• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İmkanlardan istifadə edilməlidir

İmkanlardan istifadə edilməlidir

Yazar Ismayilli
//
30 yanvar 2016
//
//
Oxunub 496
//
İmkanlardan istifadə edilməlidir

Yanvar ayının 16-da rayonun Uşaq kitabxanasının konfrans zalında idarə, müəssisə rəhbərlərinin, hakimiyyəti təmsil etməyən nüfuzlu ahılların iştirakı ilə toplantı baş tutub. Tədbirə İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov da iştirak edib. Toplantı iştirakçıları rayonun gələcək perspektivləri, mövcud imkanları və onların işə salınması yolları haqqında fikir mübadiləsi etmək qərarına gəliblər. Bu barədə İsmayıllı bələdiyyəsinin üzvü Rövşən Şirəliyev ətraflı məlumat verib. Aşağıda onun çıxışının xülasəsini diqqətə çatdırmağa çalışacağıq:
- Dünyanı iqtisadi böhranın bürüdüyü bir zamanda rayonda ictimai asayişin qorunması çox vacibdir. Bunun üçün xalq hakimiyyətlə birlikdə olmalı, əhali arasında izahat işləri genişləndirilməlidir.
Müasir zamanda bütün sahələrdə problemlər mövcuddur. Bu da adamların yaşam tərzinə mənfi təsir göstərir. Narazılıqlar da buradan qaynaqlanır. Ticarətdəki bahalaşma, banklardan götürülmüş kredit faizlərinin qalxması adamları daha çox narahat edən amillərdəndir. İmkansız ailələr, iş tapa bilməyənlər daha çox əziyyət çəkməli olurlar. Belə ailələrə yardım etmək vacibdir. Bu yardım dövlət qurumları ilə birlikdə həyata keçirilməlidir. Bu işdə müxtəlif fondların yaradılması və ora gənclərin cəlb edilməsi işin xeyrinə olardı. Aztəminatlı ailələrin uşaqları dəftər-kitab ala bilmədiyi üçün məktəbə gedə bilmirlər. Onlara yardım məqsədilə fondun yaradılması məsələsi qaldırıldı. Gənclər belə işdə öncül olmalıdırlar. Bu istiqamətdə işlərə başlanmışdır.
Həmin tədbirdə iş yerlərinin açılması, torpaqlardan səmərəli istifadə edilməsi barədə geniş söhbət getdi. Məlum məsələdir ki, yeni iş yerlərinin açılması o qədər də asan məsələ deyil. Burada sahibkarlığın inkişafı öz sözünü deyə bilər. Çox təəssüf ki, rayonumuzda bu istiqamətdə işlər heç də istənilən səviyyədə deyil. Rayonumuzun imkanlı insanları var, ancaq onların heç biri vəsait qoyub öz həmyerliləri üçün istehsal müəssisəsi açmayıb.
Yeri gəlmişkən, bir haşiyə çıxmaq istərdik. Bir neçə il öncə həmyerlilərimizdən bir nəfəri bir müəssisə açmaq məqsədilə rayonun əlaqədar təşkilatlarına müraciət edib. Ona elə bir rəqəm oxuyublar ki, həmin sahibkar o gedən olub. Vəziyyəti belə görən digərlərinin də gözü qorxub və onlar da belə fikirdən vaz keçiblər. Necə deyərlər, ilan vuran ala çatıdan da qorxar. İnsafən, qeyd edə bilərik ki, indi belə hallar arxada qalıb. Ancaq xof hələ də qalmaqdadır. İndi həmin adamları belə işlərə cəlb etmək çox faydalı olardı. Sahibkarlara tikinti işləri aparmağa imkanlar yaradılmalı, onlara hər cür köməklik göstərilməlidir.
İsmayıllıda yerli imkanlardan tam istifadə edilmir desək heç də səhv etmərik. Bunu hər bir yerli sakin təsdiq edə bilər. Elə söhbət açdığımız toplantıda da bu barədə geniş söhbət getdi. Götürək torpaqdan istifadə edilməsini. Nə qədər əkinə yararlı istifadəsiz qalmış torpaqlarımızı kol-kos, alaq basıb. Bu gün iş axtaran gənclər çayçılarda, parklarda oturub qeybət qırmaqdansa, həmin torpaqlardan icarəyə götürüb bostançılıqla məşğul ola bilərlər. Məsələn, kartof, kələm və digər bostan bitkiləri əkib becərmək olar. Bu sahə ilk ilindəcə gəlir verir və həm də o qədər vəsait tələb etmir. Gənclər ancaq fabrik, zavod işi, dövlət qulluğu axtarırlar. Axı rayonumuzda nə qədər dövlət müəssisəsi var ki, bu gənclərin hamısına iş yeri olsun? Həmin gənclərin yüngül işə qaçmaq meylləri heç də xoşagələn deyil. Torpaq heç vaxt heç kəsi ac qoymayıb, yetər ki, onu əkib becərəsən.
