• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Dini qurumlarla işin müasir və peşəkar təşkili ilə bağlı seminar-müşavirə

Dini qurumlarla işin müasir və peşəkar təşkili ilə bağlı seminar-müşavirə

Yazar Ismayilli
//
04 mart 2016
//
//
Oxunub 979
//
Ümummilli lider Heydər Əliyev çıxışlarının birində qeyd etmişdir ki, Azərbaycan xalqının mənsub olduğu İslam dininin mənəvi dəyərləri bizim üçün həmişə dayaq, ilham mənbəyi olmuş, bizə həmişə güc vermişdir. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanması Ulu öndərin adı ilə bağlıdır. Dövlət-din münasibətləri sahəsindəki siyasəti cənab İlham Əliyev uğurla davam etdirir, ölkəmizdə tolerantlıq mühiti daha da möhkəmlənir, Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzinə çevrilir. Son vaxtlar dövlət tərəfindən məsələyə daha ciddi münasibət göstərilir. Dünyada dini ayrı-seçkiliyin gücləndiyi, dini və məzhəb ayrılığı zəminində qarşıdurmanın baş alıb getdiyi bir vaxtda Azərbaycanda tolerantlıq, multikulturalizm dövlət siyasətinin tərkib hissəsini təşkil edir.
Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etmişdir. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu məhz 2016-cı ildə Bakıda keçiriləcəkdir.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bu istiqamətdə əsaslı işlər aparır. Qısa zaman kəsiyində multikulturalizm bir fənn kimi ölkəmizin 20 ali təhsil ocağında və 11 xarici ölkə universitetində tədris olunur.
Ölkə başçısının tapşırığına əsasən şəhər və rayon icra hakimiyyətləri strukturunda İctimai-siyasi və humanitar məsələlər şöbəsində müavin-dini qurumlarla işin təşkilatçısı ştatı yaradılmışdır. Yeni qurumun fəaliyyətinin səmərəli təşkili, müasir dövrün çağırışlarına uyğunlaşdırılması, peşəkar səviyyədə təşkili ilə bağlı fevral ayının 12 və 13-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iki günlük seminar-müşavirə keçirildi. Seminar-müşavirə dini qurumlarla işin müasir elmi yanaşması məsələlərinə həsr olunmuşdu.
Seminar-müşavirəni giriş sözü ilə Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev açdı. İki gün davam edəcək seminar-müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarına zəruri məlumatlar verildi, fəaliyyətlərinin peşəkar səviyyədə təşkilinə dair müzakirələr aparıldı.
Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Milli-mənəvi dəyərlərin təbliği və tolerantlıq mühitinin formalaşmasında vətəndaş cəmiyyəti təsisatlarının rolu”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan Respublikasında dövlət-din münasibətləri və əsas istiqamətlər”, Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev “Azərbaycanda dövlət-din münasibətlərinin qanunvericilik bazası” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev “Azərbaycan multikulturalizminin inkişaf perspektivləri” Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Dini radikalizmə qarşı mübarizədə hüquq-mühafizə orqanlarının rolu və fəaliyyətinin əlaqələndirilməsi” Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Baş İdarəsinin rəisi İsmayıl Bağırov “Dövlət din məsələlərinə milli təhlükəsizlik konteksindən baxış”, BDU-nun İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev “Azərbaycanda İslam: tarixçilik və müasirlik” mövzularında məruzə etdilər.
Seminar-müşavirə iştirakçıları Bakı şəhərində 2012-2014-cü illərdə inşa edilmiş möhtəşəm Heydər məscidini də ziyarət etdilər. Ziyarətçilərə məruzə olundu ki, 12 min kvadratmetr sahədə salınan məsciddə 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Məscidin ümumi sahəsi 4200 kvadratmetrdir. Məscidin daxilində və xaricində zəngin bəzək elementlərindən, ornamentlərdən istifadə olunub. Günbəzin kənarlarında Quran Ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, eyni zamanda hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.
Seminar-müşavirədə çıxış edənlər qeyd etdilər ki, din cəmiyyət üçün çox həssas, elmi yanaşma tələb edən məsələdir. Azərbaycanda din siyasətinin əsasında Heydər Əliyev ideologiyası durur. Azərbaycan əhalisinin 96 faizini İslam dininin daşıyıcıları təşkil edir. Ölkəmizdə 2166 məsciddən 1500-ü gündəlik ibadət üçün açıqdır.
Seminar-müşavirədə milli-mənəvi dəyərlərin təbliğində ən önəmli rolun KİV-nə məxsus olduğu, Azərbaycanda 3 minə yaxın QHT-nin, 50-dək siyasi partiyanın, 200 qəzet və 100-ə yaxın jurnalın, 50-dən çox televiziya və radio kanalının, 300-dən artıq fəal internet-informasiya resurslarının dini maarifləndirmə sahəsində əsaslı işə cəlb olunmasının vacibliyi vurğulandı. Qeyd edildi ki, Azərbaycan əhalisinin təxminən 70 faizi şiə, 30 faizi isə sünnidir. Tarixən ölkəmizdə bu məzhəblər arasında heç vaxt münaqişə və ya anlaşılmazlıq olmayıb. Bəzi qüvvələr buna cəhd etsələr də boşa çıxıb. Milli-mənəvi dəyərlərimizin əsas tələblərindən birini vahid dövlətə mənsubluq hissi təşkil edir. Ölkədə yaşayan digər xalqların dininə, milli mənsubiyyətinə hörmətlə yanaşılır.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini fəaliyyət sahəsində dövlət siyasətini uğurla həyata keçirir. Konstitusiyamızın 48-ci maddəsində dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması nəzərdə tutulub.
Qeyri-ənənəvi dinlərə və radikal dini cərəyanlara qarşı mübarizə tədbirlərinin metod və üsulları seminar-müşavirənin əsas məzmununu təşkil edirdi. Tolerantlığın, dini, milli, irqi dözümlülüyün Azərbaycan xalqının min illər ərzində formalaşmış xarakterik xüsusiyyətlərindən olduğu hər bir məruzəçi tərəfindən sadə, anlaşıqlı şəkildə müşavirə iştirakçılarına çatdırıldı. Qeyd edildi ki, ideya müəllifi dövlət başçısı olan tolerantlıq və multikulturalizm təkcə sözdə deyil, praktikada da öz təsdiqini tapmışdır. Bu gün Azərbaycan tolerantlığa və multikulturalizmə nümunə bir ölkədir, dünyaya bir mesajdır.
Seminar-müşavirə iştirakçılarının Qafqaz müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadə ilə görüşü də çox maraqlı və məzmunlu bir xarakter daşıdı. İştirakçılara “Qurani-Kərim” və digər dini məzmunlu ədəbiyyat paylandı.
Hazırda rayonumuzda da bu istiqamətdə əsaslı tədbirlərin keçirilməsinə hazırlıq işləri gedir. Azərbaycan dünyada, İsmayıllı isə respublikada tolerantlıq, multikulturalizm məkanı kimi tanınır.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!