• Ana səhifə |
Subscribe by RSS or RUS
» 700 balın sevinci

700 balın sevinci

Yazar Ismayilli
//
01 avgust 2016
//
---
//
Oxunub 1485
//
Bu il qəbul imtahanında yüksək nəticə göstərərək başqalarından fərqlənən, otra məktəbə qədəm qoyduğu ilk zəngdən son zəngə kimi məktəb kollektivinin xüsusi hörmət və etimadını qazanmış abituriyentlərdən biri də İsmayıllı şəhər 5 saylı orta məktəbin məzunu Ağalətif İsaq oğlu Lətifov IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayıb. Ağalətif Lətifov sınaq imtahanlarında yüksək bal toplamaqla yanaşı, 2015-ci ildə biologiya üzrə respublika fənn olimpiadasında bürünc medal qazanıb:
700 balın sevinci
Ağalətif Lətifov orta məktəbi qızıl medalla bitirib. Atası İsaq müəllim 5 saylı orta məktəbin direktor müavinidir. İxtisasca riyaziyyat müəllimi olan İsaq Lətifov qız övladının da Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olduğunu bildirib.
- 700 bal toplayacağını gözləyirdinmi?
- Əslində, gözləyirdim. Orta məktəbdə nəticələrim yüksək olub. Bütün qiymətlərim “5” olub. Uşaqlıqdan həkim olmağı arzulayırdım. Buna görə də Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinə sənədlərimi verəcəyəm. Uşaq həkimi, pediatr olmaq istəyirəm. Ailə üzvlərim, yaxınlarım 700 bal topladığıma görə çox sevinir. Sözün açığı, imtahanda yüksək bal toplayacağımı gözləyirdim. Təhsil aldığım məktəb gənc təlim tərbiyə ocağıdır. 2004-cü ildən fəaliyyətə başlayıb. Bu qısa müddət ərzində məktəbimizin iki dəfə “Ən yaxşı ümumtəhsil müəssisəsi” adını alması, 2015-ci ildə 6 nəfər abituriyentin 600 baldan yuxarı, 2014-cü ildə 8 nəfər abituriyentin 600-dən yuxarı bal toplaması, aydın göstərir ki, burada çalışan müəllimlər olduqca tələbkar və məsuliyyətlidirlər. Əslində, qazandığım uğur onların gərgin əməyinin bəhrəsidir. Atamın oxuduğum məktəbdə işləməsinin də qazanılan nəticəyə böyük təsiri olub. Belə ki, təhsilə can atan şagirdin uğurlarına gündəlik nəzarət varsa, onun yaxşı oxumaqdan savayı yolu qalmır.
- Təhsilə bu qədər bağlılıqdan savayı asudə vaxtlarınızı nəyə xərcləyirsiniz?
- Əlbəttə, günün çox hissəsini bilik və bacarıqlara yiyələnən bir gəncin istirahət hüququ da var. Sağlamlığım da mənim üçün önəmlidir. bu məqsədlə boş vaxtlarımda idmanla məşğul olur, dostlarımla top qovuruq - futbol oynayırıq.
- Bəzən şikayətlənirlər ki, test əzbərçilik öyrədir. Sən əzbərləmişdinmi cavabları?
- Elə sual vardı, əzbərləmişdim, eləsi vardı yox. Əzbərləmişdim ki, imtahanda vaxtım çox getməsin. Amma əzbərləmək yaxşı deyil, bir az stress yaşasan, o dəqiqə hər şey yadından çıxa bilər.
- 700 ballıq nəticə əldə etmək üçün xüsusi istedad olmalıdır, yoxsa burada tale, qismət rol oynayır?