Təəssüf ki, müasir gənclərin böyük əksəriyyəti bunu özünə qəbahət sayır. Bu işlə məşğul olanlara rayon təşkilatları istənilən köməyi etməyə (torpaq sahəsinin ayrılması, şumlama, toxum və sair məsələlərdə) hazırdır. Söz gənclərindir. Acınacaqlı haldır ki, rayonumuzda bir çoxları həyətyanı torpaq sahələrində də tərəvəz becərməyə tənbəllik edir. Bir dəstə göyərti almağa bazara qaçır. Sağ olsun göyçaylılar və başqa yerlərdən gələnlər bu cəhətdən bizi təmin edirlər. Bu işdə ismayıllıların əsas xidməti başqa yerlərdən gələnlərdən aldıqları göyərtilərin dəstələrini üç-dörd yerə bölüb satmaqdan ibarətdir.
Bir vaxtlar İsmayıllı kəndinin Aşağıbaş adlanan hissəsində kələm yetişdirilərdi. Bu kələm adla idi. Oradan bazara çıxarılan kələm əlüstü satılırdı. Sonra digər kəndlərdən gələn kələmi almağa başlardılar. Xeyir-şər üçün əvvəlcədən sifariş verilərdi. Demək olar ki, rayonun yarısını kələmlə təmin edərdi bu kənd. Bəs indi niyə yoxa çıxdı bu məhsul?!
İsmayıllı meşə sərvətləri ilə - dərman otları, giləmeyvələrlə zəngindir. Doğrudur, az da olsa, bu nemətlərdən faydalananlar var. Sovet dönəmində tədarük idarəsi adlı bir təşkilat fəaliyyət göstərirdi. Bu təşkilat əhalidən yun, gön, dəri, yumurta, meyvə və sair tədarük etməklə yanaşı, müxtəlif dərman bitkiləri də tədarük edirdi. Əhali meşələrdən topladığı giləmeyvələrdən, dərman bitkilərindən xeyli qazanc əldə edirdi. Digər bir səmərəsi də ondan ibarət idi ki, adamlar bu məqsədə xidmət edən xüsusi mağazadan xaricdən gətirilmiş hər növ sənaye malı və paltar ala bilirdilər. O zamanlar rayon mərkəzində yerli meşə materiallarından stul, parket istehsal edən sexlər fəaliyyət göstərirdi. İndi onlardan əsər-əlamət qalmayıb. Əslində indi meşələrimizdə həmin məhsulları istehsal etməyə yararlı ağaclar da qalmayıb. Ayrı-ayrı işbazlar həmin materialları maşın-maşın istədikləri yerlərə daşıdılar. Sapı özümüzdən olanlar da bu işdə onlara köməkçi oldular.
Etiraf etmək lazımdır ki, dağ kəndlərimiz get-gedə boşalmaq üzrədir. Gənclər iş axtarmaq məqsədilə başqa yerlərə gedirlər. Halbuki, elə buradaca kiçik fermer təsərrüfatları yaradıb gəlir əldə etmək mümkündür. Yuxarıda qeyd etdik ki, yerli orqanlar bu iş quranlara hər cür kömək etməyə hazırdır. Bəs niyə bu gənclər yerli imkanlardan istifadə etmirlər?
Vaxtilə rayonda su ilə və elektriklə işləyən dəyirmanlar fəaliyyət göstərirdi. Hərə becərdiyi buğdanı bu dəyirmanlarda üyüdüb ailəsini çörəklə təmin edirdi. Dəyirmanlar istifadəsiz qaldı, baxımsızlıq üzündən yararsız hala düşdü. Bu dəyirmanların işə salınmasının səmərəsini hər kəs başa düşər.
Toplantıda toy və yas mərasimlərindəki israfçılıqdan, bu mərasimlərin sadələşdirilməsi məsələlərindən də geniş söhbət açıldı. Bu işlərlə bağlı əhali arasında geniş, hərtərəfli təbliğat aparılmalıdır. Ziyalılar, dini məsələlərlə məşğul olanlar öz sözlərini deməlidirlər.
Səhiyyə, iaşədə, ticarətdə xidmətlərdən şikayətlər çoxdur. Bəzi işbazlar qiymətləri süni yolla qaldıraraq əhalini narazı salır. Rayonun əlaqədar təşkilatları bu sahəyə nəzarəti artırıblar, yəqin ki, ticarətçilər lazımi nəticə çıxaracaqlar.
Adətən, magistral yolların kənarlarında yerləşən yaşayış məntəqələri istehsal etdikləri məhsulları yol kənarlarında satırlar. Nədənsə, rayonumuzda bu, adət halını almayıb. Yol kənarlarında yarmarkalar da təşkil etmək olar. Bütün bunlar əhalinin maddi rifahının yaxşılaşdırılmasına xidmət edər. Ümumiyyətlə, rayonumuzda olan imkanlar haqqında yuxarıda söz açdıq. Həmin imkanların işə salınması öz növbəsini gözləyir.
Toplantıda iştirak edən RİH başçısı M.Sadıqov çıxışında həmin imkanlardan daha geniş söhbət açdı, onların həyata keçirilməsi yollarından ətraflı danışdı, hər kəsə hər cür köməklik göstərəcəyini söylədi. Sonra başçı rayonda həyata keçirilən abadlıq, yeni iş yerlərində gedən tikinti işlərindən bəhs etdi.
Toplantıda çıxış edənlər – Qəhrəman Osmanov, Cümşüd Hacıyev, Aslan Aslanov, Bəylər Ağayev rəy və təkliflərini bildirdilər.
Bəybala Babayev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!