• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Yarımçıq qalmış sözlər...

Yarımçıq qalmış sözlər...

Yazar Ismayilli
//
01 yanvar 2017
//
//
Oxunub 1834
//
O, az yaşadı. Cəmi 57 il. İllər bir-birini əvəz edəcək, o həmişə əzizləri, doğmaları üçün 57 yaşılı İslam Mikayıl oğlu Hüseynov olaraq qalacaq.
Tez bitdi bu ömrün həzin nəğmələri, şirin söhbətləri. Yox bitmədi, bir dünyalıq sözü, söhbəti, ürəklərdə neçə-neçə izi qaldı bu ömrün. Qəribədir, insan dünyasını dəyişir, amma sanki yenə də yaşayır. Yarımçıq qalmış sözlər...Köçdü bu dünyadan İslam. Əbədi köçdü. Sevdiyi hər şey isə qaldı... Onun bu gün sıralarımızda olmamasına təəssüf edənlər çoxdur. Onu bu qədər əziz və unudulmaz edən xeyirxahlığı, insanlara gərəkliliyi idi. Onun nümunə olan qısa, lakin mənalı ömür yolu keçməsindən çoxları məmnunluq hissi keçirir. Onun adı çəkiləndə üzərində məhz bu cür duyğulardan yaranan xoş ifadə görünür.
İ.Hüseynov sayılıb-seçilən, alicənablığı, səmimiliyi ilə tanınan, həmyerlilərimizdən idi. Elə bil xarakterində təvazökarlıq və sadəliyi atası Mikayıl kişi və anası Gözəl xanımdan pay almışdır. Valideynlərindən insanları sevmək, onlara gərəkli olmaq nümunəsi götürmüşdü.
İslam 1957-ci ildə Bakı şəhərinin Əmircan qəsəbəsində doğulmuşdu. Qəsəbədəki 226 nömrəli tam orta məktəbində bitirdikdən sonra, 1973-cü ildə Bakı Politexnik Texnikumuna daxil olmuşdu. Texnikumu bitirdikdən sonra Bakıda Nərimanov rayon 57 nömrəli Mənzil İstismar Sahəsində texnik vəzifəsində çalışdı. 1978-ci ildə İsmayıllı şəhərində açılan VAZ – avtomobillərin texniki-təmiri sahəsində direktor vəzifəsində çalışdı.
Ali təhsil almaq qərarına gəldi. 1983-cü ildə Çingiz İldırım adına Politexnik İnstitutuna avtomobil istismarı fakültəsinə daxil oldu. 1988-ci ildə həmin institutu bitirdi. Çalışqanlığı, tələbkarlığı müşahidə olunan İ.Hüseynov 1996-cı ildə İsmayıllı rayon 10 saylı Yol İstismar İdarəsinin rəisi seçildi. 7 il həmin vəzifədə çalışdı. 2005-ci ilin iyun ayının 20-dən İsmayılı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə irəli çəkildi. İsmayıllı bələdiyyəsinə üzv seçildi...
1990-cı və sonrakı bir neçə ildə xalqımız məlum səbəblərdən ağır günlər yaşayanda İ.Hüseynov camaat arasında idi. Tez-tez cəbhə bölgələrinə, hadisələrin ən qaynar nöqtəsinə gedirdi. Əsgər və zabitlərə bacardığı maddi və mənəvi yardım göstərirdi. Fiziki təzyiqlərdən, ölümdən belə qorxmayaraq insanlara ümid bəxş edirdi. O, Yeni Azərbaycan Partiyasının yaradılmasında, partiyanın rayon təşkilatının işində də ürəkdən çalışırdı. Arzusu Qarabağı azad görmək idi. 2016-cı ilin aprelində Milli Ordumuzun göstərdiyi şücaəti görmək İslama nəsib olmadı... O günlərin xalqa bəxş etdiyi ruh yüksəkliyi onu bəlkə də yataqdan qaldırardı...
İ.Hüseynov Yol İdarəsində çalışarkən sözün əsil mənasında gecəni gündüzə calayırdı. Daim yolda fəhlələrin yanında olurdu. Az vaxtda idarədə əmək intizamı, sağlam, işgüzar kollektiv yaratmağa nail oldu. Bircə məqsədi vardı. Yollar abad və rahat olsun. Yolçular bu rahatlığı yaradanların ölənlərinə Allahdan rəhmət diləsinlər. Ən böyük ehsan da elə bu olardı.
Onun məntiqinə görə etimad və məsuliyyət qoşa qanad idi. İƏD-in nümayəndəsi, bələdiyyə üzvü olanda da insanların rahatlığını, şəhərin abadlığını düşünürdü. O vəzifəyə özünü təqdim və təsdiq etmək üçün şans kimi baxırdı. Vətənə, xalqa xidmət etməyi ödənilməsi vacib olan borc kimi dəyərləndirirdi.
