• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İmkanlar fəaliyyətimizi inkişaf etdirməyə şərait yaradır

İmkanlar fəaliyyətimizi inkişaf etdirməyə şərait yaradır

Yazar Ismayilli
//
03 mart 2017
//
//
Oxunub 474
//
2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı
Rayon İcra Hakimiyyətinin başçısı M.M.Sadıqovun hesabat məruzəsi ətrafında çıxışdan

Hər tədris ilində olduğu kimi, bu ildə qarşıya qoyduğumuz məqsədlərə çatmaq və maksimum bilik və bacarıq əldə etmək üçün dövlətimizin şagirdlər və müəllimlər üçün yaratdığı təhsil və tərəqqi imkanlarından bacardıqca faydalanmağa çalışırıq.
İmkanlar fəaliyyətimizi inkişaf etdirməyə şərait yaradır
XX əsrin sonları və XXI əsrin əvvəllərinə kimi cəmiyyətimizdə dominant rol oynayan ənənəvi təhsil hökm sürürdü. Şagirdlərə bir obyekt kimi yanaşılır, təhsildə avtoritar idarəetmə üsullarından istifadə olunur, monoloji təlim üstünlük təşkil edirdi. Əlbəttə, bu cür təhsil sistemi heç də ürəkaçan deyildi. O səbəbdən tam əminliklə deyə bilərəm ki, interaktiv təlimə keçid təhsil sahəsində bir dönüş nöqtəsi oldu. Bu təlim metodunda şagirdlər aralarında fikir mübadiləsi aparır, dərsdə motivasiya və rəqabət yüksəlir, öyrənənlər təkcə elmi deyil, həmçinin mənəvi və ruhi cəhətdən inkişaf edirlər. Öyrənənə daxilən azad fərd, müstəqil və yaradıcı fəaliyyət göstərmək qabiliyyəti olan, şüurlu, inkişaf edən bir şəxsiyyət kimi yanaşılır. Artıq 9 ildir ki, Azərbaycan Respublikasının bütün şəhər və rayonlarında, o cümlədən, İsmayıllıda interaktiv təlim metodlarından, kurikuluma əsaslanan dərsliklərdən istifadə olunur.
Təhsilimizdə önəmli irəliləyişlərdən biri də informasiya kommunikasiya texnologiyalarından istifadə olunmasıdır. Bu gün rayonumuzun demək olar ki, bütün məktəbləri kompyuterlə təchiz olunmuşdur. Bu mövzuda qürurverici tərəf odur ki, artıq istər mərkəzi, istərsə də ən ucqar kənd məktəblərimizdə şagirdlər İKT bilik və bacarıqlarına yiyələnir və bu imkanlardan geniş istifadə etməklə tədrisin keyfiyyətini daha da yüksəldə bilərlər. Çünki İKT infrastrukturunun təhsildə inkişaf etdirilməsi həm təhsil alanların, həm də təhsil verənlərin peşəkarlığının artırılmasında uğurlu bir addımdır.
Rayonumuzun təhsil uğurları durmadan iknişaf edir. İlbəil ali məktəblərə qəbul olan şagirdlərmizin sayı artır. Bu il 300-dən çox şagirdimiz Respublikamızın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Bir şagirdimiz - Ağalətif Lətifov 700 bal, 28 şagirdimiz 600-dən yuxarı, 47 şagirdimiz isə 500-600 arası bal toplamışdır. Adəti üzrə hər il qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların şərəfinə rayonda “Təhsil bayramı” keçirilir.
Rayonumuzun bütün məktəblərində şagird fəaliyyəti hər zaman izlənilib. İstedadlı, savadlı şagirdlərimizə hər zaman geniş təhsil imkanları yaradılıb. Bu imkanları saymaqla bitməz. Amma bir tarixi hadisəni xüsusilə qeyd etmək istəyirəm. Fevral ayının 2-də Respublikada ilk dəfə olaraq məhz bizim rayonumuzda “Əlaçı şagirdlərin Forumu” keçirildi.
İstər təhsildə, istərsə də tərbiyədə bir şagirdin formalaşmasında əvəzsiz rolu olan şəxs - müəllimdir. Müəllim tərbiyə məktəbidir. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Mən dünyada müəllimdən yüksək ad tanımıram”. Rayonumuzda təhsil səviyyəsinin yüksək olmasında müəllimlərin rolu əvəzsizdir. Müəllimlər üçün də yaradılmış geniş imkanlar onlara peşə fəaliyyətlərini daha da inkişaf etdirməyə şərait yaradır.
Artıq neçə ildir ki, müəllimlərin işə qəbul imtahanlarında rayonumuzdan onlarla gənc iştirak edir. İmtahanı müvəffəqiyyətlə verənlər boş olan vakansiyalara müəllim kimi yerləşdirilirlər. Bu il 50 belə müəllim rayonumuzun müxtəlif kənd məktəblərinə təyinatla göndərilib.
2016-cı ilin dekabr ayında müəllimlərin diaqnostik qiymətləndirilməsi rayonumuzda keçirildi. İmtahanda iştirak edən müəllimlərimiz yaxşı nəticələr göstərdilər. Xüsusi olaraq vurğulamaq istərdim ki, ucqar kəndlərimizdə çalışan müəllimlərimizin müəyyən qismi 50-dən yuxarı bal toplamışdır. Çalışdığım Gəraybəyli kənd tam orta məktəbindən 5 müəllim 50 baldan yuxarı nəticə göstərmişdir. Həmin müəllimlərdən biri də mənəm. İmtahanda iştirak edərək 60 sualdan 54-nü düzgün cavablandırdım və rayonumuzda çalışan fransız dili müəllimləri arasında yüksək nəticə göstərənlərdən biri oldum. Pedaqoji fəaliyətimin az olmasına baxmayaraq işlədiyim müddətdə bir Azərbaycan vətəndaşı, müəllimi kimi çalışmışam ki, gənclərimizin savadlı, intellektual, mədəni dəyərlərə sahib şəxsiyyətlər kimi yetişmələrində mənim də rolum olsun. Əminəm və çox şadam ki, az da olsa, bunu bacara bilirəm.
Bu gün özümü çox şanslı bir gənc hesab edirəm. Çünki ömrünü elmə, biliyə, təhsilə sərf etmiş və bu yolda xüsusi xidmətləri olan bir professorun, Əməkdar elm xadiminin qarşısında çıxış edirəm.
Sizin ömür yolunuz, fəaliyyətiniz, bizim üçün örnəkdir. Sizə can sağlığı və rayonumuzun daha da inkişafı naminə genişmiqyaslı fəaliyyətinizdə uğurlar arzu edirəm.
Aygün Səfəralıyeva,
Gəraybəyli kənd tam orta məktəbinin fransız dili müəllimi



Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!