‐ Ola bilsin ki, belə nəticənin əldə edilməsində talenin, qismətin də müəyyən rolu var. Ancaq əsas məsələ odur ki, əgər qarşıya məqsəd qoyulubsa, buna nail olmaq üçün gərək əziyyət çəkəsən. ?ziyyətin qarşılığı isə 700 bal ola da bilər, olmaya da bilər. Bu da, hardasa, qismətlə bağlıdır. Amma özünü sırf 700 bala sistemli şəkildə hazırlaşsan, bu balı toplamaq çox da çətin deyil. Son 2-3 ildə ancaq 700 bal toplamaq barəsində düşünürdüm və inanırdım ki, qəbul imtahanında bu nəticəni əldə edə biləcəyəm. Düzdür, sınaq imtahanlarında bu nəticəni əldə edə bilməmişdim. Hansısa mexaniki səhvim olanda düşünürdüm ki, qəbul imtahanında bunu etməyəcəyəm. Belə düşünərək qəbula ciddi hazırlaşırdım. Son 2 ildə xüsusilə planlı, sistemli hazırlaşdım. Aşağı siniflərdə yaxşı oxumuşdum deyə, hazırlaşmaq mənə çətin olmadı. İmtahanda xüsusilə diqqətli oldum, həyəcanı minimuma endirdim. Ümumiyyətlə, belə hesab edirəm ki, yüksək nəticə göstərmək abituriyentin özünün pedaqoji və psixoloji hazırlığından asılıdır.
- Hazırlıq planın necə idi, dərslər arasında vaxtı necə bölürdün?
- Hazırlıq dövründə hər şeyə vaxt ayıra bilirdim. Bütün günü dərs oxumurdum. Gəzməyə, televizora, internetə baxmağa da vaxt ayırırdım. Dərslər üçün vaxtı da dəqiq bölürdüm. Hər fənn üzrə çalışmalarımın konkret müddəti var idi. Bazar günləri səhərdən axşama kimi oxuyurdum. Axşam da çox gec olmadan yatıb dincəlirdim. Hazırlıq dövründə özümə çox da əziyyət vermirdim. Fikirləşirdim ki, rejimimi düzgün qursam, nəticəm də yaxşı olar.
700 balın sevinci
- Bu mərhələdə ailənin, dostlarının sənə nə kimi dəstəyi olub?
- Hazırlıq dövründə sinif yoldaşlarımla ünsiyyətim, münasibətlərim normal davam edirdi və ona da vaxt ayıra bilirdim. Dostlarım məni 700 bal toplayacağıma inandırır və məni ruhlandırırdılar. Valideynlərim məni stressə salmamaq üçün 700 bal toplamaq tələbini qarşıma qoymurdular. Lakin onların da çox istədikləri bir nəticə idi. Valideynlərimin məndən öncə bacımın təhsili ilə bağlı artıq müəyyən təcrübələri var idi. Həmçinin atam riyaziyyat müəllimim olub.
- İmtahan suallarının səviyyəsi, çətinlik dərəcəsi barədə nə deyə bilərsən?
- İmtahan sualları hər bir hazırlıqlı abituriyentin cavablandıra biləcəyi səviyyədə idi. Sınaq imtahanlarındakı sualların modeli ilə uyğunluq təşkil edirdi. Bununla belə, mənə elə gəlir ki, sualların çətinlik səviyyəsi artırılsa, daha yaxşı olar. Bu, abituriyentləri qəbula daha ciddi, daha məsuliyyətlə hazırlaşmağa sövq edər.
- Gələcək abituriyentlərə məsləhət və tövsiyələrin maraqlı olardı.
- Hər bir abituriyent qarşısına aydın məqsəd qoymalı, qəbul imtahanına planlı və sistemli şəkildə hazırlaşmalıdır. Yalnız bu halda o, istədiyi nəticəni əldə edə bilər. Bununla yanaşı biz həyat tərzimizi sistemli şəkildə bölsək və asudə vaxtımızdan səmərəli istifadə etsək öz məqsədlərimizə nail olarıq.
Sonda hamını sevindirən uğuruma görə valideynlərim, müəllimlərimlə yanaşı məktəbin direktoru Elçin Məmmədova və sinfimizin rəhbəri İlahə Bağıyevaya təşəkkür və minnətdarlığımı bildirirəm. Onların heç də valideynlərimdən az sevinmədiyini görüb qürur duyur və sevinirəm. Qazanılmış 700 balın sevincini yaşamaq ani sevinc deyil. Bu sevinc məni həyatım boyu izləyəcək. Sevinirəm ki, mənə doğma məktəbdə atalıq, analıq qayğısı göstərən bir insanları bu qədər sevindirə bilmişəm.
Elnarə Günəş,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!