• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Müstəqilliyimiz qürur mənbəyimizdir

Müstəqilliyimiz qürur mənbəyimizdir

Yazar Ismayilli
//
18 oktyabr 2016
//
//
Oxunub 168
//
Anamız Azərbaycan ən qədim dövrlərdən bu günə qədər saysız-hesabsız faciələr və fəlakətlərlə qarşılaşmış, lakin sarsılmamış, gözəl mənəvi və bəşəri dəyərlərini qoruyub saxlamışdır. Başqa xalqlara mehriban münasibətinə görə cəsarətlə deyirdim ki, əslində humanistlik bizim xalqa məxsusdur. Təbiətinin əsrarəngizliyinə və insanlarının daxili zənginliyinə dəyər verərənlər haqlı olaraq Azərbaycanı şərqin gözəli adlandırırlar.
Müstəqilliyimiz qürur mənbəyimizdir
Xalqımızın ən son sınağı XX əsrin sonlarına təsadüf edir. Mənfur rus-sovet imperiyası dağılandan sonra xalqımız öz müstəqilliyini əldə etdi. Lakin müstəqilliyimizin ilk illəri çətin oldu. Müstəqillik qazanılsa da onu qoruyub saxlamaq, yaşatmaq çətin idi. Bu məqamlarda xalqımız ölkəni hərc-mərclikdən qurtaran, müstəqilliyə qarant olan bir dahi axtarırdı. Bəli, müstəqilliyimizin əldən getməməsi üçün ölkədə hamı Heydər Əliyevin hakimiyyətə gəlməsini arzulayır, onun müdrik, uzaqgörən rəhbər olduğunu dərk edirdi.
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın istək, təkidi və tələbi ilə yenidən hakimiyyətə qayıtması ictimai-siyasi sabitliyin, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunmasında real addımların atılması, islahatlar prosesinə start verilməsi və digər bu kimi hallar müstəqil Azərbaycanın inkişaf yolunun əsas cizgiləri sırasında yer aldı.
Bəli, Ümummilli lider xalqına arxa oldu. Vətənimizi və xalqımızı düşdüyü bəladan xilas etdi. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qüvvələrin bərabər olmadığını görüb birinci olaraq atəşkəs elan etdi, müharibəni dayandırdı. Axı ölkəmizdə o vaxtlar nizamlı, qüdrətli ordu yox idi. Üstəlik iqtisadiyyatımız dağılmışdı. Ölkədə yoxsulluq fəlakət həddinə çatmışdı. Bütün sahələrdə dirçəliş üçün ölkəyə sülh və əmin-amanlıq lazım idi. Heydər Əliyevin müdrikliyi və gərgin səyləri nəticəsində buna nail olundu. Xalqımız kənardan heç bir müdaxilə edilmədən yenidən quruculuq işləri ilə məşğul olmağa başladı. Müstəqilliyimiz dünya ölkələri ilə səmərəli əlaqə yaratmağa imkan verdi. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Düşmənlərimizin iradəsi əleyhinə olaraq xalqımızın dünyadakı nüfuzu artdı.
Qürur mənbəyimiz olan müstəqilliyin əldə olunmasından 25 il keçir. Bu illər ərzində ölkəmiz böyük və hərtərəfli inkişaf yolu keçmişdir. Ölkəmiz dünyada ən layiqli, etibarlı tərəfdaş kimi şöhrət qazanmışdır. Ölkəmiz etibarlı tərəfdaş olduğu üçün Azərbaycana külli miqdarda sərmayə axını gəlir. İqtisadiyyatımız daha da güclənir. 25 ildir ki, müstəqil yaşayır, qurub-yaradırıq. İndi hər bir azərbaycanlının Müstəqil Azərbaycan adlı bir evi var. Biz müəllimlərin üzərinə çox məsuliyyətli vəzifə düşür. Müstəqilliyimizin qorunması, daha da möhkəmlənməsi üçün uğurlu sabahımızın qurucuları arasında geniş iş aparmalıyıq, aparırıq. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətini bu gün ölkə prezidentimiz layiqincə davam etdirir. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi və hərbi sahədə sanballı nailiyyətlər əldə edir. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutmuşdur. Bölgədə geosiyasi mövqeyini möhkəmləndirə bilmiş, beynəlxalq nüfuzunu artırmışdır.
Hazırda dövlətimiz dünyada ən qabaqcıl dövlətlər sırasındadır. 25 il ərzində başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də çox böyük işlər görülmüşdür. Bu dövrdə 3 minə yaxın müxtəlif statuslu məktəb binası və əlavə tədris korpusları tikilib, bütün ali təhsil müəssisələrinin binası əsaslı təmir olunub. Ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün müasir tələblərə cavab verən milli dərsliklər yaradılaraq pulsuz, şagirdlərin istifadəsinə verilib. Latın qrafikalı əlifbaya keçməklə əlaqədar qısa zamanda bütün məktəblər və kitabxanalar yeni əlifba ilə çap olunmuş dərslik və əlavə vəsaitlərlə təmin edilib. İnformasiya - kommunikasiya texnologiyalarının təhsilə tətbiqi böyük vüsət alıb.
Qürur mənbəyimiz olan müstəqilliyimiz bizə çox şey verdi və verməkdə də davam edir. Son aprel hadisələri ordumuzun Cənubi Qafqazda ən güclü ordu olduğunu bir daha sübut etdi. Ermənilər layiqli dərslərini aldılar. Axı qarşıda Qarabağ və digər torpaqlarımızın azad olunması durur.
Bu gün ölkəmizin bütün regionlarında tikinti-quruculuq işləri geniş vüsət almışdır. Sosial-iqtisadi inkişafın bəhrələrini artıq bütün xalq hiss edir. Bütün bunlar əldə etdiyimiz uğurların göstəricisidir. İsmayıllı günü-gündən gözəlləşir. Müstəqilliyimizə töhfə vermək hər birimizin şərəf işidir. Hər kəs öz sahəsində qürur mənbəyimiz olan müstəqilliyimizə layiqli xidmət etməlidir. Bunu bizdən Heydər Əliyevin işıqlı ruhu tələb edir.
Hacıməmməd Məmmədov,
N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!