• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı fermerləri ixracyönümlü məhsulların istehsalına önəm verir

İsmayıllı fermerləri ixracyönümlü məhsulların istehsalına önəm verir

Yazar Ismayilli
//
23 may 2017
//
//
Oxunub 90
//
Ölkənin hər yerində olduğu kimi, İsmayıllı rayonunda da ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunması istiqamətində əməli işlər görülür. Eyni zamanda ixracyönümlü məhsulların istehsalının artırılması üçün də tədbirlər həyata keçirilir.İsmayıllı fermerləri ixracyönümlü məhsulların istehsalına önəm verir   Rayon kənd təsərrüfatı idarəsinin rəisi Həsən Həsənov deyir ki, əvvəlki illərlə müqayisədə aqrar sektora maraq artıb: “Artıq bir sıra istehsalat sahələrinin yaradılmasında innovativ üsul və texnologiyalardan istifadə edilir. Məqsəd investisiyaların daha rentabelli və ixrac potensiallı sahələrə yönəldilməsidir”.
Ötən ildən rayonda 2 min hektar sahədə yeni fındıq bağlarının salınması istiqamətində tədbirlər həyata keçirilir. Yüksək gəlirli olduğu üçün bu sahəyə İsmayıllıda da maraq çoxdur. Rayonda bu günə qədər 573 hektar sahədə yeni fındıq bağı salınıb. Fındıq bağlarının salınması ilə əlaqədar RİH-də yaradılmış qərargah görülən işləri ciddi nəzarətdə saxlayır. Fındıq bağı salan istehsalçılara lazımi məsləhətlər də verilir. İdarə rəisinin sözlərinə görə, Topçu, Kürdmaşı, Diyallı, Qalınçaq, Aşıqbayramlı, Qalacıq inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə yeni fındıq bağlarının salınması istiqamətində görülən işlər qənaətbəxşdir. Bununla belə, bəzi nümayəndəliklər var ki, orada imkanlardan səmərəli istifadə edilmir.
Əhəmiyyətinə və ixracyönümlülüyünə görə seçilən sahələrdən biri də tütünçülükdür. Cari il rayon ərazisində tütün sahələrinin genişləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə Qurbanəfəndi, Topçu, Qalınçaq, Təzəkənd, Diyallı kəndlərində 15 hektarda şum çıxarılıb və sahələrə arat suyu verilib. 15 hektar sahəni tütün şitili ilə təmin etmək üçün Şəki şəhərində fəaliyyət göstərən “İlham M” MMC-dən “İmmune” növlü tütün toxumu gətirilib. Topçu, Təzəkənd, Qalınçaq kəndlərində yaradılan istixanalarda səpin aparılıb. Kəndlərdə tütün əkəcək istehsalçılar müəyyən edilib, məhsulun satışı üçün “İlham M” MMC ilə müqavilələr bağlanıb.
2016-cı ildən İsmayıllıda baramaçılıq sahəsi də bərpa edilib. Keçən il 896 kiloqram barama istehsal olunub. Cari ildə isə hədəf 6 tondur. Bunun üçün rayon ərazisindəki tut ağaclarının sayı müəyyənləşdirilib. Hazırda onların sayı 2500-dür ki, bu da 120 qutu barama qurdunun yemini təmin edir. Onu da qeyd edək ki, ötən ilin payızında Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Çin Xalq Respublikasından gətirilmiş tut tinglərinin 11 min ədədi İsmayıllı rayonunda əkilib. Növbəti ildə bu hesaba əlavə 70-80 qutu barama qurdu saxlamaq mümkün olacaq.
Ötən il rayonda ilk dəfə sənaye üsulu ilə 165 hektar sahədə kartof əkilmişdi. Hər hektardan 400-450 sentner məhsul yığıldı. Cari ildə isə “Aqro Master” MMC-nin xarici ölkədən gətirdiyi toxum hesabına Talıstan kəndi və İsmayıllı şəhəri ərazisində 50 hektara yaxın kartof əkilib. Bundan əlavə, “Aqro Master” MMC özü 50, “İsmayıllı Tərəvəzləri” MMC 100 hektar sahədə kartof yetişdirir.
İsmayıllıda qeyri-ənənəvi sahələrə də maraq artmağa başlayıb. Belə ki, son illər rayonda istixanaların sayı artıb. Artıq 64 təsərrüfatda tərəvəz və çiyələk istixanaları salınıb. Hazırda həmin istixanalara şitilin köçürülməsi istiqamətində iş aparılır. Diyallı kəndində dəyəri 120 min manat olan böyürtkən, moruq və göy qarağat giləmeyvələrinin yetişdirilməsi üçün parnik təsərrüfatı yaradılır. Toxumların Ukraynadan gətirilməsi nəzərdə tutulub.
Kürdmaşı kəndində “Buta” şirkəti tərəfindən istehsal olunan məhsulların saxlanılması üçün kamera tikilir. Burada meyvə-tərəvəz məhsullarının emalı və çeşidlənməsi də həyata keçiriləcək. Bundan başqa, kənddə 12,5 milyon manat dəyəri olan müasir aqroparkın tikintisi üçün torpaq sahəsi ayrılıb və hazırda bu istiqamətdə tədbirlər görülür.
Rayonda ənənəvi sahə hesab edilən və əhalinin əsas gəlir mənbəyi olan meyvəçilik də inkişaf etdirilir. Təkcə bu il Kəlbənd kəndində 7, Qalınçaq kəndində 4,7 hektar sahədə intensiv meyvə bağları, Qubaxəlilli kəndi ərazisində 40 hektarda qoz bağı, Kürdmaşı kəndində “Kənd” MMC tərəfindən 25 hektarda süfrə sortlu üzüm bağı salınıb.
H.Həsənov bildirdi ki, rayonun mürəkkəb relyefə malik olmasına, iqliminin soyuq və yağıntılı keçməsinə baxmayaraq, bütün imkanlardan maksimum istifadə olunur. Xüsusən torpaqlardan səmərəli istifadəyə ciddi nəzarət edilir. Rayon üzrə hazırda 207 min 372 hektar torpaq sahəsi mövcuddur ki, bunun da 113 min 973 hektarı kənd təsərrüfatı təyinatlı, 32 min 914 hektarı əkin sahələridir. Cari ilin məhsulu üçün ötən ilin payızında 21 min 795 hektarda buğda, 6 min 459 hektar arpa, 137 hektar çovdar olmaqla 28 min 391 hektar sahədə səpin aparılıb.
Mart ayından etibarən rayon ərazisində yazlıq bitkilərin əkininə də start verilib. 926 hektar paxlalılar, 487 hektar kartof, 282 hektar tərəvəz, 246 hektar yonca,144 hektar birillik ot, 10 hektar vələmir, 11 hektar qarğıdalı, 3 hektar günəbaxan olmaqla 2109 hektarda yazlıq bitkilər əkilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 798 hektar çoxdur. Hazırda yazlıq bitkilərin əkini davam edir.
Payızlıq və yazlıq səpinlərə 650 tondan çox fosforlu gübrə verilib. Həmin əkinlərə yemləmə gübrəsinin verilməsi üçün “Aqroservis”in rayon filialı tərəfindən 674, “Aqrokimya” MMC tərəfindən isə 800 ton azotlu gübrə və 6500 kiloqram müxtəlif çeşidli herbisid gətirilərək istehsalçılara 70 faiz güzəştlə satılıb.
Əli Səlimov,
“Azərbaycan” qəzetinin bölgə müxbiri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!