• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Uşaqlarda özünə inam duyğusu

Uşaqlarda özünə inam duyğusu

Yazar Ismayilli
//
15 dekabr 2015
//
//
Oxunub 651
//
“İnsanın ətrafında baş verən hadisələri olduğu kimi görməyi, gördüyünü olduğu kimi dərk etməyi, tətbiq etməyi ağılın, ağıllı olmağı isə bəsirət gözünün açıq olmağıdır” deyimi həqiqətdir. Bəsirət gözümüzün açıq olması üçün insan son dərəcə inamlı olmalıdır. Özünə inamı məhdud olan insanlar hər zaman kiməsə oxşamağa çalışır, bu çalışmanın sayəsində özlərini də itirirlər. İnsan özünün şəxsiyyət kimi formalaşmasına inamlı olmalıdır.
Özünə inam hər birimiz üçün önəmli duyğudur. Bu hiss insanın özünə və ətrafındakıların ona verdiyi qiymətdən asılıdır. İnam elə bir duyğudur ki, uşaqlıq dövründən formalaşmağa başlayır, onun inkişafında xüsusi ilə uşaqlıq dövrünün ilk 3-4 yaş arasındakı ana-atanın uşağa təsiri, uşağı necə böyütməsi, uşağın özü haqqında fikirlərinin formalaşmasında inamının yaranmasında son dərəcə önəmlidir. Daha sonra isə hər bir fərddə dostları və sosial əhatəsindən aldığı reaksiyaların nəticəsində özünə qarşı müsbət və ya mənfi fikirlər yaradır. Uşaqlar bəzən dostları və sosial əhatəsi tərəfindən müəyyən haqsızlıqlara və bir növ itələnmələrə məruz qaldıqları zaman uşağın verəcəyi reaksiya daha öncə ailəsi tərəfindən aşılanan inam duyğusunun kifayət qədər olub-olmaması ilə əlaqədardır. Yəni ki, uşaq öz ailəsində yetəri qədər sevilir və qiymətləndirilirsə, ətrafdan gələn mənfi təsirlərdən çox da təsirlənməyəcək, təsirlənsə belə, qısa müddətdə düzgün fikrə gələcəkdir. Amma sevildiyini hiss etməyən, gözlədiyi yaxınlığı və münasibəti görməyən, özünü dəyərsiz hiss edər və özünə inamdan kənar düşər. Özünə inamı əskik olan uşaqlar öz duyğularında, qərarlarında və sosial əhatəsində çətinliklər yaşayırlar. Özlərini hər zaman ətrafındakı insanlardan daha gücsüz zəif hiss edərlər ki, buda onlarda iradənin, özünə inamın yox olmasına gətirib çıxarar.
Bu vəziyyət daha çox məktəb illərində uşağın həyatının digər istiqamətlərinə təsir edir. Bu zaman uşaq müxtəlif istiqamətdə reaksiyalar göstərir ki, ya hər bir şeyə qapalı olur, ya çəkingən olur, ya da ünsiyyət qurmaqda çətinlik yaşayır və yaxud aşırı aqressiv hər bir şeydə problem yaradan davranışlar göstərir. Uşağın özünə inam əskikliyindən irəli gələrək ana-ataya bağlılıq, utancaq və özünə qapalı, hər hansı sosial əhatəyə girməkdə çətinlik çəkən, digər yaşıdları ilə ünsiyyət qurmaqda problemlər yaşayan, gec adaptasiya olan, özünü aşağı görən, hər hansı iş tapşırıldıqda o işi bacarmayacağından qorxan, daim ətrafındakı insanlara özünü təsdiq etmək istəyən və bəzən də aqressiv, əsəbi, ətrafındakılarla heç dil tapmayan, tez-tez məktəbdən qaçan, məsuliyyət götürməyən, yalan danışan, hər zaman sevilib sevilmədiyini soruşan, hamıdan mütləq kömək istəyən və s. hallar yaşanır.
Özünə inamın tam olması sayəsində uşaqlar özünü yaxşı hiss edir, işdə müvəffəqiyətli, ictimai həyatda səliqəli və sərbəst davranışlara və rəvan nitqə malik olurlar. Bu cür insanlar hər məqamda özlərindən deyil, həyatlarından razı, dinamik olurlar.
İnamlı uşaqlar gələcəyin dəyanətli valideynləri olacaqdır. Gələcəyimizi sağlam qurmaq üçün uşaqlarımıza evdə hər kəsin bir-birinə güvəndiyini hiss etdirməliyik. Belə bir ailədə böyüyən uşaq hər hansı bir problem yaşadığı zaman çox asandlıqla onu ailəsi ilə paylaşa bilir. Uşaqların bacarıqlı və ya bacarıqsız olduğunu ona onun qəbul edəcəyi şəkildə çatdırmalıyıq.
Davranışımız ilə uşaqlara nümunə olmalıyıq. Övladlarımızda məsuliyyət hissi tərbiyə etməli, hər bir işinə diqqət yetirdiyimizi və yaxşı cəhətlərini dəyərləndirdiyimizi göstərməliyik. Kiçik olsa da, uşağın düzgün davranışlarını təqdir etməliyik. Özünə inam və məsuliyyət hissi güclü olan uşaq özünü hər zaman sayılan, sevilən, önəmli hiss edər.
Elnarə Günəş

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!