Dağ çiçəkləri » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Dağ çiçəkləri

Ustası
(Əziz dostum, qardaşım Ş.Dağlaroğlunun 60 illiyinə)
Bir vaxt usta idin, ağac yonurdun,
İndi söz yonursan, sözün ustası.
Könlünü vermisən sözə, sənətə,
Olmusan ocağın, közün ustası
Dağ çiçəkləri  İtmədin içində dumanın, çənin,
Vətənçisi oldun “Ana Vətən“in.
Əqidən, yolların bəllidir sənin,
Olmamısan hər avazın ustası.

“İsmayıllı xəbərləri” aynadı,
Canımızda, qanımızda oynadı,
Vətən adlı bir qazanda qaynadı,
Oldu həqiqətin, düzün ustası.

“Yazar”ınla “Çiçəklər”im qoşadı,
Ayla Güntək hər zaman başbaşadı.
Musa ziyasından doğdu, yaşadı,
Odur bu cığırın, izin ustası.

Tarixdir hər əməl, hər iş, qalası...
Gah şəkəri olur, gah da bəlası.
Tikmisən çoxuna kitab qalası,
Sən özün olmusan, özün ustası.

Harda varsan, harda yoxsan, bilirəm,
Gah böyüksən, gah uşaqsan, bilirəm,
Nəfsi toxsan, gözü toxsan, bilirəm,
Olmamısan çoxun, azın ustası.

Dağlaroğlu, dağlığında qalasan,
Üzün ağdır, ağlığında qalasan,
Bax beləcə, sağlığında qalasan,
Olasan doxsanın, yüzün ustası.
Nazir Ziya Talıstanlı

Azərbaycanın

Gəl gəzək aranın, gəzək dağların,
Gəl içək suyundan buz bulaqların,
Dolaşaq ormanın, həm yaylaqların,
Gözəldir hər yeri Azərbaycanım,
Sən mənim Vətənim, ruhum həm canım!

Unutma, Vətən də anadır bizə,
Verər xeyir-dua saf sevgimizə,
Gəl tutaq əl-ələ, biz gəzə-gəzə,
Dolaşaq hər yerin, odur imanım,
Qurbandır yurduma bir qaşıq qanım.

Gəl tut əllərimdən, gəzək meşəsin,
Dərək kol dibindən tər bənövşəsin.
Sındırma Solmazın könül şüşəsin,
Dolanaq başına Azərbaycanın,
Yurdum bəzəyidir bütün dünyanın!
Solmaz Şirvanlı

Ay Allah!

Qara kölgəsini cismimə salıb,
Yaman naxoşlayıb ruhum, ay Allah!
Adam düşündükcə belə, mat qalır,
Ərşə çəkilibdir yuxum, ay Allah!

Bu hansı ruzigardır əsib ruhuma,
Şeytan fitnə-fəsad kəsib ruhuma,
Elə bil əli ilə əzib ruhuma,
Səpib istiotdan toxum, ay Allah!

Bilirəm bu cığır zülmətə gedir,
Əzaba, ən ağır zillətə gedir.
Şairlər öləndə cənnətə gedir,
Mən niyə kənardan baxım, ay Allah!

Nə olar, sən məni öz yoluna çək,
Yoxsa qalacağam tamam tənha, tək.
Cismim yaşayacaq, ruhum öləcək,
Budur ən dəhşətli qorxum, ay Allah!
Elnarə Günəş

Keçir

Bir həsrət köynəyi biçdin əynimə,
Ağrısı, acısı canımdan keçir.
Sənsiz keçən günü ömrümdən demə,
Sənli keçən gün də yanımdan keçir.

Hanı ürəyimin qanadlı çağı?
Dərdini çəkməkdən əridi yağı.
Pərişan telimin bəyaz olmağı,
İlimdən, ayımdan, anımdan keçir.

Əcəb inanmışdım məhəbbətinə,
Sevib-sevilməyin səadətinə.
Hər gələn baharın hərarətinə,
Yollar ürəyimdən, qanımdan keçir.

Bir həsrət köynəyi biçdin əynimə,
Ağı, həm qarası canımdan keçir.
Mənsiz günlərinə: yaşadım, - demə,
Sənli günlərim də yanımdan keçir.
Xatun Qəmkar

Ana çörək bişirir

İsidibdir təndiri, çörək bişirir ana,
Odun, közün içində əlləri yana-yana.
Təndirin divarında çörəklər bir-bir bişir,
Ananın gözlərindən ara-sıra yaş düşür.

Çızıldayır damçılar köz üstündə elə bil,
Qovrulan ürəyidir, gözdən düşən yaş deyil.
İsti çörəyin ətri yayıldıqca dörd yana,
Qulağı səsdə, baxır tez-tez ətrafa ana.

