• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Rəylər, təkliflər, arzular

Rəylər, təkliflər, arzular

Yazar Ismayilli
//
31 dekabr 2016
//
//
Oxunub 190
//
İsmayıllı Peşə Tədris Mərkəzində (PTM) “İsmayıllı xəbərləri” qəzetinin oxucular konfransı keçirilib. Konfransı giriş sözü ilə Mərkəzin direktoru Zaur Muradov açıb. Qəzetin baş redaktoru Şahməmməd Soltanov görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Qəzetin redaksiya heyətinin üzvü Hacıməmməd Məmmədov yazı mədəniyyəti ilə bağlı fikirlərini səsləndirib. PTM-nin qəzetlə daimi əlaqəsi müsbət hal kimi dəyərləndirilib.
Çıxış, rəy və təkliflərin xülasəsini təqdim edirik:
Rəylər, təkliflər, arzular
Rəylər, təkliflər, arzular- Zaur Muradov, PTM-nin direktoru:
“İsmayıllı xəbərləri” qəzeti kollektivimizin sevimli qəzetidir. Onun hər sayında rayonda gedən quruculuq işlərindən, yeniliklərdən maraqlı yazılar dərc olunur. Qəzetdə müəssisə rəhbərlərinin, qabaqcıl iş adamlarının təcrübə mübadiləsi yazıları, tanınmış həmyerlilərimiz barəsində məqalələr geniş oxucu marağına səbəb olur. Qəzetin digər qəzetlərlə müqaisədə üstün, fərqli cəhətləri çoxdur. Burada “Peşə Tədris Mərkəzi”, “Pedaqoji düşüncələr”, “Valideyn guşəsi”, “Müəllim nə düşünür?”, “Rayonumuzun folkloru”, “Doğma coğrafiya” adlı rubrikaların açılması və bu rubrikaların tələbinə uyğun yazıların müntəzəm verilməsini istərdik.
- Bağırlı Seymur, “Yerli bələdçi” qrupunun şagirdi:
- Yaxşı olar ki, PTM-in gündəlik işindən, şagirdlərin peşə hazırlığından, maraq və yaradıcılıqlarına həsr olunan yazılar qəzetdə işıq üzü görsün. Bu həm şagirdlərin məktəbə axınını, həm də qabaqcıl sənət və zəhmət adamlarının yetişməsinə, texniki biliklərə yiyələnən gənclərimizin həyata hazırlanmasına köməklik göstərə bilər. Məncə, “Sənin sevdiyin peşə”, “İqtisadiyyat məsələləri” adlı maarifləndirici rubrikalar qəzetin daha oxunaqlı olmasını təmin edər.
- Gülnarə Hüseynova, “Dərzi” qrupunun şagirdi:
- Qəzetin fəal oxucusuyam. Təhsilə, kənd təsərrüfatı işlərinə, mədəniyyət, idman xəbərlərinə hər nömrədə rast gəlmək olur. Bu çox xoşdur. İstərdim ki, ara-sıra dini mövzuda yazılara da yer verilsin. Yeni ildə redaksiya heyətinə böyük uğurlar arzulayıram.
- Səxavət Rəhimova, “Dərzi” qrupunun istehsalat-təlim ustası:
- Mən də “İsmayıllı xəbərləri”nin abunəçisi və oxucusuyam. Qəzet müntəzəm çıxır, tərtibatı da maraqlıdır. Amma nədənsə, qəzetdə tənqidi məqalələrə az yer verilir. Qəzetin kəsəri də olmalıdır. İnkişafımıza xor baxan, mane olanlar haqqında tənqidi yazılar verilməsini istəyərdim. Tərbiyə işlərinə, ideoloji işin təşkilinə diqqəti artırmaq faydalı olardı.
- İlham Cərullayev, PTM-in istehsalat-təlim ustası:
- Qəzetin daimi oxucusuyam. İrili-xırdalı yazıların hamısı xoş xəbərə köklənib. Bu çox xoşdur. Elə qəzetlər var ki, reytinqə görə olmayan xəbərləri, deyilməsi vacib olmayan sözləri belə qəzet səhifələrinə çıxarırlar. “İsmayıllı xəbərləri” əsil İsmayıllı təbiətini xatırladır – təmiz, saf və mülayim. “Unutsaq unudularıq” rubrikası altında çıxan yazılara daha önəm verirəm. Bu yazılarda əmək adamlarının, tanınmış ziyalılarımızın işindən, keçdiyi, ömür yolundan xatirələr dilə gətirilir. Vətənpərvərlik ruhunda yazılan yazıların da oxucular üçün tərbiyəedici, ruhlandırıcı məqamları var. Mərkəzimizdə yüzlərlə gənc oxuyur. Onların təlim-tərbiyəsi ilə məşğul olan usta-müəllimlərimiz haqqında yazıların qəzetdə yer alması da kollektivin işgüzarlığını artırar.
- Şəhriyar Möhübov, şagird:
- Qəzetdə biznes, idman xəbərlərinə daha çox yer verilməsi təqdirəlayiq olardı.
Konfransı yekunlaşdıran PTM-in direktoru Z.Muradov tədbirin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində keçməsi fürsətindən yararlanaraq tədbirə qatılanları hər iki bayram münasibəti ilə ürəkdən təbrik etdi, qəzetin redaksiya heyətinə uğurlar dilədi.
İsmayıllı PTM-də “İsmayıllı xəbərləri” qəzetinin müxbir postu yaradıldı.
Muxtar Muradov,
“İsmayıllı xəbərləri” qəzetinin İsmayıllı PTM-dəki müxbir postunun üzvü

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!