İslam rayondakı təşkilatların, ayrı-ayrı şəxslərin uğurlarına ürəkdən sevinirdi. Uğur qazananları təbrik edər, adlarına imkanı daxilində süfrə açardı. Belə tədbirlərin iştirakçısı, şahidi çox olmuşuq. Bu sayaq toplantılarda onun uğurlara necə sevindiyini, uğur qazananı necə dəyərləndirdiyini görmüşük. İslam dostlarla olanda sanki ülfətə, təmənnasız ünsiyyətə yaranan tələbatını təmin edirdi. Söhbətləri ciddi və məzmunlu olurdu.
Vəfatından bir neçə gün əvvəl yenə dostları başına toplamışdı. Adlı-sanlı kişilərdən, səmimiyyətdən, el-obaya, doğma yurda sevgidən, İsmayıllının son illər gözəlləşərək dəyişməsindən söz açdı. Rayon, respublika səviyyəsində rəhbərə dayaq və kömək olmaq kimi vətəndaşlıq borcumuzdan danışırdı...
Nələrdən danışmadı ki?! O səsi, söhbəti, o fikirləri niyə lentə köçürmədim axı? Elə bil, İslam vəsiyyət etmək üçün dostları başına toplamışdı. Yerimizi, yurdumuzu sevmək, haqında kitablar yazmaq, yaxşılara dayaq durmaq tapşırığı verdi bizlərə (Yeri gəlmişkən qeyd edim ki, Qarabağ müharibəsi şəhidi, polkovnik-leytenant Ağahüseyn Aslanov haqqında yazılmış kitabın çapına da onun yetərli köməyi dəymişdi). Pisləri də unutmadı... Toplaşanların hamısını ağlatdı İslamın söhbətləri... Sanki bizdən ayrılmamaq üçün söhbəti-söhbətə calayırdı.
İslam xeyirxah müasirlərinin qədrini bilirdi. Dünyasını dəyişənləri də unutmurdu. Özünün, sözünün yerini bilirdi. Mənasız söhbətlər olanda araya maraq doğuracaq bir söz atardı. Sakit, həlim və təmkinli idi. Heç vaxt yüksək səslə, əsəbi danışmazdı. Cəsarətli, sözükeçən idi. Əsil köhnə kişilər kimi. Ömrünün sonlarına yaxın ayaq ağrılarından şikayətlənirdi...
Həsən Hüseynovun dediklərindən:
- İslamı hörmət sahibi kimi tanıdım. Bu cür də vidalaşdıq. Heç kimi incitmədi. Sevdi, sevildi. Vaxtsız ölümü ilə hamımızı yandırıb yaxdı. Təsəllimiz odur ki, şirin xatirələri hər zaman dostlarının, qohumlarının qəlbindədir.
Qalib Bəşirovun dediklərindən:
- İslam aramızda yoxdur, - deməyə adamın dili gəlmir. Cismən aramızda olmasa da o, ruhən hər yerdə bizimlədir. Yaxınlarının, doğmalarının ətrafındadır. Yadigar qalan xoş əməlləri ilə bizimlədir. Əməlləri ilə yaşayanlar ölməzlik qazanırlar.
Mərdan Hüseynov:
Ölüm adi bir sözdür, ifadədir. Eldə-obada adı uca tutulan oğullar ölmür, torpağa qarışıb Vətən olurlar. Torpaq əbədidir. İslam da torpağa qovuşub əbədiləşdi, vətəndən ayrılmayacaq zərrəyə çevrildi.
Uzun illər İslamla dostluq edən Polad Şıxəliyevlə rəhmətliyin hüzn mərasimində həmsöhbət oldun:
- İslam vətənpərvər insan idi. Gözəl dost, mehriban ailə başçısı idi. Dostlarının, ailə üzvlərinin ən kiçik uğuruna yüksək dəyər verirdi. Bu gün oğlu Pərvizi ona görə sevirəm ki, atasına sağlığında həm də vəfatından sonra ehtiramla yanaşmağı bacaran övlad oldu...
Eldar Əliyev söyləyir ki, ruhən varlıq xatirələrdə əbədi yaşamaqdır. O insanlardan biri İslam idi. Ölüm onu bizdən ayırdı. Torpaqda nə vaxtsa qovuşacağıq. İşıqlı çöhrəsi, zahiri və mənəvi gözəlliyi dostlarının qəlbindədir. Səliqə-sahmanlı, etibarlı dost idi İslam...
İslamın üç övladı, beş nəvəsi qaldı... Ailənin sevimlisi Pərviz polis işçisidir. Oğuz Rayon Polis Şöbəsində çalışır. İslam yaxşılara görə, çox sevdiyi nəvələrinə görə yaşamaq istəyirdi. Arzuları tükənməz idi. Nəvələri oxşamaq, böyütmək, onlara toy etmək... Hər səhər nəvəsinin səsinə yuxudan oyanırdı... Arzuları yarımçıq qaldı. Adı dodaqlarda dondu. Amma həyat davam edir. İslam Hüseynov arzularını yaşadacaq doğmalar, dostlar, onu yaxından tanıyanların yaşadıqca bu ad anılacaq, seviləcək və yaşayacaqdır.
Yerin behişt, ruhun şad olsun, İslam!
Hacıməmməd Məmmədov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!