İndi oğlu gələcək... Üz-gözündən öpəcək,
Kəsib isti çörəkdən sonra dil-dil ötəcək…
- Kim mənim anam kimi çörək bişirə bilir?
Anamın çörəyindən cənnətin ətri gəlir!

Yanar közün üstünə bir az ayran səpəcək,
Sonra da anasının əllərindən öpəcək…
Əsir ana əlləri, çörək düşür əlindən,
Bəxti, taleyi ondan bunca küsmüşdür nədən?

Bircə oğluydu axı dünyada varı, yoxu,
Onu böyüdənəcən bilmədi nədir yuxu.
İndi gözü yollarda, qulağı səsdə qalıb,
Vətən adlı anası oğlunu ondan alıb.

Bir il var çörək yapır, gözü yaşlı gözləyir,
İsti çörək ətrini sevən oğlu gəlməyir.
Kəsib isti çörəkdən bir tikə də yeməyir,
Çörək boyat olunca acımışam deməyir.

Ana çörək bişirir övladının xətrinə,
Güman edir gələçək oğlu çörək ətrinə.
Fikir aparıb onu, sönüb təndirin odu,
Gözü önündə heykəl – bu oğludu, bu, odu.

Hər yandan qayğı, diqqət: ana yenə də tənha,
Ümidləri böyükdür gələn günə, sabaha.
Amma onun ürəyi təndirtək yanasıdır,
Bu tənha, məğrur qadın bir şəhid anasıdır!
Turac Hilal Ramizqızı

Günəşim olsan

Şaxtada soyuqdan donan əllərim,
İsinər istinə, günəşim olsan.
Soyuq ruzigarla əsən tellərim,
İsinər istinə, günəşim olsan.

Qəlbumi ovudan hərarət gərək,
Düşsün pəncərəmə nurlu şəfəqtək.
Qışın tufanında titrəsə ürək,
İsinər istinə, günəşim olsan.

Açıb gözlərimi hər səhər, hər dan,
İstərəm yanımda olasan hər an.
Buz kimi donsa da bu ürək, bu can,
İsinər istinə, günəşim olsan.
Nailə Yırğançaylı

Xəlvəti

Qəlbimdə Günəşsən, leysan yağışsan,
İslat ürəyimi, qurut xəlvəti.
Qəlbimin gözünə baxan baxışsan,
Ağlat ürəyimi, kirit xəlvəti.

Keçir qaşlarınla məni qılınca,
Ömür budağından məni salınca.
Bir qərib cığırla çəkib dalınca,
Sürüt kölgə kimi, sürüt xəlvəti.

Elə yıxılmışam, çətin düzələm,
Bir də o səmaya çətin yüksələm.
Həsrətin önündə buzdan heykələm,
Ərit buz heykəli, ərit xəlvəti.

Qolların qoynuma Bükən deyilsən,
Ağlayıb göz yaşı tökən deyilsən.
Onsuz da cəzanı çəkən deyilsən,
Öldür milyon dəfə, dirilt xəlvəti.

Səni tapmamışdım itirmək üçün,
Üstümə dağ yükü götürmək üçün.
Torpaqda bənövşə bitirmək üçün,
Çürüt ürəyimi, çürüt xəlvəti.
Cəbrayıl Hüseyn

Dünya, qapını aç, gedim

Gətir evin açarını, dünya, qapını aç, gedim,
Bu çağımda, bu yaşımda belə dünya istəmirəm.
Təpəmdə səs çıxartmısan, düşəndə də bərk düşmüsən,
Olmusansa daş başımda, belə dünya istəmirəm.

Üz gülməyə, sevinməyə, qan ağlayam zaman-zaman,
İynələrə sap etməyə üzə ürək, quruda can.
Qucağımda bəslədiyim dönüb ola əfi ilan,
Yuva sala ağuşumda – belə dünya istəmirəm.

Əllərimdən gündüzümü, aldın nurlu səhərimi,
Özgələri sevindirib, yada dedin xəbərimi.
Boğazımdan asmaq üçün ipdən etdin kəmərimi,
Belədirsə qayışım da – belə dünya istəmirəm.

Xatirələrdə iz qoyub, axtarılıb, sayılasan,
Götürülüb ordan-burdan, oz yerinə qoyulasan.
Çaylar ilə təmizlənib, sellər ilə yuyulasan,
Narın yağan yağışında belə dünya istəmirəm.

Haram ilə yol getməsin, halallıqla yarışsın qoy,
Tamam səni daşıyınca dəftər-qələm daşısın qoy.
Dostlar səni yaşamayıb, başqa aləm yaşasın qoy,
Söyləyir ki, sirdaşım da belə dünya istəmirəm.
Tamam Nur Tağlabiyanlı

Qayıt

Dünya mənim üçün bağlı qəfəsdi,
Nə səs eşidirəm özgə bir səsdi.
Aldığım nəfəs də quru nəfəsdi,
Axı mənim sənə ehtiyacım var.

