• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Nəsillərə nümunə

Nəsillərə nümunə

Yazar Ismayilli
//
19 dekabr 2016
//
//
Oxunub 168
//
O, ziyalı kimi, vətəndaş kimi, vətənpərvər bir müəllim kimi yaşadığı məkanın bütün nəsillərinə nümunə idi.
İsmayıllı, Lahıc təhsili, mədəniyyəti və tarixi qarşısında böyük xidmətləri olan Ənvər Balayev bütün həyat istiqamətləri üzrə nümunə idi. Nitqi, münasibətləri, elmi səviyyəsi, vətəninə sevgisi, yaşadığı Lahıc qəsəbəsini təmsil etmək bacarığı ilə çoxlarından fərqlənirdi. Xaqani Şirvaninin kəndində - Ximranda anadan olmuşdu (İndi artıq o kənd yoxdur). Birinci sinfə Lahıc məkətəbinə qədəm qoymaqla sonrakı həyatı da tamamilə bu qədim, tarixlər şahidi, yüksək mədəniyyətli bu yerlə bağlı olub.
Nəsillərə nümunə Nəsillərə nümunə
Şamaxı Pedaqoji məktəbində ilk ixtisas təhsilini alan Ənvər müəllim 1937-ci ildə Həftəsov məktəbinə işləməyə göndərilir. 1942-ci ildə fizika-riyaziyyat müəllimi kimi Lahıc qəsəbə orta məktəbinə dəyişdirilir. Yüksək amallarla yaşayan Ənvər Balayevi, təbiidir ki, orta pedaqoji təhsil qane etmirdi. O, 1946-1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda riyaziyyat ixtisasi üzrə ali təhsil almaqla növbəti arzusunu həyata keçirir. Bir il Tircan kənd orta məktəbində direktor işləyən Ənvər müəllimi daha vacib olan Lahıc qəsəbə orta məktəbinə həmin vəzifəyə dəyişirlər.
Daim yenilik axtaran, özü səmərəli fəaliyyət göstərib, hamıdan da bunu tələb edən Ənvər müəllim məktəbə rəhbərlikdə daha geniş miqyas götürür. Əkinə yararlı olmayan 1,5 hektar sahəni götürüb bağ salmaqla tədris-təcrübə sahəsi-əsil mənada laboratoriya yaradır. Bir neçə ilə sahədən gələn gəlir artır və bu hesaba məktəb yanında 3 yardımçı bina tikilir. 1954-cü ildə təhsili yarımçıq qalmış 100-dən artıq gənc müəyyənləşdirilir və onlar üçün fəhlə-gənclər məktəbi açılır. Tanınmış ziyalının direktor olduğu həmin illərdə Lahıc məktəbinin qabaqcıl təcrübəsi SSRİ miqyasında tanınırdı. Qəsəbə orta məktəbində uzun illər direktor və direktor müavini işləyən Ənvər müəllim 1981-ci ildə pensiyaya çıxır, riyaziyyatla yanaşı tarixi biliklərə mükəmməl yiyələndiyi nəzərə alınır və həmin ildə də Lahıc Tarix-Mədəniyyət Qoruğunun direktoru təyin edilir. Bu təyinatdan Lahıc qəsəbəsi böyük xeyir tapır. Lahıcın hər bir daşı, hər bir küçəsi, dalanı, tikilisi qorunur, buranın arxitekturasına, milli şəhərsalma ənənələrinə zidd olan hərəkətlərə son qoyulur, qəsəbənin keçmiş siması bərpa olunur, tarixi öyrənilir və təbliğ edilir. Ənvər Balayev bu sahədə ən yaxşı tarixçi kimi fəaliyyət göstərir, Lahıcın əsil təmsilçisinə çevrilir. Pedaqoji fəaliyyəti dövründə “Qabaqcıl maarif xadimi”, “SSRİ Maarif əlaçısı” döş nişanları, 10 medal alan Ənvər Balayevə qoruğun direktoru işləyərəkən “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilir. Zamanının qabaqcıl təbliğatçısı kimi tanınan Ənvər Balayev Respublika miqyaslı çoxsaylı tədbirlərdə iştirak edir.
