• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Novruz bayramında yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır

Novruz bayramında yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır

Yazar Ismayilli
//
18 mart 2017
//
//
Oxunub 96
//
Qarşıdan xalqımızın ən əziz bayramı olan Novruz bayramı gəlir. Novruz bayramı öz adət-ənənələri ilə xalqımızın qədim mədəniyyətini özündə geniş şəkildə əks etdirən, yaşadan bir bayramdır. Hər il olduğu kimi, bu il də Respublikamızın sakinləri xalqımızın qədim el bayramı olan Novruz bayramını böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayır.
Novruz bayramında yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır
Novruz bayramında yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır
Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki, bütün bayramlar kimi, Novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayram yalnız və yalnız xoş hisslərlə xatırlansın. Aparılan təhlillər zamanı aydın olur ki, bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı vətəndaşların adi ehtiyyatsızlığı səbəbindən yanğınlar baş verir. Bir çox hallarda vətəndaşlar tərəfindən tonqal yandırılarkən onun yerinin düzgün seçilməməsi və yandırılmış tonqalın nəzarətsiz qalması nəticəsində xoşagəlməz hadisələrlə nəticələnən yanğınlar baş verir. Belə ki, pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafında olan materiallardan, mühəndis – texniki qurğulardan, qaz xətlərindən, elektrik və rabitə xətləri çəkilmiş dirəklərdən, binalardan, evlərdən, yardımçı tikililərdən, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda yandırılmalıdır.
Güclü külək zamanı tonqal yandırmaq düzgün deyil. Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğının baş verməsi üçün mənbə ola bilər. Novruz şənliklərində yanar mayelərlə hopdurulmuş məşəllərin, qığılcım saçanların və fişənglərin az yaşlı uşaqlar tərəfindən istifadə olunmasına yol vermək olmaz. Çünki məşəllər evlərin dam örtüklərinin, həyətyanı sahələrə yığılmış yanar materialların, çəpərlərin və ot- saman tayaları yığılmış yerlərin üzərinə düşə bilər və güclü yanğınların baş verməsinə səbəb olar.
Yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə avtomobil şinlərinin üst-üstə yığılaraq yandırılması yanğın cəhətdən daha təhlükəlidir. Belə hallarda yanan şinlər diyirlənərək ətrafdakı yaşayış sahələrində yanğın ocaqlarının yaranmasına səbəb olar. Novruz şənlikləri və tədbirlərinin keçirildiyi küçə və meydanlarda kütləvi şəkildə toplaşan insanlar xoşagəlməz hadisələrin baş verməməsi üçün, mütləq qaydada, bir-birlərinin təhlükəsizliyini qorumalıdırlar.
Novruz bayramının bir bəzəyi xonça bəzəmək, şam yandırmaqdır. Bayram şənlikləri zamanı şam yandırarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Yanar şamı nəzarətsiz qoyulması xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnə bilər. Bayram tədbirləri zamanı əhali ilə yanaşı idarə, müəssisə və təşkilat rəhbərləri xüsusən mədəniyyət və təhsil müəssisələri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti gücləndirməli, tədbir keçiriləcək yerlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin etməli və qabaqlayıcı tədbirlər görülməlidir.
Novruz şənliklərində xoşəgəlməz hadisələrlə üzləşməmək üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmək, baş verə bilkəcək yanğın hadisələrinin qarışısını vaxtında alınması üçün diqqətli olmaq lazımdır. Bayram tədbirləri və şənliklər keçirilən zaman yanğın hadisələri ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verməyi unutmayın.
Novruz bayramınız mübarək!

Novruz şənliyi ilə əlaqədar əhaliyə aşağıdakılar tövsiyə olunur:

* elektrik xətlərinin altında və kabel keçidlərinin yaxınlığında tonqal qalanmamalıdır;
* tonqal ev, ağac, avtomobil, və digər yanar materiallardan kənarda yandırılmalıdır;
* bayram tonqalının ətrafına yığışan azyaşlılar nəzarətsiz buraxılmamalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
* atəşfəşanlıq məqsədilə pirotexniki vasitələrdən və təhlükəli işıqlandırıcı maddələrdən istifadə olunmamalıdır;
* qapalı məkanlarda atəşfəşanlıq keçırılməməli və yanar şamlar, lampalar nəzarətsiz qoyulmamalıdır;
* təhlükə zamanı 112-yə zəng etməyiniz tövsiyə olunur.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!