Yaşamaq zülümdür duyğusuz, hissiz,
Daha özüm deyil, özgəyəm sənsiz.
Qəfəsdə bir quşam, yuvasız, dənsiz,
Axı mənim sənə ehtiyacım var.

Bülbül qla bilməz gülündən ayrı,
Əlim ayrı düşüb əlindən ayrı.
Düşmüşəm obamdan, elimdən ayrı,
Axı mənim sənə ehtiyacım var.

Bilməm hardan gəldi bu dəli hicran,
Mən niyə qalım ki, səndən nigaran?
Qayıt, ömrüm, günüm, qayıt, hər zaman
Axı mənim sənə ehtiyacım var.
Mehriban

Gedəsiyəm

Sən elə bir paysan mənə İlahidən,
Qalaqlandı suallarım: “ Niyə, nədən...
Bildinmi ki, mən həyata gələn gündən,
Dərd çəkirəm, gedəsiyəm, gedəsiyəm ? ”

Günahımın bəlkə elə astarı yox,
Qorxub qaçdım, neçə gözdən, neçə üzdən.
Amansızdı fələk , yaman amansızdı,
Könlümdəndi saçımdakı elə bu dən.

Yox, gəlişin bayram oldu, ay Şirinim,
Bəxt ulduzum, alın yazım, daha nə qəm.
Anla balam, indi mənim, gözlərimin
Nuru sənsən, işığı sən, gedəsiyəm.
Alik Dənizsevər

Fərəhlə gələydi...

Nə gözəl bəzənib gəlinlər,qızlar,
Tutub bir-birindən fərəhlə əllər.
Sevincdən hamının könlü açılır.
“Mübarək“, - söyləyir ürəkdən dillər.

Bəy-gəlin qəlbində bir aləm yatır,
Sanki sevilənlər vüsala çatır.
Hərə xoşbəxtliyə bir addım atır,
Onlara yaraşır çiçəklər, güllər.

Qoyulur gəlinin xına əlinə,
Qırmızı bağlanır incə belinə.
Qonaqlar gül taxır onun telinə,
Tökülür yoluna çiçəklər, güllər.

Mənim də ürəyim gəlibdir dilə,
Hər ayım,hər günüm keçəydi belə.
Xoşbəxlik gələydi obaya, elə,
Fərəhli gələydi həmişə illər.
Xuraman Baxış

Qəzəl

Göstər mənə ol Ay kimi rüxsarını, lütf et.
Göy qübbəsinə nəqş olan əsrarını, lütf et.

Viranə qalan dəhr üzü bayquşlara aid,
Bülbüllər ötən baği-çəmənzarını lütf et.

Qanqal bitirən çöllərə salma məni, afət,
Tər güllər açan dülşəni-gülzarını lütf et.

Əsdir yelini, al məni hicranın əlindən,
Tilsimlə dolu bir dəli rüzgarını lütf et.

Mən sadiqəm öz əhdimə, gəl sən də xatırla,
Peymanını, həm əhdini ilqarını, lütf et.

Canım cana doydu, çəkirəm möhnəti Billah,
Al canımı, öldür bu fəqir yarını, lütf et.

Sordunsa, Roman verdi cavab: "Sevgili yarı,
Vəsf eyləyərək şür ilə, əşarını lütf et.
Roman Səfərov

Bir gün doğmaların görüşməyi var

Bacım Mirvarinin ölümünə

Oxuya bilmədim alın yazımı,
Orda bacımın da ölümü varmış.
Ana sevgsindən doymaytan bir qız,
Bir gün bacıdan da yetim qalarmış.

Qoşa qanad idik bu dünyada biz,
Sənin gedişindən bəllidir halım.
Ana yox, bacı yox, bəs ətrinizi
İndi hansı güldən, çiçəkdən alım.

Göz yaşı axıtmaq köməyə yetmir,
Yandırır qəlbimi soyuq bir məzar.
Dünyanı tərk etmək bəhanəsiylə,
Bir gün doğmaların qovuşması var.
Şərqiyyə Balacanlı

Eylədi

Gəzib-dolaşdıqca bu ana yurdu,
Məni öz hüsnünə heyran eylədi.
Dilim söz tutandan, ağlım kəsəndən,
Başımda sevdası cövlan eylədi.

Nəsər sal, ey insan, düşün, duy bir an,
Dağında, daşında tarixdən nişan.
Neçə şair olmuş, neçə qəhrəman,
Burda çox dahilər dövran eyləyib.

Könlümdə tükənməz dil məhəbbəti,
Çəmən məhəbbəti, çöl məhəbbəti.
Vətən məhəbbəti, el məhəbbəti,
Axır Xəyalı da ozan eylədi.
Xəyal Orucov,
Topçu kəndi
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter