“İsmayıllı yazarları” təqdim edir » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

“İsmayıllı yazarları” təqdim edir

Tamam Nur Tağlabiyanlı “Dağ çiçəkləri” ədəbi məclisinin və “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin fəal üzvlərindəndir. Dövri mətbuatda şeirləri çap olunur.
“Üzüyümün qaşı düşüb” şeirlər kitabının müəllifidir. Qızı Nuranə Təbəssüm də ara-sıra şeirlər yazır.
“İsmayıllı yazarları” təqdim edir
Başqa cür oldu

Ömrümdə mən belə islanmamışdım,
Builki baharım başqa cür oldu.
Örtmədim şalımı, qaldı qatında,
Tikilən paltarım başqa cür oldu,
Builki baharım başqa cür oldu.

Pisə xeyli müddət ayırdı zaman,
Qiymət bax verdi yaxşıma yaman.
Ucadan üzümə oxundu “fərman”,
Sərtləşdi “qərarım”, başqa cür oldu,
Builki baharım başqa cür oldu.

Ağrıdan divara söykədim başı,
Çağıra bilmədim haya qardaşı.
Su yuydu çınqılı, apardı daşı,
Hörülmüş divarım başqa cür oldu,
Builki baharım başqa cür oldu.

Görüm

Ayna qarşısında daranmıram ki,
Saçın qarasını, ağını görüm.
Xəncər tapmıram ki, yarıb sinəmi,
Qəlbin çalın-çarpaz dağını görüm.

Taleyin amansız qar, yağışında,
İslanam suyunda, olan yaşın da.
Ağlıma gəlməzdi ocaq başında,
Düşməni tanıyam, yağını görüm.

Bu gün yaşananlar olub dünən də,
Salıb qaranlıqlar məni kəməndə.
Hardadı o tale, o bəxt ki, məndə,
Sübhün açılacaq çağını görüm?

O yuxuda

Yaxşı nə isə görmüşdüm,
Gözüm qalıb o yuxuda.
Şeir yazarkən ayıldım,
Sözüm qalıb o yuxuda.

Qopan tufan, əsən külək,
Qoymur yumam göz, ya bəbək.
Bu yuxularda yox dilək,
Arzum qalıb o yuxuda.

Göz önündə ahu-zarım,
Aşkardadır qışım, qarım.
Röyamda idi baharım,
Yazım qalıb o yuxuda.

Ay həkim

Nəbzin döyüntüsü var az da olsa,
Səngimək istəmir bilək, ay həkim.
Daşın zərbəsindən sınıb sağ qolum,
Çatlayıb sinəmdə ürək, ay həkim.

Gözümə yaş gəlir, ağlayammıram,
Möhkəm dəstələyib, bağlayammıram.
Gülü qol üstündə saxlayammıram,
Düşür əllərimdən çiçək, ay həkim.

Qaysaq bağlamağa yaralarım tam,
Açıb bağlayıram hər səhər, axşam.
Sağalmağım üçün olmasa inam,
Eyləməz dərmanlar kömək, ay həkim.

Belə deyirəm

Bilirəm, nə deyir saz yana-yana,
Mən də dərdi-qəmi belə deyirəm.
Köklənib, calanıb şeirə, sözə,
Zili elə, bəmi belə deyirəm.

Etibar göstərib, olub inamla,
Gəzmişəm uğuru çıraqla, şamla.
Tökülür gözümdən yaş damla-damla,
Uğursuz qədəmə belə deyirəm.

Açıram dünyaya gözü nə boyda,
Alıram iynəni, bizi nə boyda.
Şişirdirəm dildə azı nə boyda,
Çoxumu yox, kəmi belə deyirəm.

**
Günü qısa, uzun olur axşamı,
Ağlayanda çox görmüşəm nakamı.

İş işdən keçəndən sonra gec olur,
Qabaqcadan tanımırsan bədnamı.

Talesizlər sırasında olanlar,
Azaltmayır taleyinə inamı.

Hər yetənə ümid bağlayan kəsin,
Odu sönür, axşamlar yanmır şamı.

Qəlbi böyük, könlü gen olduğundan,
Təbi çoxdu, aşır-daşır ilhamı.

Razılaşır bircə tikə halalla,
Kandarına buraxmayır haramı.

Şeirin, sözüm tamamlanması varsa,
Səslə onu, çağır gəlsin Tamamı.

O dünya, bu dünya

İkisi barədə söz-söhbət gedir,
Biri gen dünyadı, o birisi dardır.
O biri dünyanın yazı, yayı yox,
Bu birinin o birinə oxşarı vardır.

Söyləsəm düzgünü, desəm dəqiqi,
Biri-birilərindən az deyil fərqi.
O biri dünyanın sükuta qərqi,
Bu birinin dərd çəkmək işi azardır.

Hər iki dünyayla etməklə görüş,
Geriyə çəkilib, etmişəm dönüş.
O biri dünyada yox alış-veriş,
Bu birində ticarət, dükan-bazardır.

Məhəbbət haqqında

İndicə eşitdim məhəbbət haqda,
Sən demə, ötəri hissmiş məhəbbət.
Yarıb ürəkləri, qırıb qəlbləri,
Yamanlıq edirmiş, pismiş məhəbbət.

Yedirdir zəhrimar, içirdir zəhər,
Bəzisi yıxılmır, dözür birtəhər.
Baş verdiyi gündən, sonuna qədər,
Qulağı batıran səsmiş məhəbbət.

Leylisi nə vaxtsa yaşayıb zaman,
Məcnunu tapmayıb dərdinə dərman.
Bu gün məhbəslərə məhkum olunan,
Kifayət qədərmiş, bəsmiş məhəbbət.

Dünya yaratmağa dünyaya gələn,
Laçın yanğısıyla yaşayıb, ölən.
Ayağı üstündə dayana bilən,
Ustad sayılırmış, kəsmiş Məhəbbət.

Şeirdi

Əhmədağa Babayev adına Quşencə kənd tam orta məktəbinin şagirdi Məleykə Qədirovanın məndən şeir istəməsinə.

Uzağa getmirəm şeir, söz üçün,
Bir addımda olan dərd-qəm şeirdir.
Mənimlə çətində, darda bir olan,
Dost böyük mövzudu, həmdəm şeirdi.

Məleykə, ananın girib qoluna,
Bağ vurdum dəryanın sağ-soluna.
Kiçik yaşlarımdan məktəb yoluna,
Atdığım addımlar, qədəm şeirdir.

Beynimdə həkk olan arzu, giley, kam,
Olur yazdıqlarım, a mənim balam.
Yazı masamdakı yanan dərdli şam,
Dəftərdə söz olur, qələm şeirdi.

Əlvida

Vida söyləməyə gəlmiş olub dil,
Dərdim, xudahafiz, qəmim, əlvida.
Ola bilər yatam, qalam yuxuda,
Ayılmayam – yanan şəmim, əlvida.

Rədd edib dumanı gözüm önündən,
Başımın üstündən qovammıram çən.
Gəlmişəm səninlə sağollaşam mən,
Məhsul, bar verməyən, zəmim, əlvida.

Tapsın dayaq, dəstək, qalxsın yerdəki,
Uzun ömür sürsün haqq, düz, birdə ki –
Dilə gətirdiyim sözdə, şerdəki
Zilim salamat qal, bəmim, əlvida.
Tamam Nur Tağlabiyanlı

Getmə

Çatım sənə, ayım, ilim,
Dayan, gəlim, zaman, getmə.
Biraddımlıqdan o yana,
Tərpənmə çəp, yalan, getmə.

Dərdə, azara düşənin,
Ağrı-acısı dünənin.
Gözü önündən düşmənin,
Sovuşma, çən, duman, getmə.

Kəsir etmə, qoyma yarı,
İpə-sapa düz yolları.
Heçə tərəf, boşa sarı,
Ömür adlı karvan, getmə.
Nuranə Təbəssüm

reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter