• Ana səhifə |
Subscribe by RSS or RUS
» Gülmək sizə yaraşır

Gülmək sizə yaraşır

Yazar Ismayilli
//
21 mart 2016
//
---
//
Oxunub 378
//
Əziz qadınlar, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə sizi səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, ailə səadəti, xoşbəxtlik arzulayıram. Otuz beş illik ailə həyatımın müxtəlif anlarında yaranmış lətifələrimndən bir neçəsini sizlərə təqdim etməklə üzünüzdə az da olsa təbəssüm yaranacağını düşünürəm:
Gülmək sizə yaraşır
Mənə aldırdın
Aslanın həyat yoldaşı ixtisas dəyişmək üçün yenidən qiyabi oxumalı olur.
Aslan yoldaşına deyir:
- Atangildən bir diplom gətirmişdin, indi yenidən birini də mənə aldırdın.

Məşədi stola kömək elə
Aslan evdə qəzet oxuyanda yoldaşı şüşə silirmiş. Yoldaşı stolun yerini dəyişmək lazım olanda iki-üç dəfə Aslana müraciət edir. Aslan eşitmirmiş kimi qəzet oxumaqda davam edir. Birdən yoldaşı deyir:
- Məşədi, stola kömək elə, yerini dəyişək. Aslan dinməz-söyləməz tez durur və lazımi köməkliyi edir.

Qoy bizimkilər də gəlsin
Bayram axşamı Aslanın həyat yoldaşı qazana düyü tökərkən pəncərəni aralayır. Aslan başa düşür ki, yoldaşı ölənlərinin ruhunu çağırır.
Aslan deyir:
- Bir az geniş aç, qoy bizimkilər də gəlsin.

Axırımıza çıxdın ki
Xeyirli bir iş görəndə Aslan yoldaşına deyir:
- Allah atana, anana rəhmət eləsin!
Yoldaşı cavabında:
- Allah atana, anana, qardaşına, bacına rəhmət eləsin, - deyir.
- Aslan deyir:
- Ay qız saxla! Sən saya-saya axırımıza çıxdın ki...

Baş daşından yaxşıdır
Aslan axşamlar nəşr olunacaq kitabının üzərində işləyir, həyat yoldaşı deyir ki, xeyir ola, nə işlə məşğulsan?
- Başıma gələn əhvalatları yazıram, kitab çıxaracam.
- Kitab sənin nəyinə gərəkdir?
- Bu kitab sizin mənə qoyacağınız baş daşından yaxşıdır, - deyə Aslan cavab verir.

Huri-mələklər
Aslan evdə yoldaşına hər dəqiqə bir qulluq deyir. Növbəti dəfə yoldaşı əyləşən kimi Aslan bir qulluq da buyurur.
- Mən öləndə deyəcəm ki, məni ayrı basdırsınlar, yoxsa sən o dünyada da mənə rahatlıq verməyəcəksən-deyə yoldaşı narazılıq edir.
- O dünyada sənin mənim yanımda nə işin var. Mənim yanımda huri-mələklər olacaq, - deyə Aslan cavab verir.

Başıma görə...
Aslan evlənəndən az sonra onu tikinti idarəsinə müdir qoyurlar. Yoldaşı deyir ki, ayağım uğurlu oldu, səni müdir qoydular.
- Sənin ayağının uğuruna görə qoymadılar e, mənim başıma görə müdir qoyublar, - deyə Aslan cavab verir.

Nə sözün var özümə de...
Bir gün Aslanın yoldaşı pianoda “Arşın mal alan“ operasından “Gülçöhrənin ariyası”nı çalır. Aslan onu saxladıb deyir:
- Mən elə burdayam da, nə sözün var özümə de. “Əsgərin ariyası”nı bilmirəm ki, sənə cavab verim.

On manatlıq alardın
Aslan yoldaşı ilə hüzrə gedəndə səkkiz manatlıq qənd-çay, düyü alır. Yoldaşı deyir ki, heç olmasa on manatlıq alardın.
- İki manatlıq da ağlayarsan, yenə olur on manat, - deyə Aslan cavab verir.

İndi yandırdım
Evdə mübahisə olan kimi həyat yoldaşı Aslana deyərmiş: “Sən məni yandırdın”.
Bir gün qaynaqçı həyətin dəmir qapısına dəstək qoyanda Aslan yoldaşını çağırır:
- Bir gör, dəstək necədir ?
Yoldaşı təzəcə qaynaq edilmiş əlcəkdən tutanda əli bərk yanır.
Aslan deyir :
- İndiyədək yandırmamışdım, indi yandırdım. Daha nə istəyirsən de.

Şəkər Aslan
Bir müddət Aslanın səhhətində narahatlıq olur, yoldaşı təkidlə onu həkimə aparır. Analizlərin cavabı şəkər xəstəliyini göstərir. Həyat yoldaşı xeyli məyus olur. Aslan onun könlünü almaq üçün deyir:
- Narahat olma. Axır ki, İsmayıllıdan da bir Şəkər Aslan çıxdı.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!