• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Valideyn, uşaq və məktəb problemləri

Valideyn, uşaq və məktəb problemləri

Yazar Ismayilli
//
01 yanvar 2017
//
//
Oxunub 308
//
Uşaqlara qayğı, tərbiyəsinə nəzarət ümumxalq işidir. Bütün cəmiyyət bu iş üçün çalışmalı, məsuliyyət daşımalı və cavabdeh olmalıdır. Çünki, uşaqlar cəmiyyətin, xalqın gələcəyidir, davamçılarıdır. Odur ki, gələcəyini xoşbəxt görmək, yurdu, vətəni etibarlı keşikçilərə vermək istəyən hər bir kəs gənc nəslin təlim-tərbiyəsi ilə ciddi məşğul olmalı, onun hərtərəfli, ahəngdar inkişafı üçün əlverişli şərait yaratmalı, hər bir uşağın ictimai cəhətdən fəallığının düzgün formalaşmasını təmin etməlidir. Bu işi isə daha yaxşı şəkildə məhz ailənin, məktəbin və cəmiyyətin əlbir işi nəticəsində yerinə yetirmək olar. Çünki, uşaq daim bu qüvvələrin əhatəsində olur.Valideyn, uşaq və məktəb problemləriMəlum olduğu kimi uşaq cəmiyyətin ilk özəyi olan ailədə dünyaya gəlir. Onun ilk məktəbi - ailə, ilk müəllimi isə valideynləri və ailənin digər yaşlı üzvləri olur. Uşağın ilk dərsliyi - ailədəki səliqə-sahman, adət ənənələrdir. Bu tərbiyəverici qüvvələr lazımi səviyyədə olanda uşağın tərbiyəsi bünövrədən yaxşı qurulur, düzgün istiqamətləndirilmiş olur və sonrakı inkişafı da uğurlu keçir. Ailə tərbiyəsinin üstün cəhətləri çoxdur: uşağın ata-anaya, ata-ananın uşağa olan sonsuz məhəbbəti, bu məhəbbətin tərbiyə işində qüdrətli motiv oynaması əsas üstün cəhətdir. Valideynin uşağa olan sevgisi də müəyyən çərçivə əhatəsində olmalıdır. Yəni, sevgidə müəyyən əndazəni gözləmək lazımdır. Həddini aşan ifrat sevgi yaxşı olmadığı kimi, ehtiyac olmadan ürəyiyumşaqlığa yol vermək də düzgün olmazdı.
Ailə tərbiyəsində müvəffəqiyyətin mühüm şərtlərindən biri də uşağın qarşısına möhkəm tələblər qoymaqdır. Təcrübə göstərir ki, öz övladını sevən, lakin ilk gündən onun qarşısına möhkəm tələblər qoymayan valideynlər, sonralar əllərini dizlərinə vurmalı olurlar... Öz övladlarına ən böyük istək və məhəbbət-tələb və tələbkarlıqdır.
Bütün bunlarla yanaşı valideynlərə tövsiyə etmək lazımdır ki, uşaqların tərbiyəsində vacib şərtlərdən biri də ailə rejiminin təşkilidir. Burada A.S.Makarenkonun qeydlərini xatırlamaq yerinə düşərdi: “ailə rejimi işgüzar bir qanun kimi qurulmalı, inkişaf etməli və təsir göstərməlidir”. Rejim müəyyənləşdirilərkən uşaqların yaş səviyyələri, psixoloji inkişaf səviyyələri və fiziki imkanları nəzarətdə saxlanılmalı, onun pozulmasına yol verməməlidir. Rejimin dəqiq icrası valideynlər, yaxud onları əvəz edən şəxslər tərəfindən nəzarətdə saxlanmalı, onun pozulmasına yol verilməməlidir. Məhz belə olduqda uşaqda faydalı vərdişlər adət halına düşür.
Bütün bunlarla yanaşı ailədə uşaqların tərbiyəsini düzgün təşkil edilməsində valideynlərin öz nümunəsi də həlledici rol oynayır. Valideynlər öz övladlarında görmək istəmədikləri hərəkətlərə öz davranışlarında və ənənələrində yol verməməlidirlər. Çünki, “uşaq gördüyünü götürür”, “böyük tökəni yığır”. Danışıqda, davranışda, rəftar və hərəkətlərdə kobud səhvlərə yol verən ata-analar bilməlidirlər ki, gec-tez həmin səhvləri övladlarının fəaliyyətində görəcəklər, çünki, “nə tökərsən aşına, o da çıxar qaşığına”. Valideynin sözü ilə işi arasında fərq olmamalıdır. Ata-analar uşaqlarından tələb etdiklərini öz əməllərində təcəssüm etdirməlidirlər.
Şagirdlər arasında görülən tədqiqat işlərində bu məsələlər özünü kəskin surətdə təzahür etdirir. Belə ki, şəxsiyyətlərarası münasibətləri tədqiq etmək üçün keçirilən “Ailə rəsmi” testində valideynlərinə qarşı aqressiv hisslər aşkar edilən şagirdlərlə apardığım söhbətlərdə aşkar etdim ki, valideyn uşağına qadağan etdiyi işlərin-içki içmək, siqaret çəkmək və s. əslində özü aludəçisidir. Yaxud: uşağına hər gün hava qaralmamış evdə olmağı tövsiyə edən ata, əslində özü gecə yarısı evə gəlir, harda olması bəlli deyil... Uşaq qəlb ağrısı ilə bunları bildirərkən, belə halda valideynə qarşı necə münasibət bəsləmək lazımdır?.. - sualı qarşısında qalır.
Pedaqoji-psixoloji köməyə ehtiyacı olan ailələri, uşaqları aşkar etdikdən sonra asudə vaxtını necə səmərəli təşkil etmək, şəxsiyyətlərarası münasibəti tədqiq etməkdən sonra ayrı-ayrılıqda uşaq və valideynlərə lazımı məlumat və məsləhətlər vermək, ehtiyac varsa kooreksion işlər görülməlidir. Belə hallarda əksər valideynlər öz mövqelərini gizlədərək etiraf etməkdən qaçırlar. Odur ki, təzyiq göstərmədən, anonim misallar gətirərək məsləhət və tövsiyə vermək daha səmərəli nəticə verir. Əlverişli üsullardan biri də valideyn iclaslarında məlum problemlərə aid edilən çıxışlardır. Belə çıxışlardan sonra, adətən, valideynlər ailədə yaranmış problemlə əlaqədar könüllü psixoloqa yaxınlaşır və məsləhət istəyirlər.
Məktəb psixoloqu valideynlərlə olan görüşlərindən pedaqoji-psixoloji bilikləri yaymaq, məsləhət və tövsiyələrini vermək üçün istifadə etməlidir.
Müəllim-şagird münasibətini tədqiq etmək üçün şagirdlərlə keçirilən “Müəllim şagirdin gözü ilə... ”anonim sorğusu da şagirdlərdə müəllimlərin haqsızlığına qarşı olan aqressiya, şikayətlər açıq şəkildə nəzərə çarpır. Bu mövzuya aid psixoloqun sinif rəhbərlərinin konfransında, pedaqoji şuralarda anonim çıxışı da səmərəli nəticə verir.
Hər hansı bir halda psixoloq “sirri yayma, ziyan vurma!” mövqeyindən olmalı, etik normaları keçməməlidir.
Salman Süleymanov,
Lahıc qəsəbə tam orta məktəbinin psixoloqu

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!