• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Beynəlxalq Müəllimlər Günü

Beynəlxalq Müəllimlər Günü

Yazar Ismayilli
//
04 oktyabr 2016
//
//
Oxunub 255
//
Müəllim, bu ada baş əyir cahan,
Ondan hansı dahi dərs almamışdır?
Müəllim sözünə qulaq asmayan,
Həyatda heç zaman, ucalmamışdır.
Bəli, doğrudan da bütün cahan müəllim adının qarşısında baş əyir. Ən böyük ziyalılarımız müəllimdən dərs almışdır. Həyat boyu sınanmış həqiqətdir ki, müəllim sözünə, müəllim öyüd nəsihətinə qulaq asmayan lazım olan məqsədinə nail olmamışdır.
Beynəlxalq Müəllimlər Günü
İnsanın layiqli vətəndaş kimi yetişməyində müəllimlərin əvəzsiz xidmətləri vardır.
Kimdir müəllim?
Müəllim - bilikli, savadlı, tərbiyəli, peşəsini sevən, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir...
Müəllim gənc nəslin təlim və tərbiyəsində xüsusi rol oynayan varlıq, gənc nəslin mənəvi aləminin memarı, hər bir şagirdi üçün ikinci valideyn, cəmiyyətə düzgün və məqsədli yol göstərən mayakdır.
Müəllimlik dünyada ən çətin və şərəfli, gözəl peşədir.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.
Bəşəriyyətin ən böyük müəllimi Peyğəmbərimiz Həzrət Muhəmməddir (s). Alimin də, professorun da, həkimin də əlindən tutub ilk kəlməni yazdıran şəxs - müəllimlərdir. Və həmçinin fədakar insanların, şərəfli peşəsinin də qeyd olunduğu bir gün mövcuddur. Beynəlxalq Müəllimlər Günü!
Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESCO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. Dünyanın 100-dən artıq ölkəsi 5 oktyabr tarixini müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir.
Bu əlamətdar gün müxtəlif ölkələrdə fərqli tarixlərdə bayram edilir. Həmin gün şagird və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.
Şagirdlərimizi savadlı, sərbəst düşüncəli və öz mövqeyi olan şəxsiyyətlər kimi yetişdirmək hər bir müəllimin vəzifə borcudur. Qarşıda duran vəzifələrimizin reallaşdırılması ilə bağlı Dövlətimiz tərəfindən bir çox tədbirlər görülür, xüsusən də təhsil sahəsində inkişafa əsaslanan layihələr həyata keçirilir. Bu qədər məsuliyyətli bir peşəyə əlbəttə ki, başqa cür yanaşmaq da olmaz. Əgər bir müəllim öz peşəsinə məsuliyyətsiz yanaşarsa, bir cəmiyyəti məhv olmaq təhlükəsi ilə üz-üzə qoyar.
Sonda İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 nömrəli tan orta məktəbinin I “Ç” sinfinin şagirdləri adından sinif rəhbərləri Göyçək müəlliməni və onun timsalında öz parlaq zəkası ilə vətənimizə, xalqımıza xidmət edən əziz və sevimli müəllimlərimizi qarşıdan gələn 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, onlara olduqca çətin, məsuliyyətli və şərəfli peşələrində bol-bol şanslar, davamlı uğurlar diləyirik.
Elnarə Qasımova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!