• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Gül ətirli, gül balalar

Gül ətirli, gül balalar

Yazar Ismayilli
//
16 sentyabr 2016
//
//
Oxunub 196
//
Redaksiyadan: Ötən saylarımızda İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin işlədiyi ailələrlə bağlı şərti adlarla yazılmış hekayələrindən bir neçəsini dərc etmişdik. “Yazılmamış kitabdan sətirlər” adı verilmiş həmin hekayələrdən daha birini təqdim edirik. Bu, sadəcə bir hekayə deyil, həm də övladlarından sevgini, diqqəti əsirgəyən valideynlərə bir xəbərdarlıq, bir çağırışdır – vaxt tapıb diqqətlə oxusalar...
- Ssssss, uşaq yatıb, səs salmayın, gedin nənənin yanına, - Solmaz evə girmək istəyən Nərminlə Pərvini məcburi həyətə düşürdüb eyni həyətdə, ancaq başqa evdə yaşayan ata nənələrinin yanına göndərdi. Nərminlə Pərvin Solmaz qayınanasıgillə birlikdə yaşayarkən anadan olmuşdular və onları demək olar ki, nənə saxlamışdı. Bir il idi ki, onlar təzə evə köçmüşdülər, Solmazın üçüncü övladı – oğlu Anar bu evdə dünyaya gəlmişdi və sanki Solmaz ilk dəfə ana olmuşdu. Bütün gün Anarın beşiyinin yanın kəsdirib durur, əri evə gəlib yerini ona verməyincə yemək belə bişirməzdi. Qızcığazlar körpəcə qardaşlarını görmək üçün maraqla beşiyə yaxınlaşar, onun kiçicik əllərindən tutmaq, oxşamaq istərdilər. Solmaz qətiyyən buna imkan verməz, onları ya nənənin yanına göndərər, ya da yan otağa keçirərdi. Belə hallarda qızlar qapı arasından həsrətlə beşik başında oturub sevə-sevə balaca Anara lay-lay deyən, onu min bir dillə dindirib oxşayan analarına baxar, körpənin yerində olmağı ürəkdən arzulayardılar. Ataları bütün gün işdə olar, evə gələndə də Solmaz kimi qızları ilə ilgilənməz, körpə Anarı qucağına alıb bu dilbilməz körpə ilə danışardı. Solmaz ev işlərində qızları ilə bir olar, elə ki, iş qurtardı, daha onlarla maraqlanmaz, dinib danışmağa belə imkan verməzdi. Beləcə, bacılar günlərlə onları əzizləyən nənələrinin, bibilərinin yanında qalar, pəncərənin arxasından Anarı məhəbbətlə bağrına basan analarına qibtə ilə baxardılar. Ta o günə kimi ki...
Nənə hər axşam yatmazdan əvvəl nəvələrinə nağıl danışardı. O axşam nənə Cırtdanın nağılını danışmaq istəyəndə Nərmin kiçik əlləri ilə nənəsinin ağzını tutub “Keçinin nağılını danış, nənəcan” dedi. Nənə ortada uzanmışdı, bir qolunun üstünə Nərminin, bir qolunun üstünə Pərvinin başını almışdı. Səbirlə Şəngülüm, Şüngülüm, Məngülümün nağılını danışırdı. Nağıl sona çatdı, uşaqlar dinmirdilər, nənə elə bildi ki, yatıblar, ancaq ikisi birdən elə dərindən köks ötürdülər ki... Nərmin yanı üstə çevrilib nənəsinin boynunu qucaqladı, “kaş bizdə keçinin balaları olaydıq, axı keçi balalarının üçünü də çox istəyir”, - dedi və astadan ağlamağa başladı, bacısı da ona qoşuldu. “Anamızı istəyirik, ancaq o Anarın anasıdı, ölmək istəyirik biz, nənə”. Nənə dəhşətə gəldi, onun ciyərparələri, bu balaca qızcığazlar nə vaxt belə böyüdülər, nə vaxt belə fikirlərə düşdülər?!
Bir azdan qızlar sakitləşib yuxuya getdilər, nənə isə... ilan vuran yatdı, Sahibə nənə yox. Səhər açılar açılmaz qızını oyadıb axşamkı əhvalatı ona danışdı, özünü saxlaya bilməyib ağladı, “uşaqları qoymaram ey bizə gəlsinlər, ancaq bununla olmaz”.
Leyla o gün işə bir az da tez gəldi, onlarla eyni binada yerləşən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə döndü, işçilərlə görüşüb məsələni olduğu kimi onlara danışıb kömək istədi, yazılı ərizə də verdi.
Axşam evə gələndə anasından eşitdiyi ilk söz “bu gün Solmazgilə müəllimlər gəlmişdilər, xeyli söhbət etdilər, xeyir olsun” dedi. Xeyir olacaq, can ana, narahat olma, sənə dediyim idarənin işçiləri olub gələnlər. Sabahdan Nərminlə Pərvini də özümlə aparacam, o idarədə məşğul olacaqlar, - Leyla anasını əmin etdi.
Sonra nənə eşitdi ki, oğlunu da, gəlinini də dəfələrlə o idarəyə çağırıblar, uşaqlarla necə rəftar etmək barədə söhbət ediblər. Nərminlə Pərvin də çox dəyişmişdilər, daha əvvəlki kimi özlərinə qapanmır, şən-şən deyib gülürdülər. Qızlar həyətə girən kimi Solmaz əlində yağı daşsa belə onların qarşısına çıxır, xoş sözlərlə qucaqlayıb evə aparır, “qardaşınız sizinçün darıxıb” deyib onları Anarın beşiyinin başında otuzdururdu. Məşğələyə getmədikləri günlərdə isə boş vaxt tapan kimi onlarla oyun oynayır, şəkil çəkir, lap nənələri kimi nağıl danışırdı. İndi nənə onlara gəlirdi, nəvələri üçün darıxırdı, axı daha Solmaz qızları – canlarını gözündən uzağa qoymaq istəmirdi. Mərkəzdə psixoloqla söhbətdən sonra sanki yuxudan ayılmışdı, balaca Anara sakitlik lazımdı deyib qızlarını özündən uzaqlaşdırmaqla düzgün iş görməmişdi. Axı o Anadır - 3 övladın anası. Həyat yoldaşı da səhvini anlamışdı, düzdü yenə işdən gələn kimi Anarın beşiyi başında oturur, ancaq bir dizinin üstünə Nərmini, o biri dizinin üstünə Pərvini alır və onlarla birlikdə Anarın yuxuda necə güldüyünə baxıb birlikdə sevinirlər.
Solmaz qayınanasından keçi əhvalatını eşitdiyindən bəzən zarafatla balalarını ”Şəngülüm, Şüngülüm, Məngülüm” deyə çağırır. Elə yaxşı ki, burada da hər şey o nağılda olduğu kimi yaxşı qurtardı, göydən 3 alma düşməsə də...
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!