Ənvər müəllim Lahıcı - Azərbaycanın bu qədim tarixli, müasir şöhrətli diyarını tükənməz məhəbbətlə sevirdi. Onu tanıtmaqda, təbliğ və təqdim etməkdə də yorulmadan çalışırdı. Lahıca bir dəfə ayağı düşüb Ənvər müəllimlə görüşən qonaq bir də bu yerlərə səfər etməyi özünə borc bilirdi.Tək Lahıcın yox, Azərbaycanın da tarixini yaxşı bilən Ənvər Balayev sovet respublikalarından, xarici ölkələrdən gələn müsafirlərə həmişə bələdçilik edib. Misal: 1980-ci illərin əvvələrində Moskva şəhərindən Lahıca Kuşneroviç familiyalı bir jurnalist gəlmişdi. O demişdi ki, öz əlimlə bir piyalə düzəldənədək buradan getməyəcəm. Belə də oldu. Lahıcın sənətkarlıq tarixi ilə, dünəni, bu günü ilə Kuşneroviçi Ənvər müəllimi tanış etdi. Hacı Nağı isə ona misgərliyin sirlərini öyrətdi. Qonaq jurnalist onların köməyi ilə bir həftəyə öz məqsədinə çatdı.
1975-ci ilin payızında ozamankı Çexoslovakiyanın “Rude pravo” qəzetinin SSRİ üzrə müxbiri Aleksandr Aborski üç gün Lahıcda qonaq oldu. Rus dilini daha yaxşı bilən Ənvər Balayev onu müşayiət edirdi. Qəsəbə sovetinin sədri Hacıbaba Kazımov evinin qapılarını taybatay çex jurnalistin üzünə açmışdı. Hərtərəfli hörmət və ehtiram görən qonaq qayıdanda birinci katib Tamara xanım Hümbətovaya böyük razılığını bildirmiş, Lahıcda gördüklərini bir qoşa səhifədə əks etdirmiş və qəsəbəyə göndərmişdir.
Müəllimliyi, ziyalılığı, vətəndaşlığı ilə ömrü boyu seçilmiş, fərqlənmiş Ənəvər Balayev haqqında istənilən qədər yazmaq olar. O kişi sağlığında xeyirxah əməlləri ilə yazılanlardan daha təsirli öz sözünü hamıdan yaxşı deyib.
Lahıc qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdili ilə zəngləşib Ənvər müəllim barədə yazmaq istədiyimi bildirdim. O da təəssüf hissi ilə dedi: “Ənvər müəllimin Lahıcda, xüsusilə məktəbimizdə hər an yeri görünür.Onun məsləhətinə, sözünə, adi salamına həmişə ehtiyacımız olub. O, 96 yaşında dünyasını dəyişdi. O zamana qədər hər birimizin böyüyü, yol göstərəni, məsləhətçisi, qəsəbəmizin təəssübkeşi və təbliğatçısı kimi çıxış edib. Lahıcın təhsil tarixini sanki özü yazıb. Ona görə də hər bir fikri, sözü, faktı həqiqət idi. Xəstə vaxtında da yenə imkan tapıb ara-sıra məktəbə gəlirdi.”
Lahıcla Ərəgit arasındakı körpü qəzalı vəziyyətə düşmüşdü. RİH-nin başçısı Mirdaməd Sadıqovun təklifi ilə xeyirxah iş adamı körpünü tikdi. Açılışına, mən də getmişdim. Ənvər müəllim də həmişə olduğu kimi xeyirxahların yanında idi. Bu şəkli də o zaman çəkdirmişdik. Yazını da ona görə qələmə aldım ki, bu günümüz xatirinə keçmişimizi yaxşı tanıyaq .
Valeh Salehov,
Dövlət qulluğu veteranı

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!