sirlərini neçə-neçə gənc mütəxəssisə öyrədə-öyrədə, insan üçün ən vacib olan görmənin problemləri məsələsində dünya təcrübəsini toplaya-toplaya etmişdir. Elə buradaca Z.Əliyevanı başqalarından fərqləndirən keyfiyyətini də yada salım ki, onun xəstələri imkanlı, yüksək təbəqənin nümayəndələri deyil, məhz istehsalatda çalışan, ağır əmək sahələrində, təhlükəli iş şəraitində işləyən sadə zəhmət adamları idi. Bu böyük akademikin tədqiqat apardığı ünvan Bakı Şin Zavodu, Bakı Məişət Kondisionerləri Zavodu, Sumqayıt Üzvi Sintez İstehsalat Birliyi olmuşdur.
15-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, dərsliklərin müəllifi olan, nur paylayan qadın ailənin ağır yükünü daşıya bildi. Fürsət tapıb ömür-gün yoldaşının səcdə etdiyi bir insana çevrildi. Övladlarının tərbiyəsini elə qurdu ki, onlar dünyanın diqqət mərkəzində dura biləcək şəxsiyyətə çevrildilər. Düşünürəm ki, bu qadındakı sadəliyin ölçüsü nə qədər idi ki, onun adı altınlarla, təm-təraqla, nümayişkəranə görüntülərlə yadda qalmadı. Axı o, görkəmli dövlət xadimi, tanınmış həkim Əziz Əliyevin qızı idi. Dünya siyasətinin həsəd apardığı bir dahinin həyat yoldaşı idi. Əsla! Onun qəlbində vətən övladlarını qorumağa, vətənin təəssübkeşliyini çəkməyə hazır olan müqəddəs bir vətəndaş ürəyi, çətinlikdən keçib, maneələri adlayaraq elmin qızıl tacına yiyələnən möhtəşəm bir alim ürəyi döyünürdü. Amma bu kövrək qadın ürəyi çox döyünə bilmədi.
Dünyaya baharda gəldiyi kimi gözəl bir bahar günündə də işıqlı dünyaya göz yumdu. Müstəqil dövlətin bu gününü görə bilmədi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan insanın qayğısına sona qədər qala bilmədi. Ailə dəyərlərini mükəmməl formada əxz edən Zərifə xanım gələcəklərinin parlaqlığına inandığı övladlarından da çox tez ayrıldı. Zərifə xanımı ehtiramla yad edən yaxınları söyləyirdi ki, bu nurlu insan deyirdi ki, övladlar naminə həyatda hər şeydən keçmək olar, uşaqlar mənim üçün həyat pəncərəsindən düşən ilahi nur ziyasıdır. Lakin bu ilahi nur ziyasının bərq vuracaq həyat pəncərəsi çox tez qapansa da özündən sonra övladları ona layiqli övlad oldular. Qızı Sevil xanım qeyri-adi, çoxsahəli istedadı və mədəniyyəti ilə haradan bəhrələndiyini təsdiqləyə bildi.
Kaş yaşayaydı...90 yaşını ötmüş müdrik bir ana olub böyütdüyü oğlunun bacarığına, hünərinə, dəyanətinə, ən başlıcası isə “hər bir azərbaycanlının prezidenti” olduğuna şahidlik edəydi. Kaş görəydi ki, çox gözəl bir ailədən gətirdiyi, mənəvi analıq etdiyi gəlini bu gün ən yüksək titullarla müstəqil Azəbaycanın möhkəmlənməsi naminə gərgin fəaliyyət göstərməklə bərabər, ailə ənənələrini davam etdirərək övladlarını da ardınca aparmağı bacarır. İndi Zərifə xanımın ocağından təşkilatçılığı, bacarığı, mədəniyyəti və vətənə sonsuz məhəbbəti ilə pərvazlananların hər biri müstəqil Azərbaycanın rifahı və inkişafı naminə durmadan çalışırlar.
Bütün bunlardan sonra bu qənaətə gəlmək olur ki, əgər Zərifə xanım Əliyeva heç bir iş görməsəydi belə, o, İlham Əliyev kimi şəxsiyyəti yetişdirdiyinə görə Azərbaycan xalqının qəlbində həmişə qalacaq. Böyük sevgidən yaranıb böyük məhəbbətlə vətəni, insanları sevənlər əbədi yaşayacaqlar. Hər ikisi dünyaya baharda göz açmışdır. Dünyanın ən güclü siyasətçilərindən biri xalqımızın ümumilli lideri Heydər Əliyev və ətrafına daim nur saçan Zərifə xanım Əliyeva.
Dünyalarını dəyişsələr də, onları bir-birindən ayırmağa ölümün də gücü çatmadı. Xeyirxah əməlləri, bəşəri ideyaları onlara əbədi bahar ömrü bəxş etdi.
Qəbriniz nurla dolsun, yeriniz behişt olsun.
Mirvari Musayeva,
Əməkdar müəllim, İsmayıllı şəhəri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!